Menu

"Maliyyə riskləri artıb" - Mərkəzi Bank

12.11.2015, 11:57
"Maliyyə riskləri artıb" - Mərkəzi Bank

"İnkişaf etmiş bazarlarda maliyyə stabilliyi müşahidə olunsa da, 2015-ci ilin əvvəli ilə müqayisədə inkişaf etməkdə olan ölkələrin (İEOÖ) bazarlarında maliyyə riskləri artmışdır".

“Marja” xəbər verir ki, bu, Mərkəzi Bankın “Pul siyasəti İcmalı”nda icmalında deyilir.

İcmalda qeyd olunur ki, İEOÖ-də olan bazarlardakı həssaslıq, İEÖ-də maliyyə böhranının təsirlərinin hələ də qalması və likvidliyin aşağı olması Beynəlxalq Valyuta Fondu tərəfindən maliyyə bazarlarına mənfi təsir göstərən amillər kimi qiymətləndirilir. Son illərdə olduğu kimi 2015- ci ildə də beynəlxalq investisiyaların axın istiqamətində İEÖ-ə yönümlülük üstünlük təşkil etmişdir. Dövr ərzində inkişaf etməkdə olan bazarlardan kapitalın çıxışı müşahidə edilmişdir. İEOÖ-in beynəlxalq xarici investisiya axınlarındakı ümumi payı 2014-cü ilə nisbətən azalmışdır. Son bir ildə daşınmaz əmlak, neft və qaz, və telekommunikasiya sektorları əsas kapital qoyuluşları cəlb edən sahələr olmuşdurlar. Qlobal iqtisadiyyatda baş verən proseslər maliyyə indekslərində də öz əksini tapmışdır. İlin əvvəli ilə müqayisədə Dow Jones indeksi 8.6% və Nikkey indeksi 0.4% azalmışdır.

"DOLLARIN MÖHKƏMLƏNMƏSİ DAVAM EDİR"

Çində iqtisadi artımın zəifləməsi cari ilin iyun-iyul aylarında Şanxay indeksinin kəskin enməsinə səbəb olmuşdur. Həmçinin Çin yuanının devalvasiya edilməsi və FES-in faiz artımına hazırlaşması da buna təsir edən amillər kimi göstərilir. İlin əvvəli ilə müqayisədə Şanxay indeksi 5.6% azalmışdır. Dünya iqtisadiyyatında gedən zəif artım, neft qiymətlərinin aşağı olması və Çində baş verən iqtisadi geriləmənin nəticəsi olaraq yuanın və bir sıra Asiya ölkələrinin məzənnələrində baş verən devalvasiyalar fonunda ABŞ dollarının möhkəmlənməsi davam edir.

Dövr ərzində ABŞ dolları Avroya nəzərən 7.9% möhkəmlənmişdir. Buna avrozonada həyata keçirilən kəmiyyət yumuşaldılması da təsir edir. İlin əvvəli ilə müqayisədə ABŞ dollarının Yapon yeninə nəzərən məzənnəsi isə 0.4% aşağı düşmüşdür. İxracatı artırmağı hədəf alan Yaponiya Mərkəzi Bankı kəmiyyət yumuşaldılmasını artırmaqla yenin məzənnəsinə azaldıcı təsir göstərir. ABŞ dolları 9 ay ərzində Türk lirəsinə nəzərən 30.8%, Qazax tengesinə nəzərən 48.8%, Rus rubluna nəzərən 13.9%, Gürcü larisinə nəzərən 28.8%, Belarus rubluna nəzərən 60.8% və Norveç kronuna nəzərən 8.2% möhkəmlənmişdir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol