AĞZIMIZIN GÖMRÜYÜ

ATV-nin teleşilləsi Gömrük Komitəsini nədən təşvişə saldı?!

Xalid NİYAZOV

-------------------

Ölmədik, bu günləri də gördük. Vallah, bu devalvasiya, bahalıq, manatı manatın “quyruğuna” pərçim eliyib günü birtəhər başa vurmaq qayğısı adamı elə perikdirib ki, ətrafda baş verən bəzi hadisələrə qarnın tutuncaya qədər gülməyə də heyin qalmır.

Söhbət nədən gedir? İki-üç gün qabaq ATV telekanalı “Xəbərlər” buraxılışında efirə “Sınıqkörpü Sərhəd Keçid Məntəqəsində baş verən qanun pozuntuları haqda” süjet verib.

Və Gömrük Komitəsi ayıbına kor olmaq əvəzinə geyib zirehli paltarını, alıb əlinə qılınc-əmudunu və başlayıb ATV-in ünvanına təkzib şimşəkləri yağdırmağa.

Heç şübhəsiz, biz ATV-nin vəkili deyilik və həmin telekanalda gömrüyün cavabını çox qəşəngcə verməyə qadir və qabil, daşını daş üstə qoymayacaq jurnalistlər də az deyil. Amma fəaliyyətindəki kriminalın dozası “gözü çıxmış qardaşı” – MTN-dən heç də az olmayan bir qurumun tənqidə bunca hövsələsizliyi, “qaşınması” adamı laqeyd buraxmır.

Elə buradaca bir vacib haşiyə də çıxmaq istərdik. İşdi-şayəd, gömrüyün həşəmətli mətbuat xidməti söylədiklərimizdən nəyisə təkzib etmək eşqinə düşsə, hansı ki, bunu bərk-bərk tövsiyə etmirik, işi-gücü “işgüzar tərəfdaşlıq münasibətləri” qurduqları media orqanlarında sərasər açıqlama verməkdən ibarət olacaq.

* * *

Bəs gömrüyü cırnadan nədir?

Prezidentin son vaxtlar həyata keçirdiyi islahat təriqli tədbirlərimi?

İş adamlarının vayına çökərək “broker” xidməti adı ilə çiçəkləndirdikləri monopoliyanın çöküşü ilə bağlı əndişələrmi?

MTN-nin aqibətini bir gün özlərinin də yaşayacağı xofumu?

Heyhat! Yolu bircə dəfə ölkənin gömrük qapısına düşən yerli yaxud əcnəbi, əlalxüsus da güzəran dalınca Rusiyada “cəlayi-vətən” aqibəti yaşayan həmvətənlərimizin ölkənin gömrük xidmətinin işdəklərindən nələr söylədiklərindən xəbərdar olmayan varmı?

Fərqindəmisiniz ki, iki-üç günlüyə belə Azərbaycandan çıxıb da qayıdan vətəndaşları doğma el-obasına döndüyünə peşiman edirsiniz?!

Məgər ölkənin iqtisadi maraqlarının keşiyində durmaq ölkəmizə ayaq basan hər bir adamı potensial qaçaqmalçı cildində görmək deməkdirmi?

El arasında bir məsəl var; deyir kimi nədən qorusan, axırda gəlib elə o olacaq. Bəlkə problemi sıravi adamlarda deyil, az qala hər gün medianın yazdığı kimi, gömrükdə hökm sürən dərəbəylikdə, özbaşınalıqda, hörmətsizlikdə, müştəbehlikdə axtarasınız?

Bakı gömrüyündə hansı pəstahaların baş verdiyini, oranın əfsanəvi müdürü, hansısa türfə istedad və fərasətinə görə general rütbəsi ilə ənamlandırılmış (Allah, göydən daş yağdır!) Vüsal Novruzovun “Transbroker” şirkətinin müdürü Əbülfəz Məlikovla birləşib sahibkarlara nə qan uddurduqlarını bilməyən varmı?

* * *

General demişkən, bu adı hörmətdən-urvatdan salan da məhz gömrük sistemində ucdantutma kim gəldi hamıya general lampaslı şalvarların ənam edilməsidir. Əgər meyilləri istəsə, bu mövzuya müasir nəsrimizin bestsellerinə çevrilə biləcək bütöv bir roman həsr edə bilərik. Zira, personajlar da, süjet də, hələ desən, fabula da ortalıqdadır.

Deyəsən, mətləbdən bir qədər uzaq düşdük. Qayıdaq gömrüyün hikkəsini divara dırmaşdırmış ATV-nin məlum süjetinə.

Əvvəla, tənqidə qarşı dözümlü olmaq lazımdır. Bu, ən azından peşə etikası, ictimai fikrə tolerant münasibət, vətəndaşın ölkə Konstitusiyasında təsbitini tapmış informasiya əldə etmək hüququna, Azərbaycan dövlətinin birmənalı şəkildə dəstək verdiyi söz və fikir azadlığına hörmət baxımından qeyri korrekt hərəkət sayılmalıdır.

Jurnalistlərə qanundan, qanunçuluqdan “likbez” keçməkdə qərarlı görünən gömrük yetkilisinin “Qafqazinfo” vasitəsilə yaydığı bir az hədə, bir qədər də “qabaqdangəlmişlik” qoxusu verən bəyanatı istənilən halda medianı susdurmaq məqsədi daşıyır.

Deyir, ağası gülüm olanın başına külüm olar. Üçünü-yeddisini verib 40-nı yola saldığımız “MTN sayağı” istintaq aparan gömrük televiziyaya müsahibə verən vətəndaşların haqqında bütün mənəvi və yuridik prinsipləri çığnamaqla “kəşfiyyat məlumatları” əldə edib onları ifşa etməyə çalışır.

Ən azından ayıbdır. Öz aranızda o qədər ifşa olunası ünsür var ki, hər biri bu gün Akif Çovdarovun qulaq yoldaşı olmağa layiqdir.

* * *

“Dolana bilmədiyini iddia edən vətəndaşlar” deyə təqdim etdiyiniz o korrupsioner-oliqarxları, siqaret-ərzaq monopolistlərini isə düz eliyib ifşa edirsiniz. Çünki neftin qiymətini aşağıl salan da, manatı devalvasiya uçurumuna itələyən də, insanların sabahkı günə ümidlərini bir yekə sual işarəsinin nöqtəsinə çevirənlər də məhz həmin antipodlardır. Onları ifşa etmək deyil, əllərindəki səbətdə, bellərindəki xurcunda ölkənin ərzaq təhlükəsizliyinə, iqtisadi suverenliyinə təhlükə yaradan strateji məhsullar daşıdıqlarına görə elə Gürcüstan sərhədini keçən yerdə güllələmək lazımdır. Qoy başqalarına da dərs olsun. Əbləhlər! Sərhədi yiyəsiz görüblər!

O ki, qaldı mətbuat xidmətinin cümlə media camiəsinə peşəkarlıq dərsi keçmək istəyinə, həə, burada fars qardaşlarımız demişkən, məsələ bir qədər tuldur, yəni mürəkkəbdir.

İnsafən, bu dərsi Respublika Prokurorluğunun, Daxili İşlər Nazirliyinin, yaxud Ədliyyə Nazirliyinin mətbuat xidmətləri keçmək fikrinə düşsə idilər, yenə də hardasa bir yeri vardı, adamı yandırmazdı. Zira, həmin kəslərin həm qələmi, həm mərifəti, həm də peşəkar səviyyəsi media tərəfindən birmənalı qəbul edilir. Amma Gömrük Komitəsinin sən demə, Əməkdar jurnalist adı daşıyan mətbuat xidməti rəhbərinin jurnalist adına bircə yazısını belə tapa bilmədik ki, mumiyalayıb “gözümüzə qoyaq”. Görünür, ya bu adamın özü də o komitədəki bəzi generallar kimi jurnalistdir, ya da jurnalistikanın istedad adlı gömrüyündən keçə bilməyib.

Heç şübhəsiz, gömrük orqanlarında da normal adamlar var. İliyinə qədər dövlətçil, peşəkar kadrlar var. Onlardan danışmadıq.

Sadəcə, bir media xəbərinin doğurduğu qıcıqdan müştəbehlik püskürənlərin hikkə və alovuna su səpmək istədik.

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar