İmişli rayonunun Hacalmuradlı kəndində yerləşən 79 saylı İmişli seçki dairəsinin 25 saylı məntəqəsində qalmaqal yaşanıb. Müsavat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İltizam Əkbərli deyir ki, səsvermə otağında həmin dairədən YAP-ın namizədi olan Əsabil Qasımovun lehinə işarələnmiş topa bülleteni bir seçicinin əlindən alıb. İltizam Əkbərlinin sözlərinə görə, bu zaman məntəqə komissiyasının sədri Fazil Tarıverdiyev hücum çəkərək onu vurmağa cəhd edib.
İ.Əkbərli bildirir ki, zor tətbiq etməklə bülletenləri onun əlindən alaraq qutuya atıblar. Bundan sonra səsvermə otağına polis çağırıldığını deyən müsavatçı namizəd onların təhdidi ilə üzləşdiyini iddia edir. Onun sözlərinə görə, DSK sədri zəng edəndən sonra ona səsverməni izləməyə icazə verilib.
Ancaq DSK sədri Sakit Yaqubov İltizam Əkbərlinin dediklərini təkzib edir. Sakit Yaqubov Azadlıq Radiosuna deyib ki, namizəd məntəqə sədrinə böhtan atır: «Yalan məlumatdır. Əksinə İltizam Əkbərli məntəqələri gəzib, qanun pozuntularına yol verir».


Şərhlər