ABŞ və Rusiya Suriyaya xüsusi təyinatlı dəstələr göndərir. Bu səbəbdən tərəflərin çox ciddi münaqişə içinə daxil olacağı ehtimalı böyükdür. Belə ğörünür ki,Rusiya Ukraynanın şərqində döyüşən xüsusi təyinatlı güclərinin bir hissəsini Suriyada yerləşdirib. Amerika və Rusiyanın Suriyadakı döyüş meydanında bir-birilərinə qarşı rəqib kimi baxacaqları təhlükəsi artır. (“Wedge İnfinity” – Yaponiya)
Putin – birincidir!
Bu dəfə prezident Putin qabağa düşərək Suriyaya xüsusi təyinatlılar göndərib. Amerika qəzetlərinin məlumatlarına əsasən, Rusiya xüsusi təyinatlılarının Suriyaya göndərilməsi bir neçə həftə çəkib. Həmin məlumatı ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi də təsdiq edib. “Sipər” adlandırılan bu dəstələri amerikanların “Delta Forse” qüvvələri ilə müqayisə etmək olar.
Rusiya Suriyaya xüsusi təyinatlı dəstələrlə yanaşı, hərbi kəşfiyyat qruplaşmasından olan nümayəndələr də göndərib. Xüsusi təyinatlıların qarşısında qoyulan əsas vacib məsələ döyüşlərdə birbaşa iştirak etmək deyil, hökuət qoşunlarının işinə və həmçinin Rusiya aviazərbələrinə müəyyən istiqamət verməkdən ibarətdir. Başlıca məqsəd isə aviazərbələrin hədəflərə dəqiq yönəlməsi üçün Suriya ordusu ilə qarşılıqlı fəaliyyət qurmaqdır. Amma hər halda onların qarşılarına qoyduqları başqa tapşırıqlar da var. Bu İŞİD-ə qoşulmuş çeçen və dağıstanlı radikallara qarşı “ova” çıxmaqdır. Prezident Putin qeyd edib ki, İŞİD-in içərisində yeddi min nəfər rusiyalı radikal var. Belə güman edilir ki, xüsusi təyinatlılar bu radikallara qarşı döyüşlərdə iştirak edəcəklər.
Moskva çox aktiv fəaliyyət göstərir. Hazırda Rusiya təyyarələri Bəşər Əsəd rejiminin əleyhdarlarının mövqelərinə gün ərzində təxminən 80 aviazərbə endirir. Onların başlıca hədəfi Suriyanın şimal-şərqindəki müxalifət qüvvələridir. İŞİD hücumlara çox az məruz qalır. Suriya kampaniyası sayəsində Putinin ölkədaxili populyarlıq reytinqi öz tarixinin ən yüksək zirvəsinə - 89,9%-ə kimi yüksəlib.
Obama liderliyi əldən verib
Prezident Putin yeni addımlar atır və nəticədə Amerika prezidenti Barak Obama mövqelərini itirir. ABŞ keçən ilin yayından İŞİD-in mövqelərini bombalayır, lakin buna baxmayaraq, həmin terror təşkilatının zəiflədilməsi və ya məhv edilməsi üçün qarşıya qoyulan məqsədlərə hələki nail ounmayıb. Bu isə prezidentlik müddətinə bir il üç ay vaxt qalmış Barak Obamanı qıcıqlandırmaya bilməz.
Oktyabr ayının əvvəlində Obama ABŞ Müdafiə Nazirliyindən İraq və Suriyadakı hərbi vəziyyətin dəyişdirilməsi ilə bağlı plan hazırlanmasını tələb edib. Müdafiə Nazirliyi aşağıdakıları təklif edib:
1) Müəyyən bir müddətə qədər Suriyaya xüsusi təyinatlı dəstə göndərilsin
2) İraqdakı amerikalı hərbi məsləhətçilər yerli qoşunlarla birlikdə ön döyüş cərgələrinə göndərilsin.
Girovların xilas edilməsi və İŞİD döyüşçülərinin məhv edilməsi əməliyyatının həyata keçirilməsi üçün Suriyada xüsusi təyinatlı hərbi birləşmələr yerləşdirilməlidir.

Belə hesab edilir ki, bu tapşırıqların yerinə yetirilməsi üçün regiona “Delta Forse” hərbi dəstəsi göndəriləcək. Onlar müxalifət gücləri, kürd dəstələri ilə birlikdə əməliyyatlar aparacaqlar. Bundan başqa İraqdakı hərbi məsələhətçilər qrupu ilk dəfə olaraq, ön döyüş cərgəsinə yerləşdiriləcək. Hal-hazırda İraqda 3500 nəfərə yaxın hərbi məsləhətçi var, lakin onlar indiyədək arxa cəbhədəkiləri döyüş əməliyyatlarına hazırlayırdılar. Güman edilir ki, məsləhət qrupu Ər-Ramadi vilayət mərkəzinin azad olunması üçün İraq ordusu ilə birlikdə əməliyyat aparacaq.
2003-2007-ci illər arasında “Delta Forse” qruplaşması İraqda yerləşdirilmişdi və onlar İŞİD-in sələfi olan “Əl-Qaidə” yaraqlılarının məhv olunması əməliyyatlarında iştirak etmişdilər. Keçən il İŞİD Suriyadan İraq ərazisinə soxularaq, şimalda yerləşən Mosul şəhərini ələ keçirmişdi. Bundan sonra xüsusi təyinatlı “Delta Forse” güclərini təcili surətdə yenidən İraqa - Ərbilə qaytardılar.
Bu ilin may ayında İŞİD-in Suriyanın şərqindəki qərargahının məhv edilməsi əməliyyatı nəticəsində xeyli sayda məlumat ələ keçirilib. 22 oktyabr tarixində İraqdakı kürd qruplaşmaları ilə birlikdə İŞİD tərəfindən edam olunması planlaşdırılan 69 girov xilas edilib. Həmin əməliyyatın gedişində “Delta Forse”-un serjantı həlak olmuşdu.
Belə hesab edilir ki, Obama ona təqdim edilən planı bir həftə ərzində təsdiq etməlidir. İŞİD-ə qarşı müharibədə ABŞ iri addımlar atır və amerikan qoşunları quru əməliyyatlarında iştirak edəcək. Digər tərəfdən isə amerikan xüsusi təyinatlıları müxalifətlə, ruslar isə Əsədin ordusu ilə birgə əməliyyatlar keçirəcəklər. Bu isə həmin xüsusi təyinatlı dəstələrin ön döyüş cərgələrində qarşı-qarşıya gələcəkləri ehtimalını artırır.
Vaqif NƏSİBOV
AzPolitika.info


Şərhlər