10 saylı Binəqədi 3-cü Seçki Dairəsindən MDHP tərəfindən deputatlığa namizəd Elşən Manafovla müsahibə
- Elşən müəllim, KİV və mətbuat üçün sizin namizədliyinizin MDHP tərəfindən irəli sürülməsi bir qədər təəccüblü oldu, çünki bizlər sizi solçuluğun məfkurə dəyərlərini təbliğ edən bir siyasətçi kimi tanıyırıq…
- Sizi anladım. Mən solçuluğun məfkurə dəyərlərinə bu gün də sadiqəm, eyni zamanda sağ, sağmərkəzçi mövqelərdə duran siyasətçilərə də hörmət və ehtiramla yanaşıram. Mənim MDHP-dən deputatlığa namizədliyimin irəli sürülməsinə gəlincə isə, bunu idealoji baxışlarımda olan ciddi dəyişiklik kimi qəbul etmək lazım deyil. Hörmətli millət vəkili Fərəc bəy Quliyevin rəhbərlik etdiyi partiyanın nizamnaməsinin ümumi prinsiplər bölməsinin 1-ci maddəsinə baxmaq yetərlidir ki, təşkilatın sol mərkəzçi mövqedə olduğunu görəsiniz. Belə ki, partiyanın ali məqsədlərini özündə ehtiva edən 1-ci maddədə hüquqi, sosial-demokratik dövlət quruculuğu məsələsi qırmızı xəttlə keçir. Digər tərəfdən bütün cəbhələrin, hərəkatların tarixi təcrübəsi göstərir ki, onlar bir qayda olaraq sol mərkəz mövqelərində durublar. Bir də Konfutsinin təbirincə desək «pişiyin hansı rəngdə olması əsas məsələ deyil», əsas olanı onun siçanı tutmaq bacarığıdır.
- Elşən müəllim ictimayət sizi həm də politoloq kimi tanıyır. Bu baxımdan ölkədə seçkilər ərəfəsindəki vəziyyəti necə qiymətləndirirsiniz? Bu vəziyyətə regional və qlobal təhlükəsizlik məsələlərinin təsiri barədə nə deyə bilərsiniz?
- Azərbaycan Prezidenti hörmətli İlham Əliyev cənabları hökumətin bu il 9 aylıq fəaliyyətinə həsr olunmuş toplantısında ölkədəki vəziyyətin stabil və dayanıqlı olduğunu bildirmişdir. Bununla bağlı hörmətli prezidentin fikirlərini bölüşürəm, lakin seçkilər ərəfəsində ölkənin milli təhlükəsizliyi üçün məsul olan bir qurumun rəhbərinin vəzifədən kənarlaşdırılması bizlərə belə bir fikir səsləndirməyə əsas verir ki, mövcud stabillik yalnız Azərbaycan Prezidentinin möhkəm siyasi iradəsindən qaynaqlanır, onu kövrəltməyə, sosial dayaqlarını laxlatmağa, ölkədə ictimai narazılığı gücləndirməyə hazır olan qüvvələr nəinki ölkədaxili müxalifətin məlum qanadında, həmçinin ölkə iqtidarının öz daxilində də var. Hakimiyyət daxilindəki bəzi qüvvələrin pozucu fəaliyyəti fikrimizə dövlətçilik üçün daha təhlükəlidir. Müxalifətin məlum qanadının maliyyə resursları zəif və məhdud olduğundan, ciddi sosial bazaya malik olmadıqlarından onların bir qayda olaraq ölkəmizdə maraqları olan ayrı-ayrı dövlətlərin məlum siyasi dairələrinə boylanmaları anlaşılandır. Həmin dairələrin ölkəmizdə 5-ci kalonu qismində çıxış edən radikal müxalifət «pulu kim verirsə, musiqisini də o sifariş edir» prinsipi ilə işləyir. Buna görə də «bəy verən atın dişinə baxmazlar» mövqeyindən çıxış edən müxalifətin vəzyyəti acınacaqlıdır. Son 15 ildə MDB məkanında qərb institutlarının siyasi və maliyyə dəstəyi ilə həyata keçirilən rəngli inqilabların tarixi təcrübəsi göstərir ki, dövlətçilik üçün daha ciddi təhlükə hakimiyyətin öz bətnindən doğa biləcək əks siyasi elitadır. Belə ki, məhdud imkanlara malik olan müxalifətlə müqayisədə ölçüyə gəlməz maliyyə resurslarına malik olan əks siyasi elitanın həm də media maqnatları olaraq ictimai rəyə təsir imkanları kifayət qədər böyükdür. Ölkə prezidenti İlham Əliyev cənablarının müstəqil dövlətçiliyin möhkəmləndirilməsinə köklənmiş siyasətini həzm edə bilməyən ayrı-ayrı dövlətlərin müəyyən dairələri məhz əks siyasi elita ilə münasibətləri qurmağa daha böyük önəm verirlər. Gürcüstan və Ukraynada yaşanan hadisələr bu fikirləri səsləndirməyə əsas verir. Bu ölkələrdəki legitim hakimiyyətlər məhz məlum qüvvələrin siyasi və maliyyə dəstəyi şəraitində hakimiyyətdən kənarlaşdırılmışdılar. Həmin hadislər zamanı ölkədaxili müxalif qüvvələr isə sadəcə ötürücü qayış funksiyasını yerinə yetirmişdilər.
- Bəzi ekspertlər seçkilərdən sonra ölkədəki sosial durumun ağırlaşacağı ilə bağlı pessimist fikirlər söyləyirlər. Məsələn: Manatın növbəti devalvasiyası və ya üzən manatla bağlı proqnozlar ictimaiyyəti ciddi şəkildə narahat edir.
- Bilirsiniz, bu ilin əvvəlində milli valyutamızın məhz 35% devalvasiyaya məruz qalması əvvəlcədən proqnozlaşdırılan bir hal deyildi. Ölkə prezidenti də, Milli Bank da dünyada və regionda baş verən hadisələrlə bağlı, ölkə iqtisadiyyatının maraqlarından çıxış edərək manatın kursunda kiçik dəyişikliklərin olacağını istisna etməmişdilər. Belə ki, qərb və Rusiya arasında Ukrayna hadisələri ilə bağlı yaşanan qarşıdurma qərbi ipə-sapa yatmayan Putin iqtidarını (oxu qərb maraqları baxımından) Rusiyanın maliyyə və enerji sektorunu hədəfə götürməyə məcbur etdi. Rusiyaya qarşı tətbiq edilən iqtisadi sanksiyalar isə onun maliyyə sisteminə ciddi təsir göstərməklə, MDB məkanındakı ayrı-ayrı dövlətlərin maliyyə və bank sistemində də problemlər doğurdu. Əlbəttə, manatın devalvasiyasına təsir göstərən ölkədaxili faktorlarda olmamış deyildi. Məsələn: korrupsiya, inhisarçılıq, xırda və orta sahibkarlığın problemləri, yersiz yoxlamalarla bağlı və s.i. Belə bir şərait isə bulanıq suda balıq tutmaq istəyənlərin sayını artırdı. Ölkənin maliyyə kapitalının əhəmiyyətli hissəsinin yerləşdiyi beynəlxalq bankdan bankın rəhbərliyinin razılığı ilə bəzi «işbazların» girov qoymadan milyonlarla pul çıxartmaları ölkənin malyyə bank sistemini silkələməklə yanaşı əhalinin də maddi durumunu müəyyən dərəcədə ağırlaşdırdı. Elə buna görədir ki, problemli kreditlərin məbləği 1,3 milyardlıq həddi ötüb keçdi, bəzi banklar müflisləşdi, ölkə sahibkarlığının problemləri artdı, dövlət başçısının özünün də etiraf etdiyi kimi 30.000-dən artıq iş yeri bağlandı. Maraqlı məqamlardan biri ondan ibarətdir ki, «mən salim olum,cümlə-cahan batsa da batsın» prinsipi ilə işləyən bəzi işbazların fəaliyyəti ölkənin milli təhlükəsizliyi üçün olan məsul bir qurumun korporativ maraqları zəminində baş tutmuşdur.
- Çox pesimist və bədbin əhval-ruhiyyə yaradırsınız.
- Güman etmirəm. Mühüm olanı dövlət başçısının xarizmatik keyfiyyətləri və siyasi iradəsidir. Milli Təhlükəsizlik Nazirliyində kök salmış məlum dairələrə qarşı qəbul edilən qərarlar göz qabağındadır. ASAN xidmətin yaradılması ilə bağlı dövlət başçısının qərarı ayrı-ayrı dövlət təsisatlarına göstərdi ki, korrupsiyaya qarşı mübarizə aparmaq mümkündür. Ölkənin infrastrukturunun yeniləşdirilməsi ilə bağlı ölkə prezidentin iradəsi ilə həyata keçirilən tədbirlər də xalq tərəfindən rəğbətə qarşılanır. Ölkə sahibkarlığının qarşıdakı 2 il ərzində hər cür yoxlamalardan azad edilməsi ilə bağlı prezident qərarı da fikrimizcə sahibkarlığının inkişafına təkan verməklə yanaşı, ölkədə orta təbəqənin udel çəkisinin artmasına da öz töhfəsin verəcək.
- Bununla belə gələn il üçün təsdiq olunmuş dövlət büdcəsi iqtisadi kəmərləri bir qədər sıxacağımızı göstərir. Elə deyilmi?
- Doğrudur. Buna Azərbaycan Prezidentinin özü də işarə etmişdir. Belə ki, gələn il dövlət üçün prioritet əhəmiyyət kəsb etməyən sosial layihələrə nisbətən az vəsait ayrılacaq. Lakin müxalif mövqedə duran partiyanın təmsilçisi kimi düşünürəm ki, anti-inflasiya tədbirləri daha da gücləndirilməlidir. Ümumdaxili məhsulun əldə edilməsində qeyri-neft sektorunun payı artırılmalıdır. İpoteka ilə bağlı büdcədən ayrılmaların həcmi və şərtləri dəyişdirilməlidir. Yeri gəlmişkən mövcud vəziyyətdən çıxmağın alternativ yolları barədə MDHP sədri deputat Fərəc Quliyevin Milli Məclisdə səsləndirdiyi fikirlər ciddi rezonans doğurmuşdur. Belə ki, Fərəc bəy neft fondunun xarici banklardakı səhmlərinin müəyyən hissəsinin ölkəyə gətirilməsi təklifi ilə çıxış etmişdir ki, bu da dövlətin maliyyə sistemində, habelə əhalinin maddi durumunda olan problemlərin həllinə kömək edə bilər. Ən nəhayət büdcə müzakirələri zamanı parlamentin verdiyi təkliflərin ancaq birinin (qaçqın və məcburi köçkünlərlə bağlı) hökumət tərəfindən qəbul olunması iqtisadi reallıqlarla bağlı olsa da, unutmaq lazım deyil ki, biz hələ 1992-ci ildə Avropa sosial xartiyasına qoşulmuşuq. Bu isə minimum yaşayış həddinin minimum istehlak zənbilinin tələblərinə uyğun gəlməsini ehtiva edir.
- Avropadan söz düşmüşkən, qərblə münasibələrin bundan sonrakı xarakterləri barədə nə deyə bilərsiniz?
- Azərbaycan bu münasibətlərin bir qayda olaraq qarşılıqlı hörmət, qarşılıqlı maraq və qarşılıqlı mənfəət prinsipləri üzərində qurulmasında maraqlı olub. Biz illərcə qərbin enerji təhlükəsizliyilə bağlı proseslərdə özünə məxsus yer almışıq. Beynəlxalq terrorizmə qarşı mübarizədə ABŞ başda olmaqla qərb dövlətlərinin alyansının yanında olmuşuq və bu zaman qərbin də bizim ən ağrılı problemimiz olan Qarabağ probleminə anlaşıqlı tərzdə yanaşacağına ümid etmişik. Təəssüflər olsun ki, qərb uzun illərdir bizim ərazi bütövlüyümüzün bərpası ilə bağlı problemlərə 2-li standartlardan yanaşmış, xristian təəssübkeşliyi mövqeyindən uzağa gedə bilməmişdir. Düşünürəm məhz buna görə də əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və sonralar prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən balanslaşdırılmış xarici siyasətə müasir dünya giosiyasətinin bəzi reallıqları nəzərə alınmaqla dəyişikliklər etməyin vaxtı çatıb. Məsələn: yaxın perspektivdə Azərbaycan Avrasiya Birliyinə qoşulub-qoşulmayacağıyla bağlı məsələlərə aydınlıq gətirməli olacaq. Rusiya prezidenti Putinin MDB-yə daxil olan dövlətlər arasında ticarət sövdələşmələrinin milli valyutalarla həyata keçirilməsiylə bağlı təkliflərinə də baxmaq olar. Əlbəttə, son söz Azərbaycan prezidentinindir.
- Sonda deputatlığa namizəd olduğunuz dairədə seçki olayları ilə bağlı fikirlərinizi bilmək istərdik.
- Bu dairədə seçkilərə qatılmış 7 namizəddən biriyəm. Mənimlə bahəm daha 3 nəfər siyasi partiyaların təmsilçisi olaraq bu seçkilərə qatılıb (YAP, Musavat, BAXCP), daha 3 nəfər deputat Madər Musayev də daxil olmaqla, bitərəf namizədlərdir. Seçki prosesi öz axarınca gedir, dairə sədri İ.Əliyev tərəfindən seçki qanunvericiliyinə müvafiq olaraq bütün namizədlər üçün bərabər imkanlar yaradılıb, seçicilərlə görüşlərin keçirilməsi üçün müvafiq yerlər ayrılıb. Deputat Madər Musayev istisna olmaqla, digər siyasi oponentlərimlə müqayisədə düşünürəm ki, xeyrimə olan amillər var. Belə ki, uzun illərdir buradakı yerli məktəbdə dərs deyirəm, düşünürəm ki, müəllim nüfuzu və şərəfi seçicilərimin mənə olan etimadının əsas şərtlərindən biri olacaq. Oponentlərimin hamısına hörmət və ehtiramla yanaşıram, hərçənd onların bəzi fikirlərini bölüşmürəm. Razılaşın ki, Milli Məclis seçkilərinə qatılmaq vətəndaşın konstitusyon hüququ olsa da, millət vəkili olmaq istəyən şəxsin ictimai nüfuzu olmalı, hüquqi, siyasi, iqtisadi bilgiləri ilə fərqlənməlidir. Təsəvvür edin ki, seçkiqabağı kampaniyanın gedişində bəzi oponentlər seçicilərinə elə vədlər verirlər ki, onların həyata keçirilməsi və icrası daha çox yerli özünüidarəetmə orqanları olan bələdiyyələrin səlahiyyətlərinə aiddir. Halbuki, millət vəkili nümayəndəli demokratiya institutunda seçicilərini təmsil edərək qanunların işlənib hazırlanması və qəbulu prosesində iştirak etməlidir. Bəzi millət vəkillərinin yerində olmamasıdır ki, parlament nümayəndəli demokratiya institutu olaraq fəaliyyətini qanunvericiliyin müəyyən etdiyi prinsiplər üzərində heç də həmişə uğurla qura bilmir. Bu mənada düşünürəm ki, parlamentin qanunvericiliklə təsbit olunmuş səlahiyyətləri genişləndirilməli, daha çevik və daha optimal işləyə biləcək parlament institutunun formalaşdırılması üçün Qarabağ probleminin həllindən sonra ölkə, idarəediciliyin qarışıq idarəetmə sisteminə keçməlidir. Düşünürəm ki, 2 qat məsuliyyət hissi, yəni prezidentlə yanaşı parlament qarşısında da hesabat vermək zərurəti hökuməti öz fəaliyyətini daha şəffaf şəkildə qurmağa sövq edəcək.


Şərhlər