İrandan Azərbaycana narkotik vasitə və qadağan edilmiş pereparatlar keçirmək istəyən şəxslər tutulub.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn İran vətəndaşı Iranı Gharehghasemlou Alısaheb Mohammadgholı üzərində şəxsi yoxlama zamanı ondan 20 ədəd metadon adlı həb aşkar edilib.
Metadon adlı həb “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in II Siyahısına daxildir və 20 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,4 qram təşkil edir.
Bundan başqa elə həmin gün Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı Əjdər Abuşovun üzərində şəxsi yoxlama zamanı isə onun daxili orqanından (düz bağırsağından) 3 ədəd bükümdə, xalis çəkisi 113,800qram olan narkotik vasitə - heroin aşkar olunub.
Hər iki faktla bağlı təhqiqat aparılır.
İki gün əvvəl də İrandan ölkəmizə daxili orqanlarında narkotik və psixotrop maddələrkeçirmək istəyən şəxslər saxlanılmışdı.
Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Rafael Qənbərovun üzərində şəxsi yoxlama zamanı onun daxili orqanından (düz bağırsağından) 3 ədəd bükümdə, ümumi xalis çəkisi 106,9 qram olan narkotik vasitə - heroin və 1 ədəd bükümdə, xalis çəkisi 7,98 qram olan narkotik vasitə - həşiş aşkar olunmuşdu.
Elə həmin gün Azərbaycan vətəndaşı Valeh Bədəlovun üzərində aparılan şəxsi yoxlama zamanı onun daxili orqanından (düz bağırsağından) 3 ədəd bükümdə, təmiz çəkisi 15,519 qram olan narkotik vasitə - heroin, təmiz çəkisi 37,206 qram olan narkotik vasitə - tiryək və təmiz çəkisi 6,5 qram təşkil edən psixotrop maddə - metamfetamin aşkar olunaraq götürülmüşdü.


Şərhlər