ELDAR MAHMUDOVUN AFRİKADAKI BİZNESİ -“Zamin Bank”la hər gün ölkədən 50 milyon çıxarıblar

“MTN işi” daha iki nazirliyi silkələyir

Eldar Mahmudovun nazir vəzifəsindən çıxarılması ilə Milli Təhlükəsizlik Nazirliyində başlamış hadisələrdən 1 həftə ötdü. E.Mahmudovun istefaya göndərilməsi ilə MTN-də başlamış həbslər, bu strukturda ciddi kadr dəyişiklikləri davam edir. Məlumatlara görə, nazirliyin rəhbər kadrlarının yarıdan çoxu, o cümlədən şöbə rəisləri, rayon MTN-in rəisləri artıq işdən uzaqlaşdırılıb. Müstəqil Azərbaycan tarixində ilk dəfədir ki, hansısa nazirlikdə bu qədər total şəkildə, həm də səbəbi tam izah edilmədən “təmizləmə” həyata keçirilir.

Təkcə son iki gündə Eldar Mahmudovun “sağ əli” kimi tanınan MTN-in Kadrlar Baş İdarəsinin rəisi, general-mayor Əlimusa Əliyev də daxil olmaqla  Antiterror Mərkəzinin rəis müavini polkovnik Nail Tağızadə, idarə rəisi polkovnik Nazim Lətifov, Kadrlar Baş İdarəsinin yüksək rütbəli əməkdaşı Aysel Əlizadə, o cümlədən nazirliyin bir neçə rayon şöbəsinin rəisi vəzifələrindən azad ediliblər. Amma bu “təmizləmə” təkcə MTN-lə məhdudlaşmır. Eldar Mahmudovun bütün dövlət qurumlarında olan  kadrları hədəfdədir. İş orasındadır ki, sabiq MTN şefi hakimiyyət içərisində o qədər ciddi fiqura çevrilibmiş ki, bəzi nazirliklərdə özünə “nazir müavini”, “idarə rəisi” təyin etdirir və bunu gizlətmirmiş də. İndi isə onların işdən çıxarılması və məsuliyyətə cəlb edilməsi başlayıb. Bu proses gözlənilən idi. 

Eldar Mahmudovun keçmiş iş yoldaşı- “vergi canişini”

 

 

Vergilər Nazirliyinin idarə rəisi, 3-cü dərəcəli dövlət dövlət ədliyyə müşaviri Vidadi Məmmədov vəzifədən çıxarılaraq “MTN işi” ilə bağlı Baş Porokurorluğun başladığı istintaqa cəlb edilib. V.Məmmədov bu ilin avqust ayında Vergilər Nazirliyində geniş səlahiyyətlər verilmiş Cinayət xarakterli vergi hüquqpozmalarının təhlili və vergi borclarının alınması işinin təşkili baş idarəsinə rəis təyin edilib. İddiaya görə, o da MTN-in təlimatları əsasında iş adamlarını soyurmuş. V.Məmmədov iş adamlarını öz otağına çağıraraq istədiyi rüşvəti ala bilmədiyinə görə qandallatdıra da bilirmiş. V.Məmədovun rəhbərlik etdiyi yeni idarə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin, borcluların əmlakına həbs qoyulmaq kimi geniş səlahiyyətlərə sahib olub.

“Yeni Müsavat”ın məlumatına görə, V.Məmmədovun istintaqa cəlb edilməsi və mümkün həbsi vergilər naziri Fazil Məmmədovun hakimiyyətdə laxlamış mövqeyinə təsir edəcək, iş adamlarının MTN-də incidilməsindən nazirin nə qədər məlumatlı olması araşdırılacaq. Hər halda barəsində çoxsaylı şikayətlər olan V.Məmmədovun niyə cəmi iki ay qabaq daha geniş səlahiyyətli idarəyə rəis təyin edilməsinin hesabı sorulacaq. Bu təyinatda E.Mahmudovla yanaşı vergilər nazirinin də nə qədər marağı olduğu araşdırılacaq.

Vidadi Məmmədovla E.Mahmudovun münasibətləri hələ Daxili İşlər Nazirliyində İqtisadi Cinayətkarlıqla Mübarizə İdarəsində başlayıb, bir yerdə  işləyiblər. Sözügüedən idarə ləğv edildikdən sonra onların yolları ayrılıb, V.Məmmədov Vergilər Nazirliyində  əməliyyatçı vəzifəsinə düzəlib. Amma belə görünür ki, məhz E.Mahmudov sayəsində əməliyyatçı vəzifəsindən Vergilər Nazirliyində ən mühüm posta yüksələ bilib. 

MTN brilyant biznesini necə ələ keçirib - şok xəbər

MTN-in brilyant biznesini monopoliyaya aldığı barədə ötən saylarımızda xəbər vermişdik. Bu mövzuda daha sensasion məlumatlar almışıq. Məlumatlı mənbənin iddiasına görə, MTN brilyant trafikini bir neçə il əvvəl - AZAL-ın təhlükəsizlik xidmətində qalmaqallı həbslərdən sonra nəzarətə keçirib. 2007-ci ildə MTN-in keçirdiyi əməliyyat zamanı AZAL-ın Təhlükəsizlik Xidmətinin rəisi Emil Süleymanov, eləcə də MTN-in Binə Hava Limanındakı şöbəsinin rəisi Rafət Əliyev də daxil olmaqla daha bir neçə nəfər “Rusiyanın xeyrinə casusluq ittihamı” ilə həbs edilmişdilər. Bu iş mediada da ciddi rezonans doğurmuş və günlərcə müzakirə edilmişdi. Mənbə deyib ki, əslində bu həbslərdə məqsəd hava limanında brilyant idxalına nəzarəti ələ götürmək olub. “Çünki onların Rusiyanın xeyrinə işləyib ali dövlət rəhbərliyinin iqamətgahını dinləmək imkanları real deyildi. Onlar nə xarakter etibarilə buna risk edə, nə də bu cür müasir texniki vasitə əldə edə bilməzdilər”, deyə mənbə bildirib. Mənbəmiz daha bir sensasion iddiasında deyib ki, MTN rəhbərliyi hətta brilyant trafikini xaricdən yönləndirmək üçün Xarici İşlər Nazirliyindən səfirlik postu belə almağa nail olub. Qaynağımız bu biznesin yönləndirilməsi üçün daş-qaş ehtiyatları ilə zəngin bir Afrika ölkəsində Azərbaycanın səfirliyini yaratmağa nail olduqlarını deyib. Həmin ölkənin və səfirin adı redaksiyamıza məlum olsa da, bu mövzuda araşdırma apardığımız üçün hələ yazmırıq. Amma mənbə deyib ki, E.Mahmudovun istefaya göndərilməsindən sonra XİN indi həmin Afrika ölkəsindəki səfiri də geri çağırmaq istəyir. Amma onun da siyasi sığınacaq istəməsi ehtimalı olduğundan hələ ki gözləməyə qərar veriblər.

Müqavimət başladı, yoxsa...

MTN-in Antiterror Mərkəzinin qulluq mövqeyindən sui-istifadə etməkdə ittiham olunaraq həbs edilən sabiq rəis müavini, polkovnik İlqar Əliyev apelyasiya şikayəti verib. Virtualaz.org xəbər verir ki, İlqar Əliyev ona qarşı irəli sürülən ittihamlarla razı deyil və barəsindəki məhkəmə qərarından şikayət etməyə hazırlaşır.

Xatırladaq ki, MTN-in 7 əməkdaşına qarşı CM-in 302.2 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham irəli sürülüb. Onlar barədə məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. Ehtimal etmək olar ki, həbs edilənlər əsas fiqurun - Eldar Mahmudovun məsuliyyətdən kənarda saxlanılması ilə razılaşmırlar və bu səbəbdən də müqavimət göstərməyə başlayıblar.

Hər gün 50 milyon pul daşıyan mafiya

 Eldar Mahmudov və dəstəsinin fəaliiyəti iləbağlı musavat.com- un digər məlumatına görə, bu çetenin bank sektoruna da ciddi təsirləri olub. Özlərinin nəzarətlərindəki banklardan əlavə, digər bankların fəaliyyətinə də müdaxilələr ediblər. Məsələn, 2012-ci iliun martında “Texnikabank”la bağlı MTN-in əməliyyatı oldu. Bankı rəhbərliyi həbs edildi, həbs edilməyənlər isə işdən çıxarıldılar. Ardınca “Texnikabank” demək olar ki, yağmalandı. E.Mahmudov bu bankı qudası Cahangir Hacıyevin əli ilə tamailə öz nəzarətinə keçirdi. Ölkənin ən qabaqcıl 5 bankın biri olan “Texnikabank” C.Hacıyevin və onun barbar komandasının əliylə yerlə yeksan edildi. Artıq bu bank demək olar ki, tamamilə müflis edilib. Yada salaq ki, ötən həftə “Texnikabank”ın Müşahidə Şurasının rəhbəri Rövşən İsmayılov öz xahişi ilə tutduğu vəzifədən uzaqlaşıb.

MTN-in sabiq rəhbərliyinin nəzarətində olan banklardan biri də “Zaminbank”dır. Bu banka nəzarəti əsasən MTN-in Transmilli Cinayətkarlıqla Mübarizə İdarəsinin sabiq rəis müavini, hazırda məhkəmənin hökmü ilə 3 aylıq həbs cəzası almış Füzuli Əliyev edirmiş. Onun qardaşı sözügedən bankda filial müdiri vəzifəsində çalışır.

“Zaminbank” adı qara işlərdə hallanan banklardandı. Bu qurum haqda google-də axtarış verdikdə qarşımıza xeyli neqativ tonda yazılmış məqalələr çıxır. O məqlələrdən biri 2012-ci ilin fevralında musavat.com-da dərc olunub. 3 il 8 ay öncə yazılmış həmin məqaləyə göz atdıqda bu gün “MTN işi” ilə bağlı ortada olan xeyli iddialara aydınlıq gəlir. Həmin yazıdan bəzi iqtibasları verək:

-Yazının girişində 18 fevral 2012-ci il tarixli sayımızdakı məqalə haqda söhbət açmışdıq. Bir daha xatırladaq ki, Rusiya hüquq-mühafizə orqanlarının Moskvada keçirdikləri əməliyyat nəticəsində Azərbaycandan qeyri-leqal yollarla nağd şəkildə milyonlarla dollar pul daşıyan bir neçə nəfər saxlanılıb. Yazı işıq üzü gördükdən sonra iqtidara kifayət qədər yaxın olan bir neçə vicdanlı millət vəkilləri, müstəqil iqtisadçılar bu mövzuda bizə bəzi ip ucları verdilər. Onların iddialarına görə, Rusiya üzərindən hər həftə 20-25 milyon dollar daşıyan və bunu offşor şirkətlər üzərindən “yuyaraq”, yenidən Azərbaycanın maliyyə sisteminə soxan bu dəstənin fəaliyyətinin bir ucu “Zamin Bank”a qədər gedib çıxır. İlgili mənbələrin “Yeni Müsavat”a sızdırdığı bilgilərdə deyilir ki, Moskvada keçirilən əməliyyatdan sonra Azərbaycandan nağd şəkildə, kisələrdə milyonlarla dollar pulun daşınması nəinki dayanmayıb, hətta azacıq da olsa, səngiməyib. Qaynaqlarımız deyir ki, “Zamin Bank” vasitəsilə hər gün 10 milyonlarla pul Bakıdan MDB ölkələrinə, həmçinin Türkiyəyə və Dubaya daşınır. Bəzi mənbələrin iddiasına görə isə “Zamin Bank” vasitəsilə Azərbaycandan hər gün qaçaq yollarla ən azı 50 milyon dollar nağd vəsait xaricə aparılır”.

Burada yada MTN-in hava limanı şöbəsinin sabiq rəisi Pərviz Vəliyev düşür. 23 oktyabr sayımızda P.Vəliyevin istintaqa cəlb olunması haqda məlumat vermişdik. Birgün sonra isə onun vəzifəsindən çıxarldığı və həbs edildiyi xəbəri yayıldı. İlkin məlumatlara görə, P.Vəliyevin işdən çıxarılması və saxlanılması Azərbaycandan qanunsuz və gizli şəkildə çıxarılan milyonlarla dollar vəsaitlə bağlıdır. Məlumatlı mənbənin iddiasına görə, MTN-in sabiq rəhbərliyi hava nəqliyyatı vasitəsilə indiyədək ölkədən qeyri-leqal yollarla 2 milyard pul çıxarıb. Bu xəbərlə 2012-ci ilin fevralında yazdıqlarımız arasında üst-üstə düşən məqamlar var.

Etibarlılığı şübhə doğurmayan mənbələrdən “Yeni Müsavat”a daxil olan məlumata görə, P.Vəliyev vaxtı ilə rabitə sahəsində çalışıb. Sonradan yol verdiyi qüsurlara görə işdən qovulub. Pərvizin dayılarının tikinti maqnatı olduğu deyilir. Rizvan adlı dayısının (soyadını dəqiqləşdirə bilmədik-red.) paytaxt Bakıda həyata keçirilən iri tikintilərə rəhbərlik etdiyi deyilir. Hazırda Heydər Əliyev prospektində, “Şəfa” stadionunun yaxınlığında inşa olunan böyük sağlamlıq mərkəzinin tikintisinin məhz Rizvanın şirkətinin həyata keçirdiyi bildirilir. Rizvanın Eldar Mahmudova yaxın olduğu da iddia olunur. Deyilənə görə, o, rabitə sahəsində işdən qovulan bacısı oğlunu məhz E.Mahmudovla yaxınlığına görə MTN-ə işə düzəldib. Mənbəmizin dediyinə görə, Pərviz Vəliyev əslən Mehri rayonundandır. Onlar məşhur Nüvədi kəndindəndirlər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar