Menu

Türkiyədə sərnişin təyyarəsini Soçiyə qaçırmağa cəhd olub - FOTO

08.02.2014, 00:10
Türkiyədə sərnişin təyyarəsini Soçiyə qaçırmağa cəhd olub - FOTO

Türkiyədə Xarkov-İstanbul reysini həyata keçirən sərnişin təyyarəsini qaçırmağa cəhd olub. APA-nın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, 110 nəfər sərnişinin və ekipaj üzvlərinin içində olduğu təyyarədəki sərnişinlərdən biri üstündə bomba olduğunu deyib və təyyarənin Soçiyə istiqamətlənməsini tələb edib.

Pilot təyyarəni İstanbulun Sabiha Gökçən Hava Limanına endirib.

Lakin hələ də üstündə bomba olduğunu deyən şəxs və sərnişinlər təyyarənin içindədir.

Türkiyənin “Pegasus” şirkətinə məxsus olan təyyarəni bomba ilə təhdid edən şəxsin ukraynalı olduğu bildirilir.

Məlumata görə, sərnişinin bu hərəkətindən sonra pilotun mərkəzə verdiyi siqnalla Balıkesirdəki F-16 döyüş təyyarəsi havaya qaldırılıb.

Türkiyənin Nəqliyyat Nazirliyinin hadisə ilə bağlı yaydığı açıqlamada bildirilib ki, Xarkov- Sabiha Gökçen reysini həyata keçirən və “Pegasus” şirkətinə məxsus, içərisində 110 nəfər sərnişinin olduğu təyyarə sərnişinlərdən birinin bomba təhdidindən sonra təhlükəsiz şəkildə Sabiha Gökçen Hava Limanına endirilib.

Nazirlik bildirib ki, təyyarə ətrafında təhlükəsizlik tədbirləri görülüb.

Türkiyənin Doğan Xəbər Agentliyinin xəbərinə görə, təyayrənin pilotlarından biri olan İlyas Karagülle "yaxşıyıq" mesajını verib.

Musavat.com-un NTV-yə istinadən verdiyi son xəbərə görə, hazırda İstanbul valisi Hüseyn Avni Mutlu hadisə yerindədir.

Sabiha Gökçen Hava Limanında əməliyyat qrupu çalışmaları davam etdirir. Əraziyə çoxlu sayda polis və ambulans cəlb edilib.

Bundan başqa bildirilir ki, Sabiha Gökçen Hava Limanda uçuşlar davam edir. Baş verən olay bu uçuşlara heç bir təsir göstərməyib.

AzNews.az "Qazeta Ru - ya istinadən xəbər verir ki, Ukrayna Təhlükəsizlik xidməti "Xarkov - İstambul" aviareysi üzrə uçan təyyarəni qaçırmaq istəyən şəxsin sərxoş vəziyyətdə olmasını təsdiq edib.

"Bu şəxs sərxoş vəziyyətdə olub və pilotların kabinəsinə girməyə cəhd edib. Onu ekipaj sakitləşdirib. Bundan sonra təyyarə uçuş xətti üzrə hərəkət edib və İstanbulda yerə enib. Burada vətəndaş yerli hüquq - mühafizə orqanlarına təhvil verilib", - deyə UTX - dən xəbər verilib.

Habelə qeyd olunub ki, hazırda Ukrayna XİN təyyarəni qaçırmaqda şübhəli bilinən şəxsin həqiqətən Ukrayna vətəndaşı olub - olmamasını dəqiqləşdirməklə məşğuldur.

Türkiyənin bəzi KİV-ləri təyyarədəki bomba təhdidçisinin təslim olduğunu, hazırda hüquq-mühafizə orqanlarının təyyarənin içində araşdırma apardığını bildirsələr də, bununla bağlı hələlik heç bir rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, bu gün Soçidə XXII Qış Olimpiya Oyunlarının rəsmi açılış mərasimi keçirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol