Azərbaycanın Vergilər Nazirliyi bir sıra kütləvi informasiya vasitələrinin nazir Fazil Məmmədovun vəzifəsindən azad olunması barədə yazdıqlarına yenidən münasibət bildirib.
“Marja”nın məlumatına görə, bu gün keçirdiyi mətbuat konfransında vergilər nazirinin müavini Natiq Əmirov bildirib ki, kiminsə nazirin vəzifəsindən azad edilməsinə müdaxiləsi və bu barədə düşüncəsi ədəbsizlikdir:
“Bəzi KİV-lərdə guya vergilər nazirinin vəzifəsindən azad edilməsi barədə məlumat yayılıb. Bizə 2 saytda belə bir məlumatın getdiyi barədə məlumat verildi. Mən bu saytları heç zaman oxumamışdım. Bizim ünsiyyətdə olduğumuz və tanıdığımız ciddi saytlarda belə bir məlumatın getməsinə rast gəlməmişik. Cəmiyyətdə də, ailədə də söz-söhbət gəzdirməyə həvəs göstərən insanlar olur. Nazirin vəzifəsindən azad edilməsi və ya təyin edilməsi möhtərəm prezidentin müstəsna səlahiyyətidir. Yəni, kiminsə buna müdaxiləsi və bu barədə düşüncəsi hesab edirəm ki, ədəbsizlikdir. Fazil Məmmədov hazırda vəzifəsini icra edir. Vergilər nazirliyinin fəaliyyətində də bir çətinlik müşahidə etmirik”.


Şərhlər