Menu

Valyuta ehtiyatlarının tükənməsinə aylar qaldı - Mərkəzi Bank möcüzə gözləyir

16.12.2015, 11:38

bankBu günlər Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatlarının tezliklə bitəcəyi, manatın məzənnəsini sabit saxlamaq üçün gələn ilin payızına qədər çatacağı barədə müzakirələr aparılır.

Əslində belə müzakirələrə səbəb də var. Belə ki, 31 İyul 2014-cü il tarixində Mərkəzi Bankın valyuta ehtiyatları tarixi zirvə olan 15 milyard 193.4 milyon dollara qalxmışdı. 2014-cü ilin Avqust ayından isə Mərkəzi Bankın valyuta ehtiyatları azalmağa başladı. Valyuat ehtiyatlarının “əriməsi” neftin ucuzlaşması dövrü ilə üst-üstə düşür.

Mərkəzi Bank 2014-cü ilin sonuna qədər valyta ehtiyatlarının 1 milyard 435,1 milyon dollarını itirdi. Ehtiyatların azalması dayanmırdı. Yanvarda ehtiyatlar 1 milyard 77,5 milyon dollar azaldı. Fevralda ehtiyatlar daha kəskin - 1 milyard 676,4 milyard dollar gerilədi. Mərkəzi Bank 21 Fevral 2015-ci il tarixində devalvasiyaya getdi. Devalvasiyanın xofu ilə manatın dollara çevrilməsi prosesi Mart ayında da davam etdi. Martda valyuta ehtiyatları 1 milyard 532,3 milyon dollar “əriyərək” 10 milyard dollardan aşağı – 9 milyard 472.1 milyon dollar düşdü. Apreldə azalma isə 1 milyard 84,2 milyon dollar oldu.

May və İyun aylarında neftin qiymətində artım baş verdi və Brent nefti 63 dollara qədər qalxdı. Bununla bağlı olaraq Azərbaycanda əhval-ruhiyyə yüksəldi və valyuta ehtiyatlarında may və İyun aylarında cüzi artım qeydə alındı. İyun ayının sonunda Mərkəzi Bankın valyuta ehtiyatları 8 milyard 520.2 milyon dollara bərabər idi. Ehtiyatlar 2 ayda cəmi 132,3 milyon dollar artmışdı.

Neftin qiymətlərində yüksəlmə uzun çəkmədi. Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) hasilatı azaltmamasına qərar verməsi bazarlarda neft təklifi çoxluğunu şiddətləndirdi. Buna bağlı olaraq neftin qiyməti yenidən aşağı düşməyə başladı. İyul – Noyabr aylarında valyuta ehtiyatlarından daha 2 milyard 274,6 milyon dollar “buxarlandı”.

16 AYDA 60%-Ə YAXIN AZALIB

30 Noyabr 2015-ci il tarixinə Mərkəzi Bankın valyuta ehtiyatları 6 milyard 245.6 milyon dollar təşkil etmişdi. Bu 2014-cü ilin İyun ayındakı 15 milyard 193.4 milyon dollarlıq zirvə ilə müqayisədə 8 milyard 947,8 milyon dollar və ya 59% azdır.

Bəs azalma bu templə gedərsə valyuta ehtiyatları nə vaxta qədər çata bilər?

İlin əvvəlindəki kəskin azalmaları nəzərə almasaq, bu ilin yarısından bəri valyuta ehtiyatlarında orta aylıq azalma 455 milyon dollar olub. Azalma bu templə getsə Mərkəzi Bankın valyuta ehtiyatları 13 ay kifayət edər. Bu da cari ilin Dekabr ayı daxil ehtiyatların gələn ilin sonuna qədər çata biləcəyi deməkdir.

Nəzərə alsaq ki, 2016-cı ildə neftin ucuzlaşmasının davam edəcəyi, hətta 30 dollara düşəcəyi proqnozlaşdırılır. Vəziyyətin düzəlməməsi Azərbaycanda hamını ehtiyatlı olmağa vadar edir. Qazanılan pullar dərhal manatdan dollara çevrilərək yastıq altına atılır. Bu proses davam etdikcə dollara tələb yüksək qalacaq və Mərkəzi Bankın valyuta ehtiyatları azalma meylində olacaqdır.

BANKLARDA DOLLAR YIĞILIB QALIB

Bu gün banklarda dollarda böyük məbləğdə vəsait yığılıb. Banklardan əvvəlki qədər dollarda kredit götürülmədiyindən vəsitlər hərəkətsiz qalıb. Əgər inam bərpa olunarsa həmin vəsaitlər kredit şəkildə iqtisadiyyata ötürülə bilər. Bu da dövriyyədə dolların artmasına səbəb olacaq və Mərkəzi Bank bir qədər “nəfəs alacaqdır”.

Mərkəzi Bank çətin seçim qarşısındadır. Ya devalvasiyaya getməyərək 2016-cı ilin sonunadək vəziyyətin düzəlməsini gözləməlidir, ya da manatı sərbəst buraxmalıdır. Ən pisi, 2016-cı ilin sonunda da vəziyyətin yaxşılaşmamasıdır ki, vəziyyət düzəlməsə valyuta ehtiyatları bitəcəkdir. Qeyri-neft məhsullarının ixracı elə də böyük olmayan, ölkəyə böyük valyuta gətirən şirkətləri olmayan bir ölkə üçün “üzən məzənnə”yə keçmək də risklidir. Manatın dollar qarşısında potensial “psixoloji məzənnəsi” 1,50 manat civarındadır.

Qeyd edək ki, devalvasiya vəziyyətdən çıxış yolu ola bilməz. İkinci devalvasiya, maliyyə sisteminin daha böyük itkilər verməsinə, inamın daha da sarsılmasına, iqtisadi vəziyyətin ağırlaşmasına səbəb ola bilər. Birinci davalvasiya göstərdi ki, belə qərar valyuta ehtiyatlarına azaldıcı təsir göstərmir, Azərbaycanın indiki vəziyyətində qeyri-neft sektorunun ixracının artmasına səbəb olmur. Ən optimal çıxış yolu kimi, iqtisadiyyatı sürtələ canlandırmaq, bankların kredit qoyuluşlarını artırmaq, əhalinin və şirkətlərin milli valyutaya və banklara inamını artırmaqdır və s.   /marja.az

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol