Mərkəzi Bankın üzən məzənnə açıqlamasından sonra bəzi işbazlar sadəcə özlərini düşünərək, qiymət artımına gediblər.
Bizimyol.info-nun əməkdaşı paytaxt mağazalarındakı qiymətlərlə maraqlanıb. Jurnalist Rahat-Market-də alıcılarla söhbət zamanı çörəyin qiymətinin qalxması ilə rastlaşıb. Alıcılar narazılıqlarını gizlətməyib.
Mağazada alış-veriş edən xanımlardan biri deyir ki, qiymətləri insanlar süni şəkildə qaldırır: “Marketlərdə 1 manat qiyməti olan malı 3 manata satırlar. Bəzi mallar dəyərindən artıq qiymətə təklif olunur. Girdiyim bəzi mağazalarda əvvəl qiyməti 2 manat olan ərzağı 5 manata gördüm. Əvvəlcədən camaat arasında şayiə yayırlar. Deyirlər süni şəkildə qiymət qaldıranlar cəzalandırılacaq. Ancaq ortada heç nə yoxdur. Bayramqabağı qiymətləri bir az da qaldıracaqlar. Yenə maaşlar yüksək olsa, qiymət nə qədər qalxsa da millətin təsəllisi olar ki, onsuzda qazanc yerim var. Maaş da yoxdur axı. Hələ deyirlər yanvardan ixtisarlar olacaq”

“Gilan Holdinq”in səlahiyyətli nümayəndəsi “Marja”ya bildirdi ki, holdinq daima Azərbaycan iqtisadiyyatına dəstək verdiyindən heç bir məhsulunda qiymət artırımı etməyib:
“Holdinq tərəfindən çörəyin qiyməti artırılmayıb. Qiymət artırımı market tərəfindən həyata keçirilib və biz bunu araşdıracağıq. Biz hazırda unu baha almağımıza baxmayaraq, əvvəllər olduğu kimi 500 qramlıq çörəyi 26 qəpikdən marketlərə veririk. Tələblərimizə görə, həmin çörək 30 qəpikdən baha satıla bilməz. Şirkətimiz nəyinki çörəyin, meyvə şirələrinin, südün də qiymətini artırmamışdır”.
Şirkətin nümayəndəsi qeyd etdi ki, artıq unun kiloqramı 36 qəpikdən 54 qəpiyə qaldırılıb.
“Devalvasiyaya ilə əlaqədar olaraq qiymətlərin artacağı qaçılmazdır. Gözləmə mövqeyindəyik, dövlətdən yardım olmasa gələcəkdə biz də qiymətləri qaldıra bilərik. Amma hal-hazırda tərəfimizdən qiymət artırımı edilməmişdir”.
Şirkətdən qeyd edildi ki, çörəyin çəkisində də dəişiklik edilməmişdir.
Qeyd edək ki, “Gilan Holdinq”ə bağlı olan “Xəzri TN” MMC «№1» çörəklərinin istehsalçısıdır.
* * *
"Rahat" marketlər şəbəkəsi bu gün sosial şəbəkələrdə mağazalarının birində çörəyin qiyməti ilə bağlı məsələyə aydınlıq gətirib.
Şirkətdən "Report"a daxil olan məlumata görə, baş verən hadisə mağazada texniki səhv nəticəsində çörəyin qiyməti artıq yazılıb. Dərhal mağaza rəhbərliyinin müdaxiləsindən sonra texniki səhv aradan qaldırılıb.
Məlumatda deyilir: "Bəzi KİV, sosial şəbəkələrdə Rahat marketin alış-veriş çekini çəkərək çörəyin qiymətinin qalxması ilə bağlı paylaşımlar ediblər. Hal-hazırda "Rahat" marketlərin bütün filiallarında çekdə göstərilən çörəyin qiyməti 0,40 AZN-dir və ümumiyyətlə heç bir çörək çeşidlərinin qiymətində qalxma olmayıb. Kassirin mexaniki səhfi üzündən anlaşılmazlıq olub".


Şərhlər