«İcra qurumları qocalar toplumu olmaqdan xilas edilməlidir»

İstiqlalçı deputat, sabiq təhsil naziri, professor Firudin Cəlilovla söhbəti təqdim edirik.

- Bu il sağlamlığınızla bağlı müəyyən problemlər yaşadınız. İndi vəziyyətiniz necədir?

- Hə, Türkiyədə dalbadal bir necə dəfə əməliyyat olundum. Vaxtaşırı həkimlərin nəzarətilə müalicəni davam etdirmək üçün ora gedirəm, bu ay da gedəcəyəm.

- Firudin bəy, sizcə arxada qalan ilin sosial-siyası baxımdan yadda qalan hadisələri hansılardır?

- Bu il də binalar tikildi, yollar çəkildi, körpülər salındı, idmançılar bö-yük qələbələr qazandılar, ilk Avropa Olimpiadası Bakıda keçirildi... Bunlar yaxşıdı, ancaq bu ilin başqa sosial-siyasi hadisələri bir daha nöqsanlı yanaş¬maların sonuclarını da ortaya qoydu. Seçim öncəsi bəlli qüvvələrin hazır¬ladığı siyahı ilə formalaşan parlamentin amorf bir quruma çevrilməsi elə ilk addımda özünü göstərdi. Belə ki, ABŞ-ın tətbiq etmək istədiyi sanksi¬yalara qarşı təcili olaraq köklü islahatlara getməyin vacibliyi haqqında təkliflərlə çıxış etmək əvəzinə, Milli Məclis ABŞ-a qarşı sanksiyalar qəbul etmək istəyini bəyan etdi. Burada deyiblər, bərəkallah! Millət vəkili nə qədər gerizəkalı olmalıdır ki, gözünün qabağında baş verən qlobal olayları gör¬mə¬sin. Amerikanın qurduğu tuzağa düşən SSPİ-nin çökməsi və dağılması cəmi altı il (1985-1991) çəkdi, indisə həmin bataqlığa düşən Rusiyanın dağılması daha sürətlə gerçəkləşəcək. Azərbaycanın bu durumda batırana dirsək göstərib, batanın ətəyindən tutması siyasətdə maymaqlıqdan başqa bir şey deyil, həm də Ermənistan, İran və Rusiyaya xidmətdir.

Arxada buraxdığımız ildə iki böyük yanğın nəticəsində quruda və dənizdə xeyli insanımızı itirdik, səngərdə şəhidlər verdik. Son bir ildə neftin ucuzlaşması, manatın yüz faizə yaxın dəyərini itirməsi böyük sıxıntılar yaradacaq. Nardaran olayları da xoşagəlməz hadisə idi, din insanla Tanrı arasında olan ilişgidir, onu siyasətə qatanda vəziyyət dəyişir, nə dövlət, nə də dini icmalar dindən siyasi vasitə kimi istifadə etməməlidir. İrandakı durumu Azərbaycana transfer etmək istəyənlər ölkəmizin müstə¬qilliyinə ziyan vurur. Belə həssas məsələləri nəzarətdə saxlamalı olan MTN də yağmaçılıqla məşğul olmuşdur.

- İcra qurumlarında vəziyyət necədir? Hafiz Hacıyevin Nazirlər kabinetini “qocalar evi” adlandırmasına necə baxırsınız?

- Ümumiyyətlə, icra qurumları qocalar toplumu olmaqdan xilas edilməlidir. Ən acınaqlı vəziyyət budur ki, ölkə başçısının inanıb mühüm vəzifələrə təyin etdiyi adamlar ilk növbədə ona qarşı dönük çıxır, kimi hara qoyursa, dövlətə deyil, özünə çalışır, oranı xışmalayıb dövləti içindən dağıdır. Dəfələrlə gördüyümüz bu durumun səbəbi kadrların bacarığına görə deyil, qohumluq bağlarına, traybalizmə görə seçilməsidir. Halbuki, ölkədə çoxlu bacarıqlı, çağdaş intellektə malik uzman gənclər var, onları irəli çəkmək lazımdır. Doğrudur, vəzifəyə təyin olunma ölçülərindən biri də sədaqətli olma meyarıdır, ancaq bu meyarda da səmimiyyət görünmür. Buna elə Hafiz Hacıyevi örnək göstərmək olar, o, prezidenti müdafiə edənlərdən on qat artıq sinəsini qabağa verib onu dəfələrlə müdafiə etmişdir, ancaq onu millət vəkili olmağa da qoymurlar. Mən Hafiz Hacıyevin müxalifət haqqında dediklərini bəyənmirəm, bunu özünə də demişəm, ancaq hakimiyyətin içindəki yaramaz məmurları, korrupsionerləri radikal müxalifətdən daha artıq kəskin tənqid etməsi də gerçəklikdir və üzərinə getdiyi məmurların sonralar ifşa olunması da bir faktdır. 1992-də Hafiz Hacıyev işlədiyi qısa müddətdə kürü və balıq mafiyasını dağıda bildi, dükanları doldurdu, büdcəyə böyük məbləğlə dəstək verdi. İnanıram ki, son 5-6 ildə o Kənd Təsərrüfatı naziri olsaydı, indi Azər¬baycan bir çox məhsulu idxal deyil, ixrac edərdi. Demək istədiyim budur ki, belə bacarıqlı adamlar çoxdur və siyasi baxışından asılı olmayaraq, dağılmaqda olan sahələri dirçəltmək üçün onları idarəçiliyə cəlb etmək lazımdır. Azərbaycan tarix boyu aqrar ölkə olub, müstəqil dövlət olandan sonra əkin-biçin, bağ-bostan və heyvandarlıq sahələrində irəli getmək əvəzinə, geri getdik.

- Yəqin, təhsil və səhiyyə sahələrindəki mövcud durumla bağlı da fikirləriniz var...

- Təhsil və elm problemlərinə aid son 25 ildə o qədər demişəm ki, bir yerə toplasan, bir kitab olar. Ancaq nə faydası, deyilən sözlər, verilən təkliflər havada qalır. Elmlə təhsil bir medalın iki üzüdür, onları bir-birindən ayrı salmaq olmaz. Ən azından, inkişaf etmiş ölkələrdə sınaqdan çıxmış qurumlara baxmaq lazımdır, onlara uyğun prinsipləri gerçəkləşdirə bilmək üçün prezident yanında səlahiyyətli islahat komissiyası yaratmaq çətin iş deyil, lakin məsələ burasındadır ki, həmin komissiyaya təhsili, elmi bu günə qoyanları salacaqlar, yenə çevir tatı, vur tatı oyunu olacaq. Yenə deyirəm, neçə ki, bu sahələrin əsl uzmanları işə cəlb olunmayacaq, gərəkli islahat olmayacaq.

- Siz konkret nələrin dəyişməsini təklif edirsiniz?

- Nəzərdə tutduğum dəyişiklik geniş sahələri əhatə edir, hamısını burada sadalamaq mümkün deyil. Örnək üçün bir-ikisini sadalayım: Akademiya ilə Ali məktəblərin inteqrasiyası, vahid nazirliyə tabe olması, fundamental və tətbiqi elm sahələrinin amacı ilə sonucu üzərində ciddi nəzarət, tədris proqramlarının, dərsliklərin dəyişməsi, vaxtilə mənim keçid dövrü üçün yaratdığım Tələbə qəbulu və Ali Attestasiya qurumlarının ləğv edilməsi, yeni Pedaqoji Akademiyanın yaradılması və sair.