Xarici KİV-in məlumatına görə, Sudan neft ixrac edən ölkələrin təşkilatına (OPEK) üzv olmaq üçün müraciət edib və kartelin razılığını gözləyir. Bu barədə bu gün jurnalistlərə Sudanın neft naziri Mohəmməd Zaid Avad bəyan edib (Rosbalt).
«Biz artıq müraciət etmişik və qərarı gözləyirik» - deyə, nazir bidirib, amma sifarişin nə vaxt verildiyi məsələsinə aydınlıq gətirməyib.
Avadın bildirdiyinə görə, indi hər şey OPEK-dən asılıdır: «İndiki halda bizim tam üzvlüyümüz yoxdur (kartelə - red.). Gözləyirik ki, nə vaxt OPEK-in tamhüquqlu üzvü olacağıq» - deyə, Avad əlavə edib («RİA Novosti»).
«Neftin indiki qiymətləri Sudanı qane edirmi?» sualına cavab verən nazir deyib ki, onun ölkəsi hələlik OPEK üzvü olmadığı üçün qiymətlərin tənzimlənməsində iştirak edə bilmir və indiki halda öz gəlir-çıxarına nəzarət etməklə qənaətlənməyə məcburdur.
Məlumat üçün bildirək ki, Sudan, Afrika qitəsində üçüncü böyük neft hasilatçısı hesab olunur. Ölkə OPEK-ə üzv olmaq məsələsini hələ 2006-cı ildən müzakirə etsə də, hələ ki, kartelə daxil olmaq yönündə real addımlar atmayıb. Hal-hazırda kartelə 12 dövlət daxildir: İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı, Venesuela, Qətər, Liviya, Birləşmiş Ərəb Əmirlikləri, Əlcəzair, Nigeriya, Ekvador və Anqola.
AzPolitika.info


Şərhlər