Ziya Məmmədovun qardaşı oğlu Kikboksinq Federasiyasının razılığı olmadan yarış keçirir
Azərbaycan idmanında çox ciddi qarşıdurma yaşanır. Bu barədə AzPolitika.info-ya idman ictimaiyyəti arasındakı mənbələrdən daxil olan məlumatda bildirilir ki, 2 qüdrətli dairənin üz-üzə gəlməsi nəticəsində fevralın 23-də Azərbaycan kikboksçuları bu dəfə münasibətlərini rinqdən kənarda aydınlaşdıra bilərlər…
Məsələ ondadır ki, həmin gün Bakıda – “Sərhədçi” İdman Kompleksində “K-1” döyüş növü üzrə dünya “Qran-pri” yarışlarının final mərhələsi keçiriləcək. Lakin bu tədbir qanunsuzdur və Azərbaycan Kikboksinq Federasiyasının, həmçinin Azərbaycan Gənclər və İdman Nazirliyinin icazəsi, iştirakı olmadan baş tutur. Hər halda Federasiya belə bir iddia irəli sürür ki, “K-1” döyüş növü Kikboksinq idman növünün bir versiyasıdır və bu döyüş növü üzrə onun razılığı olmadan hər hansı yarış təşkil oluna bilməz. Lakin göründüyü kimi, təşkil olunur. Çünki təşkil edən nəqliyyat naziri Ziya Məmmədovun deputat qardaşının oğludur. Elton Məmmədovun gənc oğlu Elnur Məmmədov, bizə verilən məlumata görə, təşkilinə təxminən 1 milyon manatın xərcləndiyi bu yarışı, sözün əsl mənasında İdman Nazirliyini, Kikboksinq Federasiyasını, ən əsası, Azərbaycan qanunlarını heçə sayaraq, zor gücünə keçirir.
Qeyd edək ki, rəsmi açıqlamada “Best of the Best” şirkətinin təşkilatçılığı ilə keçiriləcəyi élan olunan yarışda bir sıra məşhur idmançılar iştirak edəcəklər. Turnirin reqlamentinə əsasən, əsas görüşlərdən əvvəl reytinq döyüşləri baş tutacaq.
Turnirin fəxri qonaqları “K-1”-in ulduz simaları Bədr Xari, Remi Bonjaski, Gokhan Saki və Melvin Manhuf olacaqlar. Bizə verilən məlumata görə, təkcə onlara bu yarışda iştiraklarına görə nazirin qardaşı oğlu 300 min manta qonorar ödəyəcək.
Turnirin 80 televiziya kanalı vasitəsilə 155 ölkədə yayımlanacağı qeyd olunub.

Lakin bizə verilən məlumatlara görə, yarışda iştirakı nəzərdə tutulan yerli kinkboksçuların bir neçəsi iştirakdan imtina edib. Buna səbəb yarışın Kikboksinq Federasiyasının razılığı olmadan, federasiya ilə qarşıdurma şəraitində keçirilməsidir.
Xatırladaq ki, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti millət vəkili Adil Əliyevdir. Məlumata görə, A.Əliyev Ziya Məmmədovun qardaşı oğlunun özbaşınalığının qarşısını almaq üçün bəzi vasitələrdən istifadə edib, lakin nəticəsi olmayıb. Hətta Ziya Məmmədovun oğlu Anar Məmmədovla Adil Əliyevin arasında sərt üslubda telefon danışığının olduğu da bildirilir…
Azərbaycan idmanındakı bu sensasiyalı qarşıdurma ilə bağlı AzPolitika.info-nu məlumatlandıran mənbə deyir ki, hakimiyyətdə təmsil olunan qüdrətli tərəflərin heç biri geri çəkilmək istəmədiyindən fevralın 23-də keçirilməsi planlaşdırılan yarışda qarşıdurma ehtimalı var. Təşkilatçılar bu ehtimalı nəzərə alaraq yüksək təhlükəsizlik tədbirlərinə əl atıblar. Belə ki, Anar Məmmədova məxsus “Qarant Holdinq”in yüzlərlə əməkdaşı, həmçinin ətraflarındakı idmançı gənclər fevralın 23-də “Sərhədçi” İdman Kompleksinin mühafizəsinə cəlb olunacaqlar. Təşkilatçılarda şübhə var ki, Kikboksinq Federasiyasında, Adil Əliyevin ətrafında olan idmançılar tamaşaçı qismində idman kompleksinə daxil olaraq yarışı pozmağa cəhd edəcəklər.

“K-1”-in Azərbaycan Gənclər və İdman Nazirliyinin rəsmi məktubu əsasında Ədliyyə Nazirliyində Kikboksinq Federasiyasının tabeliyində olan idman növü kimi qeydiyyata alındığını deyən Adil Əliyev bildirib ki, fevralın 23-də keçiriləcək yarışdan Dünya Kikboks Federasiyasının xəbəri yoxdur.
“Təşkilatçılar özbaşınalıq edirlər. Yəqin bunun da səbəbləri var, əmi-dayı, pul səbəbləri…
Lakin biz həmişə asayişi qoruyan adamlar olmuşuq. Qanunu pozmuruq, özləri qanunu pozublar, indi gözləyirlər ki, adekvat olaraq biz də qanunu pozaq. Amma biz qanunlarla yaşayırıq. Bunlar boş söhbətlərdi. Onların məqsədi nədir mən bilmirəm. Uşağın başa düşməməsini anlamağa çalışırdım ki, uşaqdır, gəncdir… Amma böyüklərin başa düşməməsini anlaya bilmirəm. Başqa bir problem yoxdur. Onların bir atımlıq barıtları var.
Azərbaycanda idman siyasəti hamıya bəllidir. Bəziləri də indi bizim yetişdirdiyimiz idmançılara hazırın-naziri oub, yarış keçirmək istəyirlər. Keçirsinlər, ancaq qanun verən adam qanunu pozmamalıdır…”
A.Əliyev Gənclər və İdman Nazirliyinin, Kikboks Federasiyasının razılığı olmadan bu yarışın necə keçiriləcəyi haqda suala belə cavab verib:
“Yarış belə baş tutur da, zor gücünə. Biz – mən və idman nazirliyi sözlə başa saldıq ki, belə olmaz. Yenə də elədilər. İndi məhkəməyə müraciət eləməliyik, amma etmək istəmirəm …”
Federasiya prezidenti qeyd edib ki, yarışın keçirildiyi “Sərhədçi” İdman Kompleksində nəsə bir hadisə baş verəcəksə, məsuliyyət onların üzərində qalmayacaq.
Əməkdaşımız qarşı tərəf – yarışın təşkilatçısı kimi çıxış edən Elnur Məmmədovla da danışmaq istəyib, lakin bu cəhd baş tutmayıb.
Mövzuya qayıdacağıq.
Rasim ƏLİYEV
AzPolitika.info








Şərhlər