Ukraynanın paytaxtı Kiyevdə vəziyyət gərgin olaraq qalır. Ukrayna Səhiyyə Nazirliyinin məlumatına görə, dünənki toqquşmalar zamanı 25 nəfər həlak olub. Daxili İşlər Nazirliyi isə ölənlərin 10 nəfərinin milis olduğunu bildirib. Maydan aktivistlərinin yaydıgı məlumata görə, etirazçılardan 60 nəfəri milis tərəfindən həbs edilib.
Bu arada isə V.Yanukoviçin “Regionlar partiyası”-ından xalq deputatı olan Yuriy Blaqodır həmin partiyadan istefa verdiyini açıqlayıb.
Ukraynadakı hadisələrlə bağlı Rusiya və Avropa Birliyindən reaksiyalar da gəlməkdə davam edir. AB-nin Xarici məsələr üzrə baş diplomatı sayılan Ketrin Eştonun çağırışı ilə sabah Avropa Birliyinin xarici işlər nazirlərinin növbədənkənar toplantısı keçiriləcək. İnformasiya agentliklərinin verdiyi məlumata əsasən, həmin yığıncaqda Ukraynaya qarşı sanksiyaların tətbiq olunması müzakirəyə çıxarılacaq.
Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitriy Peskov Slon.ru internet portalına Ukrayna hadisələri ilə əlaqədar deyib:
”Kreml Ukraynada baş verən hadisələri diqqətlə izləyir. Bir qədər gec də olsa biz mütləq bu məsələyə öz münasibətimizi bildirəcəyik”.
Bir neçə gün əvvəl isə Rusiya Dövlət Dumasından Ukraynadakı vəziyyətlə bağlı “Yuqoslaviya ssenarisi”-nin inkişaf etməsinə imkan verilməməsi cağırışı edilmişdi. Dövlət Duması bəyan etmişdi ki, Qərb Ukraynada öz geopolitik məsələlərini həll etmək yolunda qızışdırıcılıqla məşğuldur.
V.Nəsibov


Şərhlər