Artım perspektivi regional iqtisadi mühitdən, geosiyasi risklərin azaldılmasından və ölkəyə xas amillərdən asılıdır
Qafqazda yerləşən ölkələr (Ermənistan, Azərbaycan, Gürcüstan) regional iqtisadiyyat və təhlükəsizlik problemlərinin təsirinə məruz qalmaqda davam edirlər. Lakin AYİB-nin ən son iqtisadi proqnozuna uyğun olaraq onların 2015-16-cı illərdə artımı qoruyub saxlayacağı gözlənilir.
Bu barədə "Marja"ya Avropa Yenidənqurma və İnişaf Bankından bildirilib.
Bankdan bildirilib ki, 2015-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan iqtisadiyyatı ötən ilin eyni dövrü ilə müqayisədə 3,7 faiz, qeyri-neft sektorunda ÜDM isə 6,4 faiz artıb. Azərbaycanın xarici valyuta ehtiyatları (konversiya olunan valyutalarda) 2014-cü ilin noyabrında 13,2 milyard ABŞ dolları olduğu halda, neft qiymətlərinin enməsi səbəbindən azalaraq 2015-ci ilin avqustunda təxminən 5,3 milyard ABŞ dollarına bərabər olub. Azərbaycanın ümumi likvidlik mövqeyi möhkəm olaraq qalıb və Dövlət Neft Fondunun əhəmiyyətli aktivləri hesabına dəstəklənib. 2015-ci ilin fevralında, demək olar ki, iki onillik ərzində davam edən sabit mübadilə məzənnəsi dövründən sonra Azərbaycan Mərkəzi Bankı ABŞ dollarına nisbətdə manatın dəyərini 25 faiz azaldıb. Bunun sayəsində maliyyə balansında və xarici balansda gərginlik azaldılılıb, lakin bank sektorunda balans cədvəli problemləri yaranıb. AYİB 2015-ci ildə Azərbaycan ÜDM proqnozunu +3 faizə qədər, 2016-cı ildə isə +2,5 faizə qədər yüksəldib.


Şərhlər