1met-300x223Mətləb MÜTƏLLİMLİ

[email protected]

Mənə ünvanlanmış ərizəni, ana ürəyinin fəryadını dəfələrlə oxudum, gözlərimə inanmadım,orada göstərilən telefon nömrəsini yığdım və acı həqiqəti təkrar eşitdim.

Birinci faciə

2012-ci ilin oktyabr ayı Lənkəran rayonunun Xarxatan kəndində yaşayan Əbilovlar ailəsi üçün faciənin başlanğıcı oldu. Ailənin gözəl-göyçək, nişanlı qızı qəfildən xəstələndi və dünyasını dəyişdi. 40 yaşlı Zəminə ana üçün əlləri xınalı qızının vaxtsız ölümündən də betər dərd ola bilərdimi? Sən demə ola bilərmiş...

İkinci faciə

2014-cü ilin iyun ayının 18-də ailənin sevimli kiçik oğlu Əbilov Mirnəsir Bəxtiyar oğlu da maşınla vuruldu. Daha doğrusu, ananın gözləri qarşısında polis patrul xidməti əməkdaşı Hüseynov Mayəddin Mürsəl oğlunun yüksək sürətlə idarə etdiyi şəxsi maşını 6 yaşlı uşağı top kimi vuraraq göyə qaldırdı, faciəvi şəkildə öldürdü.

Yenə də zəhrimar pul

Ananın ərizəsindən: “Oğlumu vuran M. Hüseynov 30 min manat rüşvəti Lənkəran prokurorluğunun əməkdaşı və oğlumun ölüm işini aparan müstəntiqə vermiş və işini bağlamışdır.”

Daha bir zərbə.

Ananın il yarımlıq əziyyəti, bala fəryadı heç bir nəticə verməmiş, pulun gücünə cinayət işi xətm olunaraq, arxivə göndərilmişdir. Hətta bir müddət dərddən ananın başına hava gəlmiş, cavan ikən saçları ağarmışdır. Cinayəti törətmiş polis işçisi M.Hüseynov əvvəllər ciddi canfəşanlıq etmiş, ailənin bütün ehtiyaclarını ödəməyə söz vermiş, bəzi xırda-para, cüzi yardımlar etsə də, anaya elə yas mərasimindəcə bilmədiyi bir kağıza qol çəkdirəndən sonra heç uşağın 40-na da gəlməmişdir. Əvəzində orda-burda demişdır ki, guya ailəyə 3 min manat yardım etmişdir. Bunu eşidən Zəminə ana hirslənərək Masallıya, onun yaşadığı kəndə getmiş, onun belə ağ yalan danışmasının səbəbini soruşmaq istəmişdir. Əvəzində onun qaynanasının təhqirləri ilə üzləşmiş, “Sənin günahından yeznəm 60 min manat püşvət verib, ziyana düşüb, hələ sən də pul istəyirsən?” - deyə onu təhqir etmişdir.

Dərd gələndə...

Atalar düz deyib ki, dərd gələndə batmanla gələr. Bütün bu faciələr azmış kimi Zəminə ananın Rusiyada yaşayan və işləyən əri Bəxtiyar da ondan üz döndərmiş, uşağının qanını batırdığına görə onu bütün maddi və mənəvi yardımlardan məhrum etmişdir. Bəs, qanı kim batırıb? Əslində vaxtı ilə bu cinayət işini aparmış müstəntiqlə, hal-hazırda isə Lənkəran şəhər prokurorunun müavini, hətta indi prokurorun vəzifəsini icra edən Vəli Mustafayevlə görüşənə qədər, bu sualın cavabı dəqiq deyildi. Onunla görüşdən sonra mənə tam aydın oldu ki, uşağın qanını batıran elə Vəli Mustafayev özüdür!

Özündən razı prokuror

Dediyinə görə, 2008-ci ildən prokurorluq sistemində işləyir. Cəmi 7 ildə məsul bir rayonun prokuror müavini vəzifəsinə yüksəlmək, hətta prokuroru əvəz etmək, hər adamın işi deyil. Bunun bir səbəbi onun məlum regiondan olmasıdırsa, digər səbəbi görünür ki, arxalı olmasıdır. Əks halda bu yazının müəllifinə, vaxtilə onun kimi 2000 prokurorluq əməkdaşına rəhbərlik etmiş , özündən 30 yaş böyük birinə “Bu işin dalınca düşməyi sizə məsləhət görməzdim” necə demək olardı? Bərəkallah sənin “ustadına”!

Bələdçi lazım deyil...

Mənim “Nə səbəbə cinayət işi xətm olunmuşdur? Niyə keçən il yarım müddətində cinayət işinin xətm olunması haqqında qərarınızı zərərçəkənə vermirsiniz?" suallarıma prokuror əvəzi V.Mustafayev konkret cavab vermədi, daha doğrusu, cavab verməyi lazım bilmədi. Bir də ki, necə deyərlər, görünən kəndə nə bələdçi.

Şikayət ərizəsindən...

“Xahiş edirəm başıma gələn haqsızlıq təşkilatınız vasitəsi ilə araşdırılsın, ictimailəşdirilsin, bundan sonra bəlkə tapdalanmış haqqım bərpa olunar. Günahkar Lənkəran prokurorluğunun əməkdaşı Vəli Mustafayev tərəfindən qorunur. Hətta mənə hədə-qorxu gəlinir ki, şikayətin onsuz da təmin olunmayacaq”. Amma cinayəti törədən M.Hüseynov da, ona təmənna ilə havadarlıq edən Vəli Mustafayev də unudurlar ki, bu dünyada heç vaxt buynuzsuz qoçun qisası buynuzlu qoçda qalmır! Bu dəfə də hökmən belə olacaqdır!