İraq kürdləri Rusiya Müdafiə Nazirliyinin İslam Dövləti adlanan təşkilatın ayağına yazdığı neft avtosisternlərinin onalara aid olduğunu bildiriblər
İraq Kürdüstanının rəsmiləri Rusiya Müdafiə Nazirliyinin İslam Dövləti adlanan təşkilatın ayağına yazdığı neft avtosisternlərinin kürdlərə aid olduğunu bildiriblər.
Bundan əvvəl Rusiyanın Müdafiə Nazirliyi guya İŞİD neftinin Türkiyəyə daşınmasını göstərən peyk fotoşəkillərini və xəritələrini nümayiş etdirmişdi.
"Azadlıq" radiosunun məlumatına görə, İraq Kürdüstanı parlamentinin energetika komitəsinin rəhbəri Şerko Cavdat Anadolu agentliyinə deyib ki, bu avtosisternlər doğrudan da Türkiyəyə neft daşıyır, lakin kürd muxtariyyətinin rəhbərliyi bunu heç vaxt gizlətməyib.
Parlament spikeri Rusiyanın təqdim etdiyi sübutların etibarlı mənbələrə əsaslanmadığını qeyd edərək, kürd peşmərgələrinin İŞİD-lə mübarizə aparan əsas qruplardan biri olduğunu və Rusiyanın neft şirkətləri İraq Kürdüstanında fəaliyyət göstərdiyini xatırladıb: “Ümid edirik, Rusiya Türkiyənin İŞİD-lə neft sövdələşməsinə dair məlumatları dəqiqləşdirməyə çalışacaq”.
Rusiya Müdafiə Nazirliyinin iddialarını İraq Kürdüstanı prezidentinin mətbuat katibi də təkzib edib.
Moskva iddia edirdi ki, Suriyadan cihadçıların nəql etdiyi oğurluq neftin alış-verişi ilə prezident Erdoğanın ailəsi məşğul olur.
Neft olmağına neftdir, amma
Rusiya Müdafiə Nazirliyinin nümayiş etdirdiyi “dəlil” fotolarda həqiqətən də İraq Kürdüstanının ərazisi ilə Türkiyə istiqamətində gedən avtosistern karvanı görünür.

Ruslar iddia edirdilər ki, bu avtosisternlər İŞİD qruplaşmasına aiddir.
Türkiyə prezidenti Recep Tayyib Erdoğan Moskvanın irəli sürdüyü ittihamların doğrulacağı təqdirdə istefaya gedəcəyini vəd etmişdi.
Bunun ardınca, Türkiyə prezidenti İŞİD neftini satmaqda Rusiyanı və Assad hökumətini ittiham edib.
O deyib ki, İŞİD neftinin ən böyük müştərisi Assad hökumətidir və nefti Rusiya vətəndaşlığı olan biznesmen satır.


Şərhlər