Məlum olduğu kimi, Vergilər Nazirliyi Rüstəm İbrahimbəyovun başçılıq etdiyi Azərbaycan Kinematoqrafçılar İttifaqında apardığı yoxlama əsasında cinayət işi qaldırıb.

Nazirliyin bununla bağlı 2013-cü ilin yanvarında yaydığı məlumatda deyilir ki, ittifaq 2009-cu ildə Bakıda beynəlxalq kinofestivalın keçirilməsi üçün Mədəniyyət və Turizm Nazirliyinin ayırdığı vəsaitin xeyli miqdarını talayıb, 12373,56 manat məbləğində vergi dövlət büdcəsinə ödənilməyib. Fakt üzrə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində Azərbaycan Kinematoqrafçılar İttifaqına qarşı Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə cinayət işi başlanıb. Cinayət Məcəlləsinin bu maddəsi xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma haqqındadır.

Kinematoqrafçılar İttifaqının festivalın keçirilməsi üzrə səlahiyyətli nümayəndəsi olmuş Lalə Əfəndiyevaya isə Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə ittiham elan olunub. Cinayət Məcəlləsinin bu maddəsi mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama əməlinin külli miqdarda törədilməsi haqqındadır.

Bir ildən çox keçməsinə baxmayaraq sözügedən istintaqın gedişi, yekunları haqda hər hansı məlumat yoxdur.

2014-cü ilin fevralında “Media forum” saytı məsələ ilə bağlı Vergilər Nazirliyinə müraciət edib. Nazirliyin analitik-informasiya şöbəsindən Şahin Məmmədov sualı dinləyib, qeydləri götürüb və nazirliyin müvafiq şöbələrindən dəqiqləşdirmə apararaq məsələyə aydınlıq gətirəcəyinə söz verib. Amma bir həftədən çox ötməsinə baxmayaraq nazirliyin analitik-informasiya şöbəsinin əməkdaşı telefonlara cavab verməyib, məsələyə aydınlıq gətirməyib.

Lalə Əfəndiyeva “Media forum” saytına bildirib ki, istintaqın gedişi haqda onun məlumatı yoxdur: “Yalnız bir dəfə - ötən ilin avqust ayında məni istintaqa çağırıblar, bir neçə sual veriblər. Ondan sonra heç bir xəbər yoxdur, məni çağırmayıblar, dindirməyiblər”.

Lalə Əfəndiyeva onun Azərbaycandan çıxmasına qoyulan qadağanın qüvvədə qalıb-qalmadığı barədə də məlumatsız olduğunu deyib: “Azərbaycandan harasa getməyə cəhd etməmişəm. Ona görə də ölkədən çıxmağıma qoyulan qadağanın götürülüb-götürülmədiyini bilmirəm”.