Türkiyədə Rusiyanı hakimiyyət orqanlarının təzyiqi altında tərk etmiş müsəlmanların icması tədricən genişlənir. “Hazırda müsəlmanlar Rusiyadan getmirlər, onlar evakuasiya olunurlar. İslamın bütün qrupları, bütün təriqətləri təqib edilir. Çox adam köçüb” - bunu “Kavkazskiy uzel” internet nəşrinə açıqlamasında “Qolos İslama” saytının 2012-ci ildə İstanbula köçmüş baş redaktoru Dmitri Çernomorçenko deyir.
Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) öz növbəsində köçüb gedən bəzi müsəlmanların ekstremizm və terrorizmlə bağlı olmasından şübhələnir.
Lakin Rusiyadan hakimiyyət orqanları ilə problemlər ucbatından Türkiyəyə köçüb gedən müsəlmanların hamısını Rusiyada qadağan olunmuş “İslam Dövləti” (İŞİD) təşkilatı ilə bağlamaq məsələni son dərəcə bəsitləşdirmək olardı. Elə isə bu insanlar kimdir?
Köç, yoxsa evakuasiya?
Türkiyəyə miqrasiya edən Rusiya müsəlmanları özlərini “mühacir” adlandırır. Ərəbcədə mənası “köçkün”dür.
“Əlbəttə, hər addımda məni yoxlayan Rusiya polisləri müsəlman olub-olmadığımı soruşurdular. Hərdən zarafatla deyirdim ki, saqqalı geoloq olduğuna görə saxlayıram. Geoloqlar saqqallı olurlar axı” - deyir D.Çernomorçenko.
Dmitri Çernomorçenko Novıy Urenqoy şəhərindəki “Nur İslam” məscidinin fəallarından biridir. 2010-cu ildə bu məscidin icmasından bir neçə nəfəri ekstremizmdə ittiham ediblər.

Məsələ Rusiya Federasiyasının Ali Məhkəməsinə çıxıb. Məhkəmə məsələni “Nur İslam” məscidinin xeyrinə həll edib.
“İndi bizim icmamızın aktivi bütün heyətlə ya işsiz qalıb, ya biznesini itirib, ya da saxtalaşdırılmış ittihamlarla məhkum olunub. İmamımız öldürülüb” - deyir Çernomorçenko.
“Mühacirlər” deyirlər ki, Rusiya hüquq-mühafizə orqanları hələ də onların qohum və dostlarına baş çəkir, sual-cavab edir, yoxlayır.
Yeri gəlmişkən, Türkiyədə də Rusiyadan gələn müsəlmanların heç də hamısı rahat yaşaya bilmir.
“Mühacirlər”in dediyinə görə, Moskva son vaxtlaradək Türkiyə xüsusi xidmətlərinə sorğular göndərir, bu və ya digər rusiyalıların təslim edilməsini istəyirdi.
Cinayət işləri üzrə qarşılıqlı yardım müqaviləsinə əsasən Türkiyə təslim edilməsi istənilən şəxsləri saxlayır və Rusiyaya deportasiya edirdi.
Biz FTX-yə müraciət edərək onların Türkiyə hüquq-mühafizə orqanları ilə əməkdaşlığı, habelə ekstremizm və terrorizmdə şübhəli bilinən və artıq Türkiyəyə köçmüş şəxslər barədə məlumat verilməsini xahiş etmişdik. Lakin bu məqalə dərcə hazırlanarkən bizə hələ cavab verməmişdilər. “Mühacirlər”sə iddia edirlər ki, bəzi hallarda onlarca insan həbs edilirdi.
Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının məlumatına görə, 2015-ci ildə ölkədə İŞİD-ə daxil olmaq istəyən 913 nəfər saxlanılıb. Onlardan 99-u, yəni hər 10 nəfərindən 1-i rusiyalıdır. Baş Qərargahın məlumatına görə, onların hamısı deportasiya olunub.
İŞİD-lə həqiqi və uydurma əlaqələr
“Mühacirlər”lə özünü “İslam Dövləti” adlandıran təşkilatla sıralarına qoşulmaq üçün gedənlər arasında əlaqə varmı?
İstanbuldakı Rusiya Araşdırmaları İnstitutunun direktoru Qumer İsayev bu iki fenomeni qarışdırmamağı məsləhət görür.
“Mən hesab edirəm ki, bəzi “tədqiqatçıların” toruna düşüb hamını ucdantutma İŞİD sıralarına göndərmək lazım deyil” - deyir İsayev.
2012-ci ildə Rusiyadan Türkiyəyə mühacirət etmiş Pavel Okrujko da eyni fikridədir. 2015-ci ildə onun barəsində Suriya ərazisində qanunsuz silahlı birləşmədə iştirak ittihamı ilə cinayət işi açılıb.

“Okrujko P.A. 2013-cü ilin iyulundan öz dini inanclarından çıxış edərək və əməlinin cinayət xarakteri daşıdığını dərk edərək Suriya Ərəb Respublikasının ərazisində bu ölkənin qanunvericiliyi ilə qanunsuz sayılan silahlı birləşmədə iştirak etməkdə ittiham edilir” - deyə FTX Stavropol idarəsinin Okrujko ailəsinin sorğusuna cavabında bildirilir.
Məhkəmə keçirilmədən Okrujko artıq “Rosfinmonitorinq”in saytında fəaliyyətdə olan terrorçular və ekstremistlər siyahısına daxil edilib və onun bütün bank hesabları bağlanıb.
Okrujko deyir ki, Rusiya hakimiyyət orqanlarından belə münasibət gözləmədiyi üçün təqsirsizliyini sübut edəcək sənədləri də o qədər çox deyil.
Pavel etiraf edir ki, 2002-ci ildə ərəb dili kurslarında oxumaq üçün qısa müddətə Suriyada olub. Pavelin sözlərinə görə, hazırda onun Türkiyədə daimi yaşadığını və “Suriyaya getmədiyini” qonşuları və qızının oxuduğu məktəbin müəllimləri də təsdiq edə bilərlər.
Biz Paveldən soruşduq ki, onun fikrincə, İslamı qəbul etmiş ruslara münasibət necədir.
“Rus müsəlmanlara xüsusi münasibət var. Və hazırda Rusiya KİV-ləri bu məsələni şişirdirlər. Yazırlar ki, ruslar İslamı qəbul etdikdən sonra radikallaşa, haradasa partlayış törədə bilərlər. Əlbəttə, bunu istisna etmək olmaz. İstənilən millətin içində radikallar var. Lakin İslamı qəbul edən böyük rus kütləsinin içində bir ovuc radikal var” - deyir o.
Rusiya Elmlər Akademiyasının Etnosiyasət İnstitutunun baş elmi işçisi Axmet Yarlıkapov deyir ki, məskunkaşmaq və ya müharibədə iştirak etmək üçün miqrasiya eyni prosesdən keçir.
“Mühacirlərin əsas məqsədi müsəlman ölkəsində yaşamaqdır. Kimsə ideal model kimi Türkiyəni görür, kimsə Mursi dövründə olan Misiri, kimi də Suriyanın İŞİD nəzarətində olan ərazilərini. Hətta Suriyaya döyüşmək üçün gedənlər də orada yaşamaq üçün məskunlaşırlar. Onların müsəlman ölkəsində yaşamaq arzusu ilə bu ölkə üçün döyüşmək arzusu üst-üstə düşüb” - deyə alim bildirir.
Kremlə bağlı ekspertlərin qiymətləndirməsinə görə, Rusiyadan İŞİD sıralarına qoşulmaq üçün gedənlərin sayı 7000 nəfərə çata bilər.
Lakin İstanbuldakı Rusiya Araşdırmaları İnstitutunda belə rəqəmlərə şübhə ilə yanaşırlar.
“Bu gün hamını cihadçılara qoşulmaq üçün Türkiyədən Suriyaya gedənlərin sayı maraqlandırır. Biz bəzən guya çox dəqiq rəqəmlər eşidirik. Lakin mən bu rəqəmlərin mötəbərliyinə inanmıram” - deyir Qumer İsayev.
“Döyüş təcrübəsindən istifadəyə hazırıq”
Bəzi “mühacirlər” Türkiyəyə köçdükdən sonra da rusdilli İslam saytlarında fikir bildirir, insan haqları məsələləri ilə məşğul olur və müxtəlif konfranslarda iştirak edirlər.
“Mühacirlərə yardımdan başqa bizim Rusiya imperializm maşınını sözün əsl mənasında dayandırmağa çalışan ukraynalı həmkarlarımızla sıx əlaqələrimiz var” - deyə insan haqları müdafiəçisi və müsəlman fəal Salman Sever bildirir.

Salman Sever “Müsəlman Türkiyəsi”, “Rusiya mühacirləri” və “Ukrayna döyüşçüləri” arasındakı münasibətlərin xırdalıqları barədə isə susmağa üstünlük verir.
Salman Sever 2000-ci illərin əvvəlində Peterburq müsəlman icmasının liderlərindən biri, kifayət qədər tanınmış blogger olub. O, həm də müxalifətin tədbirlərində iştirak edib.
2013-cü ilin avqustunda xüsusi təyinatlılar onu terrorizmə rəğbət ittihamı ilə həbs ediblər. Hüquqşünaslar deyiblər ki, Salman Sever 2011-ci ildə internetə yerləşdirdiyi “İslam və sahil partizanları” adlı bloqunu yazmaqla qanunu pozub.
Lakin məhkəmə Salman Severin həbsi barədə sanksiyanı rədd edib və o, tələsik Rusiyadan çıxıb. Onun barəsində beynəlxalq axtarış elan ediblər. Türkiyə Salman Severə sığınacaq verib.
Salman Severin dediyinə görə, onlara qucaq açmış Ankaranın xeyirxahlığına cavab olaraq Rusiya mühacirləri arasında silaha sarılmaq istəyənlər az deyil.
“İndi ümumi ovqat belədir ki, mühacirlər Türkiyəni Rusiyadan müdafiə etməyə hazırdır. Başqa yerlərdə döyüş təcrübəsi qazananlar indi ondan Ərdoğana dəstək vermək və ya qardaşlarımızın, məsələn, Suriya türkmənlərinin müdafiəsi üçün istifadə etməyə hazırdır” - deyə Salman Sever bildirir.
Statistika nə deyir?
Türkiyəyə köçüb gedən Rusiya müsəlmanlarının dəqiq sayı bilinmir.Statistika orqanları üçün onları ümumi miqrasiya axınından ayırmaq çox çətindir. Ekspertlər deyirlər ki, dini motivlərlə çıxıb gedənlərin sayı bir neçə min nəfərdir. Müsəlmanların özləri isə bu rəqəmin on minlərlə olduğunu deyirlər.
“Rosstat”ın məlumatına görə, 2014-cü ildə Rusiyadan Türkiyəyə daimi yaşayış üçün köçənlərin sayı 2327 nəfər olub. Bu, 2013-cü ildə olduğundan 55 faiz çoxdur. Halbuki 2000-ci illərin əvvəllərində belə insanların sayı ildə 300 nəfəri keçmirdi.

Bunu qeyd etmək lazımdır ki, rəsmi statistikaya FMX-yə xəbər vermədən köçənlərin sayı daxil deyildir. Çox vaxt Türkiyəyə turist kimi gedənlər orada əcnəbi kimi oturaqlıq alırlar. Oturum icazəsi uzadılma hüququ ilə birlikdə 1 illik verilir.
Köçən müsəlmanların arasında həm tatarlar, həm başqırdlar, həm də Qafqaz xalqlarının nümayəndələri və ruslar var. “Mühacirlər” hesab edirlər ki, bu proses hələlik yalnız sürət yığır.
“Rusiyada bir çox camaatlıqlar (dini icmalar) qadağan olunub, halbuki onların nə İŞİD, nə də İŞİD-in əsaslandığı dini təriqətlə bağlılıqları yoxdur. Hüquq-mühafizə orqanları boltları bərkitməkdə, islamçılığın istənilən formalarını sıxışdırmaqda və beləliklə də narazlılıq yaratmaqda davam edir. Bu isə o deməkdir ki, mühacir axını daha da güclənəcək” - deyə Salman Sever izah edir (BBC).


Şərhlər