"Adam da 4 qotur dükandan sarı karyerasını yandırarmı?"

"İlham Əliyev məmurlara “Ağcabədiyə gedin” mesajı verir. Bunlarsa varıb Ərəbistana eyş-işrətə gedirlər"

Xəbər verdiyimiz kimi, virtualaz.org saytı YAP-çı deputat Elton Məmmədovun oğlunun dəbdəbəli həyat tərzini əks etdirən fotoları yayıb. Deputat Aydın Mirzəzadə isə saytda Ziya Məmmədovun qardaşı oğlu haqda dərc olunan araşdırmaya etiraz etmişdi. Virtualaz.org deputatın həmkarının oğlunu müdafiə etməsinin səbəbi barədə məqalə dərc edib. Həmin materialı oxucuların diqqətinə çatdırırıq.

-YAP-çı deputat Aydın Mirzəzadə digər YAP-çı deputat Elton Məmmədovun və onun oğlunun var-dövlətinin, pompeyvari dəbdəbəli həyat tərzinin müdafiəsinə qalxdı.

Məlumat üçün deyək ki, dünən haqqin.az və virtualaz.org saytlarında nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədovun oğlu Aynar Məmmədovun milyonlarla dollarlıq avtomobilləri, qol saatları, geyim-gecimi, şeyxanə həyat tərzi barədə yazı dərc olunub. Məqalə Milli Məclisdə işləyən 26 yaşlı Aynar Məmmədovun özünün sosial şəbəkələrdə paylaşdığı fotoşəkillərlə müşayiət olunur.

Deputat Aydın Mirzəzadə bu yazıları oxuyandan sonra həmkarının müdafiəsinə qalxmaq qərarı verib və yuxudan qalxan kimi öz facebook hesabında “İmkanlı olmaq qəbahət deyil” başlığı ilə status paylaşıb.

Bu sərlövhədəki fikrə etirazımız yoxdur. Əksini düşünmək bolşeviklər kimi düşünmək demək olardı. Şükür Allaha ki, azad dünyada, azad ölkədə yaşayırıq. Kim bacarıqlıdırsa, bu azadlıqdan yararlanıb varlana bilər. Amma bunun tək şərti var - zəhmət çəkməlisən, gecəni-gündüzünə qatıb işləməlisən, halal yolla qazanmalısan. Qazandığın pullardan alın təri qoxusu gəlməlidir, korrupsiya yox. Qərbdə belədir. Bəs bizim Şərqdə?

Aydın Mirzəzadə özünü burada dolaşığa salıb. O yazır: “Həmin yazıda gənc oğlanın bahalı maşınlarının adları sadalanır, onun saatının markası və istifadə etdiyi ətirlər haqqında tədqiqatın nəticəsi bildirlir. Bu da azmış kimi gənc Məmmədovun şəxsi həyatına kobudcasına müdaxilə edilir, onun haqqında əsası olmadan kobud və həqarətli fikirlər bildirilir. Ancaq bir səbəbə görə ki, o, tanınmış ailədəndir və biznes fəaliyyətini də uğurla qura bilib”.

Əvvəla, heç kim Aynar Məmmədovun şəxsi həyatına müdaxilə etməyib. Heç kim gedib o fotoları Məmmədovların villalarının saxlancından oğurlamayıb. Adam dəbdəbəli həyat tərzi sürməsini əks etdirən fotoları sosial mediada özü yayıb. Sosiallaşan, ictimailəşən məlumatlar isə artıq ümumi, ictimai istifadəyə açıqdır. Qanunvericiliklə məşğul olmalı olan deputatın bu sadə həqiqəti bilməməsi tragikomik hərəkət kimi görünür.

İkincisi, Milli Məclisdə çalışan, deməli, dövlət qulluqçusu, məmur sayılan Aynar Məmmədov necə, hansı əsasla bizneslə məşğuldur? Məmurların bizneslə məşğul olmasını yasaqlayan qanun qəbul ediləndə Aydın Mirzəzadə harada imiş ki, bundan xəbəri olmayıb?

Üçüncüsü, yazının yazılmasına səbəb o deyil ki, Aynar Məmmədov tanınmış ailədəndir. Səbəb odur ki, əslində hələ indən belə belə bahalı oyuncaqları ilə tanınmaq istəyən Məmmədovların öz var-dövlətini nümayiş etdirməklə heç nəyi, o cümlədən çoxu ehtiyac içində yaşayan xalqı saymamaq şakəri əcaib görünür. Xeyir ola, nə baş verir? Nə demək istəyirlər?

Aydın Mirzəzadə Aynar Məmmədovun bahalı maşınlarının yanından, ətir qutularının da üstündən sakitcə keçərək daha sonra onun atasına bəy tərifi vurub. Guya Elton Məmmədov uğurlu biznesmenmiş, dəhşətli dərəcədə xeyirxah, təvazökar adammış...

YAP-çı deputat özünü bu təvazökarlıq söhbətində lap çıxılmaz vəziyyətə salır. “Təvazökar” deputat oğlunun çox bahalı əyləncələrdən sayılan safari səyahətlərindən, kübar əyləncələrindən elə ağızdolusu danışır ki...

Məmurların, deputatların təvazökarlığı barədə danışanda Aydın Mirzəzadədən fərqli olaraq mən İlham Əliyevin sözlərini xatırlayıram. Prezident bu barədə nə demişdi, Aydın bəy, xatırlayırsınızmı?

Əcəb işdir, ad gününü qaçqınların əhatəsində keçirən, hər cür dəbdəbədən qaçan İlham Əliyev məmurlara “Ağcabədiyə gedin” mesajı verir. Bunlarsa varıb Ərəbistana eyş-işrətə gedirlər. Xəritəyə baxın barı...

İlham Əliyev məmurlara, onların övladlarına harınlamamaq, qudurğanlıq etməmək, dəbdəbəli ad günləri, toy şənlikləri keçirməmək çağırışı edir, bunu tövsiyə edir, onları sadəliyə çağırır. Aydın Mirzəzadə və onun kimi düşünənlər isə harınlığın müdafiəsinə qalxır. Nə məsələdir?

İlham Əliyev “mən xalqın xidmətçisiyəm” deyə öz ictimai vəzifəsini sadə və xəlqi dildə aşağıdan yuxarı, yuxarıdan aşağı hamıya çatdırır. YAP-çı Aydın Mirzəzadə isə dövlət başçısından nümunə götürüb xalqa xidmət etmək əvəzinə Məmmədovlara xidmət yolunu tutur. Xeyirdirmi?

Bəlkə də xeyirdir. Aydın Mirzəzadənin sübh tezdən qalxıb Məmmədovların müdafiəsinə qalxmasını səbəbsiz sayanların nəzərinə çatdırırq ki, bunun 4 dükan dolusu səbəbi var.

Araşdırmamız zamanı məlum olub ki, nəqliyyat naziri Ziya Məmmədov şəxsi votçinası saydığı Bakı Beynəlxalq Avtovağzalındakı mağazalardan 4-ünü hədiyyə olaraq YAP-çı deputata hədiyyə edib. Onları deputatın qohumları işlədir.

Deputat və 4 dükan sahibi statusu isə harınlığın müdafiəsinə qalxmış belə əsəbi facebook statusu doğurmalı idi və doğurdu.

Amma adama qəribə gələn də odur ki, adam da 4 qotur dükandan sarı prezidentin kursunu, tövsiyələrini unudub öz karyerasını yandırarmı. Politoloq Mirzəzadə bunun heç olmasa o biri tərəfini düşünməli idi...