Menu

"2016 imtahan ilidir"

15.12.2015, 12:43
"2016 imtahan ilidir"

Azərbaycanın Vergilər Nazirliyi 2017-ci ildən bir çox məhsulların nağd satışının qadağan edilməsini planlaşdırır.

“Marja”nın məlumatına görə, bu gün Vergilər Nazirliyində keçirilmiş mətbuat konfransında Nazirliyin Strateji Araşdırmalar Baş İdarəsinin rəisi Natiq Şirinov bildirib ki, gələn il nağdsız ödənişlər üzrə vergi ödəyiciləri və Vergilər Nazirliyi üçün bir imtahan ilidir:

“2016 İMTAHAN İLİDİR”

"Vergilər Nazirliyi inanır ki, 2016-cı ildə vətəndaşlar və vergi ödəyiciləri nağdsız qaydada ödəniş alətlərindən istifadə etməklə öz bizneslərini, şəxsi alış-verişlərini qurmaq bacarığını sübüt edəcəklər. Biz bunu sübut edə bilsək, 2017-ci ildən nağdsız ödənişlərin arenasını genişləndirəcəyik, şəffaflığa doğru növbəti addımı atacağıq. Mən vergi ödəyicilərini inandırıram ki, şəfaf şəkildə qeyri - nağd qaydada aparılacaq əməliyyatlar birinci növbədə Vergilər Nazirliyini ictimai nəzarətə tabe edəcək. Vergi ödəyicilərinin vergi yükünü əhəmiyyətli dərəcədə yumuşaldacaq, əsassız müdaxilələrin, əsassız söz-söhbətlərin əmələ gəlməsini aradan qaldıracaq. 2016-cı il nağdsız ödənişlər üzrə vergi ödəyiciləri və Vergilər Nazirliyi üçün bir imtahan ilidir. Mən hesab edirəm ki, biz bu imtahandan uğurla çıxacağıq. Sübut edəcəyik ki, nağdsız əməliyyatı aparmaqla şəffaf olmağı bacarırıq. Qarşıdakı illərdə də nağd ödənişlərin qadağan edildiyi siyahını artıracağıq”,- o deyib.

GƏLƏN İLDƏN BU MƏHSULLARI NAĞD SATMAQ QADAĞAN OLUNUR

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla, dəyəri 50 manata kimi olan aksizli malların nağd qaydada satılması inzibati xəta kimi müəyyən edilib. Cinayət Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla, dəyəri 50 manatdan 1000 manatadək olan aksizli malların nağd qaydada satışı, habelə külli miqdarda (1000 manatdan yuxarı) satışı, belə malların satış məqsədləri üçün nağd qaydada xeyli miqdarda alınması cinayət məsuliyyəti yaradır. Qeyd edək ki, tütün məmulatlarının topdan satışı da bu qanunun əhatə dairəsinə düşür. Dəyişikliklər 2016-cı ilin 1 Yanvar tarixindən qüvvəyə minəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol