“Aslan İsmayılovu özümə rəqib saymıram. Çünki cəmiyyətdə nüfuz qazana bilməyən birisinin mənimlə mübarizə aparmaq üçün nə savadı, nə də ictimai nüfuzu var.”
Bunları 20 saylı Nərimanov ikinci Seçki Dairəsindən deputatlığa namizəd Adil Əliyev əsas rəqibi Aslan İsmayılovun “AzPolitika” saytında bu gün dərc olunmuş müsahibəsinə münasibət bildirərkən deyib. A.İsmayılov bu müsahibədə Adil Əliyevi özünə rəqib saymadığını bildirib və ona qarşı bəzi ittihamlar irəli sürüb.
Adil Əliyevin gecikməyən cavabında daha sonra deyilir: “Bu necə millət vəkilliyinə namizəddir ki, nə seçki kampaniyası keçirir, nə də seçicilərlə görüşür? Bu işləri görmək bacarığına və qabiliyyətinə malik deyilsə, gəlsin mənim keçirdiyim görüşlərə baxsın, izdihamı müşahidə etsin. Saytlardan birinə verdiyi müsahibədə deyib ki, 2005-ci ildə bütün Bakının resursları 20 dairədə cəmləşmişdi. Bəli, bu belədir və bu dairədə mən onun və İsa Qəmbərin üzərində qələbə çaldım. Çünki seçkiyə hər ikisindən yaxşı hazırlaşmışdım. Seçki məsuliyyətdir, boş-boş danışmaq, sosial şəbəkələrdə roliklər yaymaq deyil”.
A.Əliyev rəqibinin “seçkilər demokratik olsa mənim topladığım səs respublikada bütün dairələr üzrə ən yüksək olar” fikrinə də münasibət bildirib. Sitat: “Deyir ki, guya 20 saylı ikinci Nərimanov dairəsi ərazisində yaşayan seçicilərin çoxu uzun illərdir onun yanına gedirlər. Bu illərdə minlərlə seçici ilə görüşmüşəm, birindən eşitmədim ki, hansısa probleminə görə Aslan İsmayılova müraciət etsin və ondan dəstək alsın. 10 ildir qərargahımda minlərlə vətəndaşı qəbul etmişəm, qəbul günlərim var. Əlimdən nə gəlirsə vətəndaşlara kömək etməyə çalışıram. Bunu özümə borc bilirəm! Bəs o bu vaxta qədər dairəmizin nə qədər insanına kömək edib, kimsəsizlərə və ehtiyacı olanlara yardım əli uzadıb? Mən imkanlı iş adamlarından böyük pullar alıb, onlara hüququ yardım göstərilməsini nəzərdə tutmuram, kimsəsizlərə, ehtiyacı olanlara, müharibə veteranlarına dəstəkdən, köməkdən danışıram. Heç üzərinə götürdüyü işləri də doğru-dürüst sona çatdırmayıb, məhkəmədə hansısa işi uğurla başa çatdırdığını eşitməmişik. Cəmiyyətdə və mediada Azərbaycanda ən uğursuz vəkili kimi “ad” qazanıb”.
Adil Əliyev sonda rəqibinə xəbərdarlıqla yazır: “Aslan İsmayılov sadəcə, mənim başımı qatmağa çalışır. Mən isə ondan fərqli olaraq gündəlik işlərlə məşğulam, seçkiyə hazırlaşıram, seçicilərlə görüşürəm, insanların dərdlərini dinləyirəm, o isə iftiralarına, böhtanlarına davam edir. Sonuncu izdihamlı mitinqimdə Aslan İsmayılovu yenə görüşə dəvət etdim. Aslan İsmayılov özünə belə arxayındırsa, gəlsin camaatın qarşısında çıxış etsin, fikirlərini bildirsin. Bunun əvəzinə sağdan-soldan iftira yağdıracaqsa, buna hər dəfə cavab verməyə mənim nə vaxtım, nə də həvəsim var. Ancaq iftiralarını genişləndirməkdə davam edəcəksə, tutarlı cavablarını da alacaq!”
V.Nəsibov
AzPolitika.info


Şərhlər