Türkiyə ilə Rusiya arasında münasibətlərin gərginləşməsi Ankara-Təl-Əviv münasibətlərini istiləşdirə bilər. Siyasi ekspertlər bildirir ki, İsrail siyasətçiləri bu dönəmdə baş nazir Benyamin Netanyahu ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında uzlaşmanı tövsiyyə edir. Türkiyənin Radikal.com saytının xəbərinə görə, İsrailin Kanal2 televiziyasında gedən müzakirələrdə Türkiyə üçün Rusiya qazını İsrail qazının əvəz etməsinin mümkünlüyü önə sürüb.
İsrail analitikləri bildirib ki, baş nazir Netanyahu qısa zamanda rəsmi Ankara ilə münasibətləri istiləşdirməyə çalışmalı, ardınca qaz xəttinin çəkilməsi üzrə danışıqlara başlanmalıdır. Onların fikrincə, Moskva ilə münasibətlər gərginləşəndən sonra durumun iki ölkə arasındakı enerji anlaşmalarına təsirsiz ötüşməyəcəyi ortadadır. Belə olan halda, İsrail dövriyyəyə girməli, Ankara ilə qaz razılaşması imzalanmalıdır. Ekspertlər qaz kəmərinin perspektivlərinin də böyük olduğunu düşünür. İsrail yeni xəttə öz təbii qazını Türkiyə üzərindən Avropaya çıxarmaq imkanı kimi də baxır.
Radikal.com yazır ki, İsrailin xarici işlər, müdafiə və enerji nazirlikləri bu layihəni dəstəkləyir. İsrail baş nazirliyindəki qaynaq indi məsələnin gündəmə gətirilməsi üçün doğru zaman olduğunu bildirib. Əgər layihə baş tutsa, bu, uzun müddətdir Türkiyə ilə İsrail arasında soyuq münasibətləri də yumşalda bilər.
İsrail qazı İsrailin iqtisadi suları deyilən ərazidədir. Həmin bölgə Kıprısın iqtisadi sularına qonşudur. İndi “Leviathan” və “Tamar” adlı yataqlardan artıq qaz çıxarmasına başlanıb. İsrail ekspertlərinin fikrincə, bölgədə yeni enerji infrastrukturunun yaradılması Türkiyə-Kıbrıs-Yunanıstan münasibətlərinə də müsbət təsir göstərə bilər.
Hələlik isə Netanyahu ilə Ərdoğan arasında olduqca soyuq münasibətlər davam edir. Xarici işlər nazirliklərinin təmaslar olsa da bu, hələlik liderlər səviyyəsinə keçməyib. Netanyahu isə yaxın həftələrdə Yunanıstanın baş naziri və Kıprıs rum kəsiminin prezidenti ilə görüşməyə hazırlaşır. Tərəflərin əsas müzakirə mövzusu yeni qaz xəttinin çəkilməsi olacaq.(musavat.com)


Şərhlər