Xəbər verdiyimiz kimi, bu gün MTN-in Antiterror Mərkəzinin keçmiş rəis müavini, polkovnik İlqar Əliyev saxlanıldığı Bakı İstintaq Təcridxanasında (BIT) özünü asıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə ilə bağlı Penitensiar Xidmət məlumat yayıb. Məlumatda deyilir:
"Dekabrın 20-də saat 15:55 radələrində Cinayət Məcəlləsinin 302.2; 308.2 və 309.1-ci maddələri ilə təqsirləndirilən və barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı istintaq təcridxanasının ikinəfərlik kamerasında saxlanılan Əliyev İlqar Mustafa oğlu intihar edib.
Kamera yoldaşı telefon danışığı hüququndan istifadə etmək üçün kameranı tərk etdiyi qısa müddət ərzində orada tək qalmış İ.Əliyev mələfəni ip formasına salaraq pəncərədəki dəmir barmaqlığa bağlayaraq özünü asıb. Kamera yoldaşı qayıtdıqdan sonra hadisə ilə bağlı dərhal müəssisənin əməkdaşlarına məlumat verib və tibb heyətinin iştirakı ilə təxirəsalınmadan İ.Əliyevin həyatının xilas edilməsinə yönələn tədbirlər görülməsinə baxmayaraq, həmin anda ölüm halı artıq baş verdiyindən ona göstərilən tibbi yardım nəticəsiz qalıb.
Hadisə barədə dərhal aidiyyəti istintaq orqanlarına, İ.Əliyevin qohumlarına və müdafiəçisinə məlumat verilib. Hadisə yeri Bakı şəhər prokurorluğunun əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə müayinə edilib.
Fakt üzrə Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanılıb və istintaq aparılır".
***
"Mənə deyilən odur ki, deyəsən həqiqətən İlqar Əliyev ölüb”- bunu MTN-nin Antiterror Mərkəzinin rəis müavini vəzifəsində çalışmış, polkovnik İlqar Əliyevin vəkili Rəşad Mirmehdizadə Meydan TV-yə deyib.
O bildirib ki, hazırda Sabunçu rayonunda yerləşən Məhkəmə Tibbi Ekspertizasına gedir: "Yəqin ki, onun meyitini Sabunçu ərazisinə gətirəcəklər. Hazırda yoldayam, “morqa” gedirəm”.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumatı nə təsdiq, nə də təkzib edib. O, xəbəri dəqiqləşdirmək üçün Penitensiar Xidmətə müraciət etməyi məsləhət görüb.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Yaşar İsakov da məlumatı təkzib etməyib. Bildirib ki, yaxın dəqiqələrdə bu barədə rəsmi açıqlama yayılacaq.
***
Ləğv olunmuş MTN-in Antiterror Mərkəzinin rəis müavini vəzifəsində çalışmış, polkovnik İlqar Əliyev özünü öldürüb.
APA-nın məlumatına görə, İ. Əliyev saxlanıldığı Bakı İstintaq Təcridxanasında özünü asıb.
Hazırda hadisə yerində müayinə aparılır. Ədliyyə Nazirliyi Penitensiar Xidməti faktla bağlı məlumat yayacaq.
İ. Əliyevin vəkili Rəşad Mirmehdizadə APA-ya açıqlamasında hadisə barədə mətbuatdan xəbər tutduğunu bildirib. Vəkil hazırda hadisənin baş verdiyi BİT-də olduğunu deyib.
Qeyd edək ki, İ. Əliyev MTN-lə bağlı başlanmış cinayət işi ilə əlaqədar həbs olunub.
***
Eldar Mahmudov MTN naziri vəzifəsindən qovulandan sonra onun ifşa edilən cinayətkar dəstəsinin əsas üzvlərindən biri, MTN-in Antiterror Mərkəzinin sabiq rəis müavini, polkovnik İlqar Əliyev saxlanıldığı Bakı İstintaq Təcridxanasında özünü asıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, həbsdə olan İlqar Əliyev təxminən 1 saat əvvəl intihar edərək özünü öldürüb.
Məsələ ilə bağlı Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz nəticəsiz qalıb.
Qeyd edək ki, İqar Əliyevin barəsində oktyabrda Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdi. O, Cinayət Məcəlləsinin 308.2, 309.1 və 302.2-ci maddələri ilə təqsirləndirilirdi və Bakı İstintaq Təcridxanasına köçürülmüşdü.


Şərhlər