Deputatlığa namizəd Ədalət partiyasının sədri İlyas İsmayılovun seçki təbliğatına start verildiyi gündən rayona getdiyi xəbər verilir. Namizədin vəkili Ayaz Əfənidiyevin Strateq.az-a bildirdiyinə görə, İlyas bəy seçicilərlə məhəllə-məhəllə, ev-ev gəzərək əlaqə saxlayır, onların problemləriylə maraqlanır:
“İlyas bəyin namizədliyini irəli sürdüyü dairə olduqca qarışıq əraziyə malikdir. Həm Tovuz, həm Qazax, həm də Astafa rayonunun ərazisini əhatə edən ərazidə semkiqabağı təbliğat aparmaq ciddi fəaliyyət tələb edir. Biz də millətin vəkili olmaq adına layiqliyimizi sübut etmək üçün bütün bu zəhmətlərə qatlanmağa üstünlük veririk”.

Ayaz Əfəndiyevin dediyinə görə, dünən onlar Tovuz rayonunun iki kəndində olublar-Ermənistanla həmsərhəd olan Hajalı və Öysüzlü kəndlərində: “Erməni atəşi altında həyatlarını davam etdirən bu kəndin sakinləri üçün onların təmsilçiliyinə iddia edənlərlə görüşünün xüsusi əhəmiyyəti var. Bu qədər təhlükəli həyatın çətinlikləriylə üzləşən kənd sakinlərinə mənəvi dəstək vermək, ən çətin anlarında onlarla bir yerdə olduğunu əyani şəkildə nümayiş etdirmək hər bir Azərbaycan ziyalısını borcudur. Çünki bu kəndlər düşmən qarşısında alınmaz qalamıza çevrilməlidirlər. Sərhədlərimizin qorunması üçün əsgərlərin mühafizəsiylə yanaşı, kəndlərimiz də öz yerlərində möhkəm dayanmalı, düşmənə göz dağı olmalıdır. İlyas İsmayılovun xüsusilə sərhəd kəndlərinə əhəmiyyət verməsinin başlıca səbəbi də budur”.

Namizədin vəkili digər rəqiblərinin bu məsələyə ciddi diqqət ayırmadığından da gileyləndi. O xüsusilə hakimiyyətin adamı kimi qarşılarına çıxarılan digər namizədin seçicilərlə görüşünün olduqca süni alındığını, qanuna zidd şəkildə icra hakimiyyəti orqanları tərəfindən təşkil olunmasına baxmayaraq, uzağı bir neçə dəqiqə sürdüyünü və üzəvari kampaniya aparıldığını bildirdi.
Ayaz Əfəndiyev onu da qeyd etdi ki, bu gün Tovuz şəhərindəki “Konserv zavodu” ərazisində və Qazıqulu kəndində seçicilərlə görüşəcəklər.



Şərhlər