Menu

“Prosesin qapalı keçirilməsinin əleyhinəyəm” - Təhsildə Misir Mərdanova doğru geri?

07.12.2015, 12:08
“Prosesin qapalı keçirilməsinin əleyhinəyəm” - Təhsildə Misir Mərdanova doğru geri?

“Sonda qalib məktəblərin və qalib müəllimlərin pulla mükafatlandırılması məsələsi ciddi şəffaflıq tələb edir”

“Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri ilə 2015-ci ildə keçirilən müsabiqədə iştirak üçün 110 ümumtəhsil məktəbi, 600 müəllim Təşkilat Komitəsinə müraciət edib. Müsabiqələrin keçirilməsi və bu prosesin tənzimlənməsi ilə əlaqədar kollegial qərarların qəbul olunmasını təmin etmək üçün təhsil nazirinin müavini Firudin Qurbanovun rəhbərliyi ilə Təşkilat Komitəsi yaradılıb. Təşkilat Komitəsində Nazirliyin müvafiq struktur bölmə rəhbərləri təmsil olunur.

Müsabiqələrin ilk mərhələsində verilmiş sənədlərin ekspertizası həyata keçirilib, nəticədə müvafiq bal toplamış 76 məktəb və 143 müəllim müsabiqənin növbəti mərhələsinə buraxılıb.

“Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin növbəti mərhələsinə buraxılmış məktəb direktorları Təhsil Nazirliyində yaradılmış Təşkilat Komitəsi qarşısında təqdimatla çıxış edərək 10 ballıq sistemlə qiymətləndiriliblər.

“Ən yaxşı müəllim” müsabiqəsinin ikinci mərhələsinə vəsiqə qazanmış müəllimlər Bakının 50 məktəbində sınaq-nümunə dərsləri keçib. Dərslərdə iştirak edən müsabiqə komissiyası hər bir müəllimin tədris bacarığını 10 ballıq sistemlə qiymətləndirib.

Üçüncü mərhələdə həmin müəllimlər Təşkilat Komitəsi qarşısında təqdimatla çıxış edirlər. Bu təqdimat da 10 ballıq sistemlə qiymətləndirilir.

Yekunda bütün mərhələlər üzrə ballar toplanacaq və ən çox bal toplamış 47 məktəb və 95 müəllim müsabiqənin qalibi elan olunacaq. Analoji proses Naxçıvan Muxtar Respublikasında da həyata keçirilir. Burada seçilmiş 3 ən yaxşı məktəb və 5 ən yaxşı müəllim müsabiqə qaliblərinin sırasına əlavə ediləcək və beləliklə, 2015-ci ildə respublika üzrə 50 məktəb, 100 müəllim qalib elan olunacaq.

Müsabiqə barədə təəsuratlarını bölüşmək üçün müxbirimiz təhsil eksperti Etibar Əliyevlə söhbətləşib:

Etibar Əliyev bildirib ki, proses qapalı keçirildiyi üçün, hələlik heç bir münasibət bildirmək fikri yoxdur: “Bu cür mühüm prosesdə təhsil ekspertləri və QHT nümayəndələrinin təcrid olunması yaxşı hal deyil. Ən azından jurnalistlərin bu barədə suallarına cavab verməyə çətinlik çəkirik. İştirak etmədiyimiz və monitorinqini aparmadığımız proses haqqında necə fikir bildirə bilərik? Sonda qalib məktəblərin və qalib müəllimlərin pulla mükafatlandırılması məsələsi ciddi şəffaflıq tələb edir. Vaxtilə qeyri-şəfaf keçirilmiş bu proses çox böyük tənqidlərə tuş gəldi. Mən prosesin qapalı keçirilməsinin əleyhinəyəm və digər təhsil ekspertlərinə də bu prosesə münasibət bildirməkdən çəkinməyi tövsiyyə edirəm. Nəzərə alın ki, jurnalistlər Təhsil Nazirliyinin nümayəndələrindən çox bizlərə müraciət edirlər.”

"Təhsil Nazirliyi ali məktəblərin akkreditasiyasını həyata keçirir. Bu prosesə necə, təhsil ekspertlərinin iştirakı təmin olunubmu" sualına cavabında təhsil eksperti bunları bildirib:

"Ali məktəblərin akkreditasiyası çox mühüm hadisədir. Bu prosesə də təhsil ekspertləri və bu sahədə fəaliyyət göstərən QHT-lər cəlb olunmurlar. Belə deyək ki, bu da qapalı şəraitdə həyata keçirilir. Mən çox təəssüf edirəm ki, akkreditasiya prosesi əvvəlki illərdə olduğu kimi aparılır. Bu, Boloniya razılaşmasına ziddir və legitim sayıla bilməz. Təhsil Nazirliyi ona tabe olan təhsil müəssisələrində təhsilin keyfiyyətini qiymətləndirməməlidir. Bu prosesdə də iştirak etmədiyimiz üçün gedişatın qiymətləndirilməsi imkanlarından məhrumuq. Bir məsələni də qeyd edim ki, Təhsil sahəsində QHT-lər və təhsil ekspertləri rayonlarda keçirilən müəllimlərin biliklərinin diaqnostik qiymətləndirilməsinə də cəlb olunmadığından prosesin necə keçirilməsi barədə tam məlumatsızıq."

V.Nəsibov

P.S. Araşdırdıq ki, “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri ilə yaradılmış Təşkilat Komitəsinə və daxil olan sənədlərin ekspertizasını aparacaq işçi qrupunun tərkibinə, həmçinin Akkreditasiya komissiyalarının tərkibinə təhsil ekspertləri və bu sahədə QHT nümayəndələrinin adları salınmayıb. İctimai Şuranın yaradılmasının gecikməsinin səbəbləri artıq özünü göstərir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol