"Fevralın 19-dan bəri evimdə, ünvanlarımda axtarış aparılması ilə bağlı məhkəmə qərarı var"
“Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayıl fevralın 25-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində beşinci dəfə şahid ifadəsi verib. Onu vəkil Elton Quliyev müşayiət edib.
Xədicə İsmayıl fevralın 17-də “Facebook” şəbəkəsində yerləşdirdiyi, Milli Təhlükəsizlik Nazirliyinin xidməti fəaliyyətinə aid olduğu ehtimal edilən sənədə görə şahid qismində dindirilir. Həmin materialla əlaqədar Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 284.2-ci (dövlət sirrini yayma) maddəsi ilə cinayət işi başlanıb. Materialda MTN-in müxalifət partiyalarına casus yerləşdirməsindən bəhs olunur. Jurnalist materialı ona 2011-ci ildə hazırda Fransada yaşayan sabiq MTN zabiti Ramin Nağıyevin ötürdüyünü deyir.
Fevralın 25-də dindirildikdən sonra “Media forum” saytına danışan Xədicə İsmayıl bildirib ki, hökumət bu işi onun əleyhinə çevirmək niyyətindədir: “Bu gün kompüterimi də özümlə aparmışdım. Elektron poçt ünvanıma, “Facebook” və “Skype” səhifəmə baxış keçirildi. Onlar üçün maraqlı olan hər şeyi açıq şəkildə göstərdim. Hətta məlumatı mənə ötürən Ramın Nağıyevlə yazışmalarımı belə qorxmadan göstərdim. Amma bu gün bilmişəm ki, fevralın 19-dan bəri evimdə, sosial şəbəkələrdəki bütün ünvanlarımda axtarış aparılması ilə bağlı məhkəmə qərarı var. Axtarış aparılması qərarını başa düşə bilmirəm. Mənim gizlədəsi heç nəyim yoxdur.
Ümumiyyətlə, bu işlə bağlı hər bir şeyi mənim əleyhimə çevirmək planlarının olduğunu bilirəm. Amma bu planın həyata keçirilməsi üçün nə qədər vaxt sərf edəcəklərini deməkdə çətinlik çəkirəm”.
Xədicə İsmayıl əlavə edib ki, növbəti dəfə dindirilməyə nə vaxt çağırılacağını bilmir: “Dedilər ki, lazım olsa çağıracağıq”.


Şərhlər