"İki qayığı suya buraxdılar, ancaq külək suya buraxılan o qayığı bizim olduğumuz qayığa çırpdı. Qayıqdakılar dənizə töküldülər. Biz elə bildik ki, ölmüşük. Bunu danışa bilmirəm, təsəvvür etmək belə çətindi. Mənə elə gəlirdi ki, artıq həyatda deyilik".Bunu APA-ya açıqlamasında SOCAR-ın “Günəşli” yatağının 10-cu dərin dəniz özülündə qaynaqçı işləyən Rəşid Hüseynov deyib.
O, başından xəsarət alıb.
R. Hüseynov hadisənin baş verməsini belə xatırlayıb: "Güclü külək var idi, partlayış oldu. Sonra bizə təxliyə olunmaqla bağlı göstəriş verdilər. Cənub tərəfdəki qayıqların yanına gəldik, tüstü vardı, boğulurduq. Ona görə də ordakı qayığa minə bilmədik. Sonra şimal tərəfə gəldik, nəhayət, ordan iki qayığa mindik və xilas olduq".
Qeyd edək ki, xilas edilənlər Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Xəstəxananın doktoru Adil İsayev musavat.com-a açıqlamasında bildirib ki, qəbul edilən 31 xəstədən 22-sinə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb:“Hazırda 8 nəfər Mərkəzi Neftçilər Xəstəxanasında müalicə alır. Xəstələrin vəziyyəti stabildir. Onlar müxtəlif dərəcədə travma alıblar. Ağır vəziyyətdə olanı yoxdur. Xəstələr bütün müayinələrdən tam keçiblər və hazırda palatalardadırlar”.
Həkim həmçinin bildirdi ki, səhər saatlarında səhiyyə naziri Oqtay Şirəliyev də xəstələrə baş çəkib. O, hər bir xəstənin vəziyyəti ilə maraqlanaraq, palatalarında olub. Daha sonra həkim A.İsayevlə birlikdə hadisə zamanı xəsarət alan xəstələrin palatalarında olduq. Xəstələr bizimlə çətinliklə də olsa söhbət edib, hadisənin necə baş verməsini anlatdılar.
Müxtəlif cür bədən xəsarəti alan neftçilərin hələ də hadisənin şokunda olduqları aydın görünürdü.
Hadisə zamanı iki qabırğasının sınığı və kəllə-beyin travması ilə xəstəxanaya qəbul edilən Mərdan Rəcəbov musavat.com-a aşağıdakıları danışıb: “İşləyirdik, birdən bizə dedilər ki, təcili hər kəs xilasedici jileti geyinsin. Biz də tez geyindik. Sonra qayıqla bizi aşağı salladılar. Güclü külək var idi. Dalğaların hündürlüyü 10 metrə qədər idi. Bizim qayığı dalğa vurub dəmirlərin arasına saldı. Qayıqda 26 nəfər idik. Mənimlə birlikdə digər işçilər də məhz qayığın platformanın dəmirlərinə çırpılması nəticəsində xəsarət aldılar. Dəhşətli mənzərə idi. Bizim qayıq dəmirlərə ilişdiyi üçün sağ qaldıq. Biz olan qayıqdan başqa birini də aşağı sallamışdılar. O qayıqda da olardı təxminən 30 nəfər. Onların qayığı gəminin yan alması üçün xüsusi yer var idi. Həmin yerə çırpılıb. Dalğalar o qədər hündür idi ki, hadisənin necə baş verdiyini anlaya bilmirdik. Hələ indiyə qədər elə dalğa görməmişdik. Deyirlər ki, axırıncı dəfə 1953-cü ildə dənizdə belə dalğa olub”.
Xəstəxanada müalicə alan neftçilərdən birinin isə qadın olduğu bildirildi. Onunla da söhbət etmək qərarına gəldik. 1971-ci il təvəllüdlü Məlahət Əliyeva musavat.com-a necə xilas edildiklərini anlatdı:“İşimizi bitirib dincəlirdik. Nəsə qəribə səs eşitdim. Çölə çıxanda gördüm ki, hər tərəf tüstü içərisindədir. Hansı qapıya yaxınlaşırdıq alov vururdu üstümüzə. Bir təhər çıxıb, xilasedici formanı geyinib qayıqlara tərəf qaçdıq. Qayığa biz mindiyimizdə saat 18 radələri idi. Növbəti gün saat 14 radələrində gəlib bizi xilas etdilər. Xilasedicilər dalğalara görə qayığa yaxınlaşa bilmirdilər. Oradan sağ çıxmağımız özü bir möcüzədir”.
Xəstəxanada olduğumuz zaman platformanın rəisi Allahverdi Məmmədovun da müalicə aldığı palatada olduq .Öyrəndik ki, neftçiləri qayıqlara A.Məmmədov mindirib. Sonda özü də 26 nəfərin olduğu qayığa minib. Hadisə zamanı o da xəsarət alıb. Hazırda vəziyyəti stabildir. Platforma rəisi baş verənləri musavat.com-a bu cür anlatdı: “Saat 17 radələrində platformadakı xətlərdən birində qəza yarandı. Çöldə müəyyən işlərimiz vardı, onları görürdük. Birdən möhkəm səs eşitdik. Xətlər bir-birindən aralandı, alov püskürdü. Güclü şimal-qərb küləyi əsirdi, ona görə də yanğın çox qısa müddətdə bütün platformaya yayıldı. Tez işçiləri təxliyə etməyə başladım. İşçiləri qayıqlara mindirib bir qədər aşağı salladım ki, yanğından aralıda olaq. Özüm də sonda 26 nəfərin olduğu qayığa mindim. Orada 27 nəfər olduq. Digərlərindən xəbərim yoxdur. Çünki külək yanğını platformanın hər tərəfinə yayırdı. Hadisənin bu qədər faciəvi hal almasına səbəb dalğaların həddindən artıq güclü olması oldu. Bizim blokdakı müvafiq cihaz küləyin dərəcəsini saniyədə 35 metr göstərirdi”.
Xəstəxanada olduğumuz zamanı xəsarət alanların yaxınları ilə də söhbət etdik. Onlar da çox narahat görünürdülər. Xəstələrlə görüş vaxtı olmadığı üçün xəstə yaxınları içəri buraxılmırdı. Həkimlər bildirdilər ki, 5 dekabrda xəstələr xəstəxanaya gətirilən zaman burada onların yaxınları olduqca təlaşlı halda olublar. Hətta yaxınını xəstələrin içində görməyən bir şəxs, SOCAR-a aid avtobusun şüşələrini də yumruq zərbəsi ilə sındırıb.
Qeyd edək ki, prezident İlham Əliyev 6 dekabrda SOCAR şirkətinə məxsus dəniz özülündə ölənlərin xatirəsinə Azərbaycanda bir günlük matəm elan edib.

Şərhlər