Menu

MTN JURNALİST PƏRVİZ HƏŞİMLİNİ HƏBS ETDİ- Həyətində 30 bomba axtarıblar- YENİLƏNDİ

17.09.2013, 21:39
MTN JURNALİST PƏRVİZ HƏŞİMLİNİ HƏBS ETDİ-  Həyətində 30 bomba axtarıblar- YENİLƏNDİ

 

"Pərviz Həşimlinin xanımını məcbur edirlər ki, evdən  narkotika, silah tapılması barədə tərtib edilmiş protokola imza atsın"

Ötən gün MTN tərəfindən saxlanılan jurnalist Pərviz Həşimlinin evində gecə saat 02.00-a kimi adıçıkilən qurum tərəfindən axtarış aparılıb. Azadlıq.info bildirir ki, MTN əməkdaşları gecə yarısı Pərviz Həşimlinin evini tərk edib. Bundan sonra evin qarşısında gözləyən jurnalistlər evə daxil olub hadisə ilə bağlı P.Həşimlinin həyat yoldaşı İlahə Həşimovadan məlumat ala bilib. "Azadlıq"ın əməkdaşı S.Vaqifqızının verdiyi məlumata görə, İ.Həşimova MTN əməkdaşlarının evin həyətindəki kiçik tikiliyə 30 bomba yerləşdirdiyini deyib. Belə ki, həmin tikilinin qapısı əvvəl açıq olsa da, MTN əməkdaşları oranın qapısını bağladıqlarını deyib və bununla ora özlərinin girib nəsə yerləşdirdiyini etiraf etmiş olublar. İ.Həşimova MTN əməkdaşlarının evdə divanın altından bir "Makarov" tipli tapança "aşkar" etdiyini deyib. Baxmayaraq ki, birinci axtarışda ordan heç nə tapılmayıb. İ.Həşimova bir neçə gün əvvəl Pərvizə televiziyaya çıxaraq AXCP sədri Əli Kərimliyə qarşı çıxış etmək təklifi edildiyini də jurnalıstlərə bildirib. Bunun əvəzində P.Həşimliyə şirnikləndirici vədlər də verilib. Lakin P.Həşimli bundan imtina edib və həyat yoldaşına "başıma bir iş gəlsə, MTN-nin İlqar adlı yüksək rütbəli əməkdaşından gələcək" deyib. İ.Həşimova evdə axtarış aparıldığını, evin təhlükəsizlik kamerasının yaddaşının götürüldüyünü, həmçinin Pərvizə məxsus kompüterin aparıldığını bildirib. MTN əməkdaşları P.Həşimlinin toyda AXCP sədri ilə çəkildiyi şəklini də aparıb: "Onlar dedi ki, bu şəkil Pərviz Həşimlinin müxalifətə xidmət etdiyini sübut edir. Mən də bildirdim ki, Pərviz AXCP üzvüdür, siz də bunu bilirsiniz". İ.Həşimova onun adından istifadə edərək uşağının evə gətirildiyini də qeyd edib.

Belə ki, MTN əməkdaşları anasının uşağı görmək istədiyini deyiblər. Lakin İ.Həşimova əksinə, uşağın içəri gətirilməsini istəmədiyini, bunun ona təzyiq üçün edildiyini bildirdi. O həmçinin evə iki nəfər şahidin çağırıldığını, onlardan birinin deyilənləri təsdiq etməkdən imtina etdiyini, lakin MTN əməkdaşlarının onunla söhbətdən sonra razılıq verdiyini də bildirib.

"Bizim yol" qəzetinin redaksiyası qəzetin əməkdaşı Pərviz Həşimlinin həbsi ilə bağlı açıqlama yayıb. Açıqlamada deyilir: "Dünən Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən “Bizim Yol” qəzetinin əməkdaşı, moderator.az saytının direktoru, Siyasi və Mülki Hüquqların Müdafiəsi Mərkəzin sədri Pərviz Həşimli saxlanılıb. Jurnalist və hüquq müdafiəçisi Cinayət Məcəlləsinin 206.3.2-ci və 228.2.1-ci maddələri ilə qaldırılmış cinayət işi üzrə şübhəli şəxs qismində cəlb edilib. Bu səbəbdən məhkəmənin qərarı ilə Pərviz Həşimlinin evində və iş yerində axtarış aparılıb. Bu iş üzrə saxlanılanlar qanunsuz odlu silah və narkotik saxlamaqda şübhəli bilinirlər.

“Bizim Yol” qəzetinin redaksiyası bəyan edir ki, Pərviz Həşimlinin belə bir cinayət əməllərində hər hansı formada iştirakına inanmır və ümid edir ki, istintaq obyektiv və qərəzsiz aparılacaq, gerçək ortaya çıxacaq".

****

22:40: Azər Rəşidoğlu musavat.com-a yazır: "Pərviz Hashimli əməliyyat tədbiri kimi "Bizim yol"a gətirilib. MTN əməkdaşları özlərini öncə kobud aparıblar. Lakin jurnalistlərin kəskin reaksiyasından sonra mövqelərini dəyişib, mədəni davranmağa başlayıblar".

22:10: Saxlanan Pərviz Həşimlidən ilk xəbər var. Onu müşahidə edən şəxslərdən biri musavatş.com-un əməkdaşı A. Rəşidoğluna bunları deyib: "İki ağır maddə ilə saxlanılan Parviz Hashimli bu gün əməliyyatçılar qarşısında özünü son dərəcə sakit və təmkinli aparıb. Uydurma ittihamlara lağ ilə yanaşıb"

****

21:45: Son məlumata görə, Pərviz Həşimlinin yaxınları "Azadlıq" qəzetinin əməkdaşına bildirib ki, onun redaktoru olduğu moderator.az saytının ofisində də axtarış aparlır. Əmisi oğlu Ərşad İbrahimovun sözlərinə görə isə MTN əməkdaşları Pərvizin evindən tapança "tapıblar"

Mustafa Hacıbəyli musavat.com-a deyib ki, P. Həşimlinn evindən onun kompyuterini götürüb, aparıblar. Lakin axtarış davam edir.

Tanınmş yazar Azər Rəşidoğlunun musavat.com-a verdiyi məlumata görə P. Həşimliyə qarşı qaçaqmalçılıq və qanunsuz silah əldə etmə ilə bağlı – Cinayət Məcəlləsinin 206.3.2 və 228.2.1 maddələri ilə cinayət işi qaldırılıb.

****

“Bizim Yol” qəzetində axtarış gedir, qəzetin əməkdaşı Pərviz Həşimlini isə tutublar. Məlumatı qəzetin digər əməkdaşı Aytən Fərhadova facebook-da paylaşıb. Xəbərə rəy bildirənlər yazıb ki, qəzetin redaksiyasında MTN tərəfindən axtarış aparılır. Həmin qəzetin müxbiri Natiq Cavadlı "Azadlıq" qəzetinə məlumatı təsdiqləyib, amma əlavə heç nə deməyib.

****

Müsavat başqanının müşaviri Mustafa Hacıbəyli facebook-da məlumat paylaşıb ki, "Bizim Yol"un əməkdaşı Pərviz Həşimlinin Biləcəridəki evində də axtarış aparılır. Onun yazdığına görə, axtarışı aparanlar MTN əməkdaşlarıdır.

Virtualaz.org Mustafa Hacıbəylidən belə bir məlumat da alıb:“Bunu yaxınları zəng vurub dedi. Bizə çatan məlumata görə, onlar jurnalistin qohumlarını, yaxınlarını, qonşularını, hətta qardaşını da evə buraxmayıblar. Yaxınlarının dediyinə görə, evdə Pərviz Həşimlinin yalnız ailə üzvləridir. Pərvizin özünün həbs olunub-olunmadığı, ümumiyyətlə, onun harada olması barədə heç bir məlumat yoxdur. Onun telefonuna zəng çatır, amma dəstəyi qaldırmır. Böyük ehtimalla o, artıq saxlanılıb”.

****

Jurnalist Sevinc Vaqifqızı Vidadi Məmmədova istinadla ("Azadlıq" qəzeti) statusunda yazır ki, əməliyyatçılar Pərviz Həşimlinin xanımını məcbur edirlər ki, evdən "...narkotika, silah tapılması barədə tərtib edilmiş protokola imza atsın. Ev mühasirədədir, İlahe Həşimova faktiki olaraq girov saxlanılır. Məlumatı Pərvizin yaxınları verib".

****

Hadisə ilə bağlı ciddi bir məqamsa bundan ibarətdir ki, Pərviz Həşimli AXCP Ali Məclisinin üzvüdür...

 

****

Pərviz Həşimlinin qardaşı Zamin Həşimov "Azadlıq" qəzetinin əməkdaşına bildirib ki, jurnalistin evinə 30 nəfərə qədər MTN əməkdaşı gəlib. Onlar evdə axtarış aparırlar, ancaq axtarışın məqsədi və səbəbi barədə məlumat vermirlər. "Bizə heç nə demirlər. Kobud cavablar verirlər, zorakılıq edirlər. Evdə qadın, uşaq var. Xeyli vaxtdır evdədirlər. Nəyəsə imza atdırmaq istəyirlər. Pərvizin özündən isə xəbərimiz yoxdur", - deyə Z.Həşımov bildirib.

 

 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol