Xam xəyala düşüb, neftdən pay umanlara...

Nureddin1-240x3001-240x300Nurəddin İSMAYIL

-------------------------

Yatanlara, özünü yuxuluğa qoyanlara, gec ayılanlara, zillət içində sinə döyənlərə, xam xəyala düşüb, neftdən pay umanlara, haqqına biganə olanlara, yaltaqlığı, məddahlığı özünə peşə edənlərə, qarın güdənlərə, sabahını düşünməyənlərə, keçmişini unudanlara, gələcəyinə xor baxanlara, min dəfə aldanıb yenidən onu əsarətdə saxlayan qudurğan zümrəyə bel bağlayanlara, saxtakarlığa göz yumanlara, hər zülmü Allahdan gələn bəla kimi qarşılayıb, zülm ilə barışanlara, sərvəti özgələrə yem olanlara, acından qarnı qırıldayanlara, toparlanıb müqavimət göstərmək əvəzinə, tində-bucaqda mırıldananlara, anoloqu olmayan balanslaşdırılmış siyasətin güdazına gedənlərə, boynunda köləlik zənciri gəzdirənlərə, azadlığın üzünə parça ilə tüpürənlərə, yad havasını cirtma vurub öz dərdinə hüştürüngü gedənlərə və nəhayət, aktiv əclaflığın passiv tamaşaçılarına.

Dedim, dedi.

Dedim, ayıq ol,

alacaq kaftar qoynuna,

siyasət səni

heydən salacaq.

Dedin, pozma kefin,

şahsevənəm, dövran mənə

hər dəm xoş olacaq.

Dedim, salma meylin

çay gətirən almalara,

gün gələr çaylar kəsilər.

Dedin, arxayındım

neftimizdən hər qapıya

bir pay kəsilər.

Dedim, haqqını tələb et,

yem olma sən başın üstə

at oynadan haqsızlara.

Dedin, öyrəncəliyəm,

haqqım halal olsun

qarınpalaq arsızlara.

Dedim, baş əymə sən

zalımlara,

zalım səni qulaqlayıb,

məngirləyər.

Dedin, itaətkar zavallıyam,

kim istərsə, tutub məni

zəncirləyər.

Dedim, insaf eylə,

tüpürmə sən

parça ilə azadlığın

gül üzünə.

Dedin, mənim yolum

kölə yolu,

düşmərəm mən

azadlığın görünməyən

izinə.

Dedim, a kişi

qəddinə bax,

qəddin sənin

işləməkdən

donqarlanıb,

Dedin, şükürlüyəm

adam var, ətin töküb,

sümüyünədək

yonqarlanıb.

Dedim, mən görəndə,

ətli-qanlı bir adamdın,

nədən indi boynun

nazik qıl kimidir.

Dedin, nə etməli,

daşdan çıxır güzəranım,

bu ölkədə hamı şaha

qul kimidir.

Dedim, boş-boşuna

çəpikləri az eylə sən,

sinəni də yırtma kişi,

Dedin, sinə vurmaq

köhnə peşəm, vərdişim.

Dedim, səs vermə sən

parlamanda mürgüləyən

haramzada deputatlara.

Dedin, inandım mən

vədə xilaf,

üzü dönük diktatlara.

Dedim, neçə vaxtdır

düşmür yolun

bahalaşmış bazarlara.

Dedin, öz əməlimdir

salan məni

qarın dolu azarlara.

Dedim, oğul bala,

oyanmaq gərək

qəflət yuxusundan.

Dedin, oyanmaram,

asılmışam birə kimi

ətalətin yaxasından.

Dedim, elə isə,

sənin işin qaldı

fələk oğlu fələyə

Dedin, burası

kələk meydanı,

ayaq qoysa,

fələk özü düşər tələyə.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar