Menu

Neft nə üçün qalxır?

25.12.2015, 10:19
Neft nə üçün qalxır?

Neft Nyu-Yorkda, ABŞ-da bazalarda ehtiyatların və quyuların sayının azalmasının təsiri ilə son dörd ayın ən böyük həftəlik yüksəlişini həyata keçirib.

Qərbi Texas nefti (WTI) bu həftə 9.7 faiz bahalaşaraq Avqust ayından bu yana ən güclü həftəlik artımı həyata keçirib.

ABŞ-da rəsmi məlumatların göstərdiyi kimi, neft ehtiyatları ötən həftə 5.8 milyon barel olmaqla İyun ayından bu yana ən kəskin azalmanı göstərib. Baker Hughes Inc.-ə görə, aktiv neft quyularının sayı bu həftə 3 sayda azalaraq 538-ə enib. Əməliyyatlar dünən Milad tətili səbəbindən yarım gün keçirilib.

Dünyada neft "seli" davam edir. Neft, qlobal hasilat və təklif bolluğu ilə əlaqədar olaraq ardıcıl iki il ucuzlaşıb. Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) bu ayın əvvəlində həyata keçirdiyi iclasında bazar payını qoruyub saxlamaq üçün hasilat kvotasını qaldırması ilə əlaqədar olaraq təklif bolluğu daha da dərinləşə bilər.

Dünya neftinin yarıdan çoxu üçün göstərici olan Brent neftinin qiyməti son 11 ilin ən aşağı səviyyəsini görüb. Bu da neft ixrac edən ölkələr və neft şirkətləri üzərindəki təzyiqi artırır.

Analitiklər bildirirlər ki, dünən və bu gün neftin bahalaşmasının səbəblərindən biri ABŞ-da neft ehtiyatlarının azalmasıdır. Həmçinin qiymətlərin uzun müddət düşməsinin ardından, Milad tətili öncəsi, qısa mövqelərini bağlamağa gedən investorlar var. Bu səbəbdən elektron birjada neftdə alış artıb və bu da qiymətlərin yüksəlməsini təmin edib.

WTI, Nymex birjasında 1.6 faiz yüksələrək bareli 38.24 dollara çıxıb. Bu, 4 Dekabrdan bu yana ən yüksək qiymətə işarə edir. Müqavilə Bazar ertəsi günü 33.98 dollar ilə Fevral 2009-dan bu yana ən aşağı səviyyəsindən bağlanmışdı.

Brent nefti isə, Londonda yerləşən ICE Futures Europe birjasında 1.5 faiz qalxaraq 38.08 dolları görüb. Brent ilə ABŞ-ın WTI nefti arasındakı qiymət fərqi 16 sent ilə WTI-ın xeyrinə olub. WTI nefti, ABŞ-da 40 il sonra neft ixracının sərbəst buraxılmasının ardından Brendin üzərinə yüksəlib. /"Marja"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol