Dəqiq olmayan nəticələrə görə, 4 partiya parlamentdə öz seçicisini təmsil edəcək.
Ötən gün Türkiyədə keçirilən növbədən kənar parlament seçkisinin qeyri-rəsmi nəticələri açıqlanıb. ANS PRESS-in məlumatına görə, hakim Ədalət və İnkişaf Partiyasının (AKP)qazandığı millət vəkili sayı ilə tək başına hökumət qura biləcəyi qeyd edilib.
Qeyri-rəsmi nəticələrə görə, bu seçkidə AKP 49.5%, Cümhuriyyət Xalq Partiyası (CHP) 25.2%, Milliyətçi Hərəkat Partiyası (MHP) 11.8%, Xalqların Demokratiya Partiyası (HDP) 10.8% səs toplayaraq parlamentdə öz seçicilərini təmsil edəcəklər.
Ali Seçki Qurumunun (YSK) sədri Sadi Güven də seçkidə 4 siyasi partiyanın Türkiyə Böyük Millət Məclisinə (TBMM) daxil olduğunu deyib:
Ali Seçki Şurasının sədri Sadi Güven
“Qurumumuza daxil olan qeyri-dəqiq məlumatlara görə, 10%-lik seçki bariyerini Ədalət və İnkişaf Partiyası, Cümhuriyyət Xalq Partiyası, Milliyətçi Hərəkat Partiyası və Xalqların Demokratiya Partiyasıdır. Etiraz müddətlərini də nəzərə alaraq seçkinin dəqiq nəticələrini 11-12 gün sonra açıqlayacağıq.” – deyə YSK sədri bildirib.
Bu seçkidə həbsdə olan terrorçu lider Abdullah Öcalanın bacısı qızı Dilek Öcalan növbəti dəfə millət vəkili seçilib. AKP-nin Şanlıurfa vilayətində səslərin 64.4 faizini toplayaraq TBMM-yə 9 millət vəkili göndərməsinin qarşılığında HDP həmin vilayətdən 3 millət vəkili çıxarıb. Dilek Öcalan da Şanlıurfada 2-ci sıradan namizəd olmuşdu.
Separatçı kürdlərin təmsilçisi Dilek Öcalan
Bundan əvvəlki seçkidə də namizədliyi irəli sürülən Dilek Öcalan HDP-dən millət vəkili seçilmişdi. 1987-ci il təvəllüdlü olan Öcalan parlamentin ən gənc vəkillərindən biri olmuşdu.
Türkiyədə iyunun 7-də parlament seçkisi keçirilmişdi. Parlamentə girməyə müvəffəq olan 4 siyasi partiyanın heç biri tək başına hökumət quracaq qədər millət vəkili əldə etməyib. 550 yerli Türkiyə Böyük Millət Məclisinə AKP 258, CHP 132, MHP və HDP hər biri 80 millət vəkili ilə daxil olmuşdu. Təkbaşına hökumət qurmaq üçün bir partiyanın 276 millət vəkilinə ehtiyacı olsa da ölkədə koalisiya hökuməti qurulması barədə başlayan müzakirələr nəticəsiz qalmışdı.
Bundan sonra ölkədə növbədən kənar parlament seçkisi keçirilməsinə qərar verilmişdi.


Şərhlər