"Eldar Mahmudovun və onun kassiri Akif Çovdarovun qruplaşmasının toruna düşən biznesmenlər azadlığa buraxılmaq, MTN-in təcridxanasından çıxmaq üçün milyonlar ödəyirdilər"
Məlum olub ki, Azərbaycanın milli təhlükəsizliyinə cavabdeh olan Eldar Mahmudov və bir qrup MTN-in yüksək rütbəli şəxsləri vəzifə səlahiyyətlərindən sui-istifadə edərək quldurluq, soyğunçuluq, iş adamlarına qarşı qanunsuz tələbetmələr və bu kimi cinayətlər törədiblər. Onların fəaliyyəti uzun müddət araşdırılıb, dəfələrlə Eldar Mahmudova baş verənlərlə bağlı xəbərdarlıq edilib. Nazirə hətta konkret faktlar üzrə törədilən cinayətlərin arxasında onların durduğu ilə bağlı şübhələr çatdırılıb. Məsələ o yerə çatıb ki, prosesə Azərbaycanın prezidenti şəxsən müdaxilə etməli olub. Hətta Eldar Mahmudov ölkə başçısı İlham Əliyevə yalan danışmaqdan belə çəkinməyib.
Prezidentin xüsusi tapşırıqlarından sonra aparılan araşdırmalar nəticəsində məlum olub ki, Eldar Mahmudov başda olmaqla nazirliyin bir qrup yüksək rütbəli əməkdaşları, əsasən general-mayor Teymur Quliyev, antiterror mərkəzinin rəis müavini İlqar Quliyev, MTN-in monitorinq mərkəzinin əməkdaşı Natəvan Məmmədova, o cümlədən, nazir müavini, general-leytenant Hilal Əsədov, general-mayor Akif Çovdarov və digər şəxslər uzun müddətdən bəri Azərbaycanda iş adamlarına qarşı xüsusi qurğular qurmaqla cinayətlər törədiblər. Onlar bu yolla milyonlarla manat vəsait mənimsəyiblər. Hazırda adıçəkilən şəxslərin bir qrupu həbs edilib, Eldar Mahmudov başda olmaqla Akif Çovdarov, Hilal Əsədov və digər generallar nəzarətə götürülərək əməlləri araşdırılır.
Baş verənlərlə bağlı dövlət qurumlarının dolğun açıqlamasının yayaılacağı gözlənilir. Hazırda proses prezident İlham Əliyevin birbaşa nəzarətindədir və intensiv olaraq dövlət başçısına araşdırmalarla bağlı məruzələr edilir.
Qeyd edək ki, dünən prezident bu olayla bağlı Dövlət Təhlükəsizlik Şurasının iclasını keçirərək xüsusi tapşırıqlar verib.
-----
Bununla bağlı hakimiyyətə yaxın qaynaqlardan virtualaz.org saytına da sensasion məlumatlar verilib. Məlumata görə, məhz MTN ölkədə kiçik və orta biznesin dirçəlməsinə, inkişafına qarşı əsas cəza qılıncına çevrilmişdi. Nazir Eldar Mahmudovun göstərişi, nazirliyin Antiterror Mərkəzinin rəisi Elçin Quliyevin, nazir müavini Hilal Əsədovun, habelə nazirin şəxsi “kassiri” Akif Çovdarovun və digərlərinin fəal iştirakı ilə dinləmə qurğularının köməyi ilə ölkənin biznes-elitasının, habelə orta biznesin tanınmış nümayəndələrinin fəaliyyəti izlənilib.
Sonra bu biznesmenlər barədə kompromat xarakterli materiallar toplanılıb. Bundan sonra MTN-in əməliyyat qrupu rəhbərliyin göstərişi və Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyevin şəxsən iştirakı ilə biznesmenlərin qanunsuz həbslərini həyata keçirib. Söhbət de-fakto sanksiyasız həbslərdən, biznesmenlərin “haqq” alınması üçün girov götürülməsindən və ciddi korrupsiyadan gedirdi.
Biznesmenləri MTN-in təcridxanasında həftələrlə, bəzən aylarla saxlayırdılar. Onların barəsində həbs tədbirinin dəyşdirilməsi üçün hər biznesmendən 350 min manat alırdılar.
Sonra Eldar Mahmudovun və onun kassiri Akif Çovdarovun qruplaşmasının toruna düşən biznesmenlər azadlığa buraxılmaq, MTN-in təcridxanasından çıxmaq üçün milyonlar ödəyirdilər.
MTN generalitetinin cinayətkar və qanunsuz fəaliyyəti müstəqil biznesin boğulmasına, ölkə iqtisadiyyatının müxtəlif sferalarının inhisara alınmasına yönəlmişdi.
Sahibkarlar təbəqəsinə qarşı yırtıcı hücumlar ağır nəticələrə gətirib çıxardı – yüzlərlə biznesmen talan edildi, onların biznesi MTN rəhbərliyinin şəbəkəsi tərəfindən qəsb olundu.
Son vaxtlar yüzlərlə sahibkar üzləşdikləri bu quldurluq və soyğunçuluq əməlləri ilə bağlı ölkə prezidenti İlham Əliyevin adına teleqramlar və məktublar göndərirdi. Və dövlət başçısının şəxsi tapşırığı ilə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi xüsusi xidmət strukturunun rəhbərliyini nəzarət altına aldı. Nəticələr isə özünü çox gözlətmədi.
Böyük hesabla İlham Əliyevin Nazirlər Kabineti ilə bu günlərdə keçirdiyi iclasda etdiyi çıxış sahibkar sinfinə qarşı qanunsuz mübarizəyə girişmiş güc strukturları üçün sonuncu xəbərdarlıq idi.
İlham Əliyev sahibkarlardan qanunsuz haqq yığılmasını dayandırmağı və onların qanuni vergiləri ödəməsini təmin etməyi tapşırdı.
“Deməliyəm ki, yoxlamalarla bağlı çoxsaylı şikayətlər daxil olur. Yoxlamaların sayı kifayət qədər çoxdur, yoxlayan təşkilatlar isə sanki bir-biri ilə yarışa giriblər. Bu, dözülməzdir”- prezident İlham Əliyev bəyan etdi.
Dövlət başçısı MTN rəhbərliyinin törətdiyi cinayətlərin əsl miqyasını da üstüörtülü də olsa ictimaiyyətdən gizlətmədi.
“Yoxlamaların əksəriyyətinin arxasında maddi maraq dayanır. Yoxlayanlar gəlir, nəyisə yoxlayır, yaxud heç yoxlamır, ancaq sonda öz haqqını alıb gedir. Bütün bunlar reallıqdır. Heç kim üçün sirr deyil. Buna son qoymaq lazımdır. Ona görə də qısa müddət ərzində bu yoxlamalar barədə mənə hesabat verin, kim bu yoxlamaları aparır, ildə neçə dəfə aparır və niyə aparır. Burada hər şey sistemli olmalıdır. Müəyyən şərtlər qoymaq lazımdır ki, kim və hansı müddət ərzində yoxlaya bilər. Ümumiyyətlə, biz bu yoxlamaların sayını kəskin azaltmalıyıq”- deyə prezident çıxışında bildirdi.
Dövlət başçısı hökumət üzvlərini onların qanunsuz fəaliyyətinin yolverilməzliyi barədə xəbərdar etməyə imkan tapmamışdı ki, cəmi bir neçə gün əvvəl Şəmkirdə Akif Çovdarovun təşəbbüsü ilə 20 nəfər yaxın biznesmen saxlanıldı. Bu biznesmenlərin hamısı MTN-in təcridxanasına salınıb, onlara amansız işgəncə verilib və qeyri-insani rəftara məruz qoyulublar.
MTN rəhbərliyinin adından biznesmenlərlə söhbət aparan Akif Çovdarov onların hər birindən 400 min manat tələb edib. Biznesmenlərin bu pulu ödəyib azadlığa çıxmaqdan başqa yolu qalmayıb.
Lakin onlar baş verənlər barədə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə danışıblar. Və bu informasiya dövlət başçısına məruzə edilib. Görünür, bu, hakimiyyətin səbrini daşıran sonuncu damla olub.

Şərhlər