Menu

Rusiya üçün neft qiyaməti - Rubl da ucuzlaşır

14.12.2015, 12:58

PAV57f2b3_putin_rublucuzlaşmaqda davam etməsi Azərbaycanla qonşu neft ölkələrində milli valyutaların da ucuzlaşmasına səbəb olub. Virtualaz.org saytı xəbər verir ki, Qazaxıstan təngəsi bu gün keçirilən hərracda ucuzlaşaraq tarixi minimuma enib. Hazırda 1 ABŞ dolları 322,47 təngədir, bu ötən həftənin son hərracında qərarlaşmış məzənnədən 10,55 təngə çoxdur.

Qazaxıstan bu ilin avqustunda milli valyutanın tənzimlənməsi siyasətindən imtina edib və sərbəst üzən məzənnə siyasətinə keçib. Bu ilin fevralında təngənin 20 faizlik devalvasiyası həyata keçirilsə də qazax milli valyutasının kursunu uzun müddət sabit saxlamaq mümkün olmadı.

Fevralda Qazaxıstan Mərkəzi Bankı 1 ABŞ dollarının kursunu 185 təngə (plyus-minus 3 təngə) müəyyən etmişdi. Ancaq avqustda sərbəst üzən məzənnə siyasətinə keçiddən sonra təngənin məzənnəsi kəskin aşağı düşdü. Hazırda da neftin ucuzlaşmasının təsiri altında bu enmə davam edir.

Rusiyada da milli valyutanın ucuzlaşması baş verməkdədir. Rusiya Mərkəzi Bankı hələ ötən ilin dekabrında sərbəst üzən məzənnə siyasətinə keçib.

Rubl bir müddət kəskin ucuzlaşsa da daha sonra məzənnə qismən stabilləşmişdi. İndi isə 1 ABŞ dolları 70 rubl psixoloji həddini keçib. Bu gün keçirilən hərracda 1 ABŞ dolları 70.37 rubla - ötən həftənin son hərracından 1.22 rubl baha satılıb.

Çinin Xalq Bankı da bu gün - dekabrın 14-də milli valyuta yuanın məzənnəsini dollara nisbətdə yenidən ucuzlaşdırıb. Çinin valyuta ticarət sisteminin saytının (CFETS) verdiyi xəbərə görə, ucuzlaşma 137 baza punktundan ibarət olub. Yeni məzənnə 1 dollara 6,4495 yuan həddində müəyyənləşib.

CFETS xatırladır ki, bundan əvvəlki devalvasiya dekabrın 10-da baş vermişdi. Onda 1 dollar 6,42 yuan təşkil edirdi.

Bu il ərzində Çinin Xalq Bankı yuanı ilk dəfə avqustun 11-də devalvasiya edib. Bundan sonra üç gün ərzində Çin valyutası dollara nisbətdə 4,6 faiz ucuzlaşıb. Sonra isə yuanın məzənnəsi yenidən yüksələrək dekabrın əvvəlində 1 dollar 6,32 yuan olub.

Xatırladaq ki, neftin ucuzlaşması bugünkü hərraclarda da davam etməkdədir. Hazırda 1 barrel “Brent” nefti 38 dollardan aşağı satılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol