Gürcüstan prezidenti Georgi Marqvelaşvili Rusiyanın "Qazprom" şirkəti ilə əməkdaşlığı yenidən müzakirə etməyi tələb edir.ANS PRESS-in məlumatına görə, o, rus şirkəti ilə əməkdaşlıq məsələsinin aydınlaşmasını istəyir. Çünki indiyədək bu əməkdaşlığın perspektivləri haqqında tam dolğun təsəvvür yoxdur.
Sentyabr ayında Gürcüstanın energetika naziri Kaxa Kaladze "Qazprom" nümayəndələri ilə görüş keçirib.
Həmin görüşdən sonra gürcü nümayəndələri bildiriblər ki, əgər Rusiya Azərbaycanqazından daha sərfəli qiymət təklif edərsə, Rusiyadan alınan qazın həcmini artıra bilərlər.
Kaxa Kaladze - Gürcüstanın energetika naziri
Lakin gürcü hakimiyyətindən fərqli olaraq, ölkə müxalifəti və kütləvi informasiya vasitələri Gürcüstan hakimiyyətinin rus şirkəti ilə danışıqların dayandırılmasının tərəfdarıdır. Bu səbəbdən onlar bu bəyanatı kəskin tənqid ediblər.
Rusiya ilə müzakirələrdən sonra Gürcüstan müaxlifəti "Qazprom"la danışqların dayandırılması üçün mütəmadi olaraq etiraz aksiyaları keçirir.
Gürcüstan prezidentinin müşaviri Pikriya Çixradze isə bildirib ki, "Qazprom"la əməkdaşlıq haqqında tam dəqiq strategiya yoxdur. "Biz bu məsələ ilə bağlı yüksək rütbəli məmurlardan çoxlu ziddiyyətli bəyanatlar eşitdik. Ona görə mühüm strateji məsələ haqqında məlumat əldə etmək istəyirik. Bu səbəbdən bizi çağırıblar ki, müəyyən yüksək rütbəli şəxslərlə danışıqlar aparaq və vəziyyəti müəyyənləşdirək. Çünki bu cür danışıqlar çox olsa da, biz dəqiq təsəvvür əldə edə bilməmişik. Odur ki, bizim hakimiyyətin iclasında "Qazprom" məsələsini müzakirə etmək tələbimiz qüvvədədir", - deyə prezidentin müşaviri bildirib.
Bir müddət əvvəl Gürcüstanın energetika naziri Kaxa Kaladze ölkəsinin qaza olan tələbatının ilbəil artdığını bildirib. Bu səbəbdən də Gürcüstanın Rusiyanın "Qazprom" şirkəti ilə danışıqlar aparacağını qeyd edib.
"SOCAR Georgia"nın baş direktoru Mahir Məmmədov isə çıxışlarının birində qeyd edib ki, Azərbaycan Gürcüstan əhalisinin qaza olan tələbatını tam ödəyə bilər və demək olar ki, bu ehtiyacı tam ödəyir. O, hər gün Gürcüstana 5 milyon kub metr qaz çatdırıldığını, bundan əlavə Şahdəniz yatağından da 1 milyon kub metr qaz ötürüldüyünü bildirib.
"Gürcüstanın gündəlik qaz istehlakı 6,2 milyon kub metrdir. Odur ki, biz əhalinin qaz ehtiyacını, demək olar ki, tam ödəyirik", - deyə "SOCAR Georgia"nın baş direktoru Mahir Məmmədov əlavə edib.


Şərhlər