Həbsdə olan jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimlinin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hansı hakimin baxacağı hələ bilinmir. Pərviz Həşimli ötən il sentyabrın 17-də digər Azərbaycan vətəndaşı Təvəkkül Qurbanovla birgə tutulub. Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsi onları qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, satma kimi əməlləri təkrar törətməkdə və qaçaqmalçılıqda günahkar bilir. Hər iki şəxs MTN-in istintaq təcridxanasında saxlanılır.

Fevralın 17-də “Media forum” saytına açıqlamasında vəkil Elçin Sadıqov deyib ki, Bakı Ağır Cinayətlər Məhkəməsi ilə əlaqə saxlayıb: “Bildirdilər ki, iş hələ ki, hansısa hakimə verilməyib, dəftərxanadadır. İşə hansı hakimin baxacağı bilinmir. MTN-dən isə deyirlər ki, yalnız hakimin məktubundan sonra müdafiəçilərinə Pərviz Həşimli ilə görüşməyə icazə verilə bilər. Faktiki olaraq Pərviz Həşimlinin vəkili ilə ünsiyyət saxlamaq hüququ pozulur. Məhkəmə sədrinin işi hansı hakimə verəcəyini gözləmək məcburiyyətində qalmışıq. Pərviz Həşimli ilə bundan sonra görüşə biləcəyik”.

Vəkil xatırladıb ki, onlar Pərviz Həşimlinin MTN-in təcridxanasından Bakı İstintaq Təcridxanasına köçürülməsini istəyirlər: “Bu istiqamətdə cəhdlərimizi davam etdirəcəyik. Hakim bəlli olduqdan sonra Pərviz Həşimlinin Bakı İstintaq Təcridxanasına köçürülməsi üçün vəsatət qaldıracağıq. Cinayət işi üzrə ibtidai istintaq bitib. Bundan sonra Pərviz Həşimlinin MTN-in təcridxanasında saxlanmasına qanun yol vermir, bundan ötrü qanuni və faktiki əsas yoxdur”.