Keçən ilin aprel ayında Beynəlxalq Valyuta Fondu (BVF) 2015-ci ildə dünya iqtisadiyyatının 3,5% böyüyəcəyini proqnozlaşdırmışdı. Ancaq sonrakı aylarda bu proqnoz azalmağa başladı və oktyabr ayında 3,1% göstəricisinə qədər düşdü. Lakin buna baxmayaraq, BVF hər şeyin yaxşı olacağı barəsindəki öncəgörmələrini israrla davam etdirir. BVF gələn il indikindən daha yaxşı nəticələrlə qarşılacağımız barəsində proqnozlar verir. Artıq yeddi ildir ki, onların verdikləri proqnoz hər dəfə səhv çıxır. (Project Syndicate)
Ondan başlayaq ki, indiki dünya ticarəti 2003-2007-ci illərin illik 8 %-lik böyüməsinin əksinə olaraq, “qan azlığı” ilə illik 2%-lə artır. Həmin qaynar illərdə ticarətin böyüməsi dünyanın Ümumi Daxili Məhsulunu (ÜDM) bir qədər üstələyərək, orta hesabla 4,5% təşkil edirdi. Son illərdə isə ticarətin və ÜDM-in böyümə templəri təxminən eyni olub. Hətta əgər bu il ÜDM-nin böyüməsi ticarətdəki böyüməni ötsə belə, hər halda 2,7%-i keçməyəcək.
Sual olunur: nəyə görə? Berklidəki “Kaliforniya Universiteti”nin iqtisadçıları Kristina və Devid Romerlərə görə, İkinci Dünya Müharibəsindən sonra baş verən maliyyə böhranlarının təlatümləri 2-3 ildən sonra səngiyir. ”Harvard Universiteti”nin iqtisadçıları Karmen Reynhart və Kennet Rogoff isə bildirirlər ki, düşdükləri maliyyə böhranından ölkələrin özünü çıxarması üçün beş il vaxt lazımdır. Doğrudan da, bir müddətdən sonra 2007-2008-ci illərdəki maliyyə təlatümünün təsirləri əhəmiyyətli dərəcədə azaldı. Bəs onda zəif iqtisadi dirçəlməni nə ilə izah etmək mümkündür?
İqtisadiyyatın populyar izahlarının birində ”əsrlik durğunluq”: mal və xidmətlərə uzunmüddətli “depressiv” tələbat sayəsində sərmayə qoyuluşuna və işə düzəlməyə olan stimulun necə dağılması barəsində danışılır. Əgər insanların gələcəyə inamları yoxdursa, onda təlabat da aşağı olacaq. Uzunmüddətli sabit inamsızlığın yeganə məntiqi izahını dəqiq şəkildə İllinoys ştatındakı “Şimal-Qərb Universiteti”nin iqtisadçısı Robert Qordon verib. Onun gəldiyi ümumi nəticəyə görə, bu, istehsalın ləng böyüməsi ilə bağlıdır.
Böhrana qədər olan dövrdə, yəni xüsusən 2003-2007-ci illərdə əmək məhsuldarlığının ləng böyüməsi, dünyanın əksər hissəsindəki çiçəklənmənin illyuziyalı görüntüsü altında qaranlığa qərq olmuşdu. Bəzi ölkələrdə, məsələn ABŞ, İspaniya və İrlandiyada daşınmaz əmlakın qiymətlərinin qalxması, spekuliyativ tikintilər və maliyyə riskləri qarşılıqlı idi. Eyni zamanda da ölkələr ticarətin köməyi ilə bir-birlərinin böyüməsini sürətləndirirdilər.
Dünya iqtisadiyyatındakı sıçrayış, əsasən böyüyən Çinlə bağlıdır. Çin dünyanı ucuz ixrac məsulları ilə dolduraraq, qlobal inflyasiyanı önləyib. Digər tərəfdən isə Çinin böyük həcmdə mal idxal etməsi bir çox Afrika və Latın Amerikası ölkələrinin iqtisadiyyatlarını möhkəmləndirib. Çin Almaniya istehsalı avtomobilləri almaqla, Avropanın ən böyük iqtisadiyyatının istehsal zəncirini genişləndirməsinə şərait yaradıb.
Bu dinamika hardasa 2008-ci ilin martında dəyişildi. Onda ABŞ-ı çökməkdən, onun böyüklüyünə görə beşinci investisiya bankı olan “Bears Sterns” xilas etdi. Həmçinin ümumi standartların altındakı ipoteka qarmaqarışıqlığına dərindən cəlb olunmuş və çarəsiz şəkildə dollara böyük ehtiyac duyan Avrozona banklarının sayəsində Amerika kimi əksər Avropa ölkələri də amansızlıqla resessiyaya tərəf sürüşdülər. İqtisadi sıçrayış dövründə dünya ticarəti gəlir paylayırdı, indi isə əksinə, o ciddi problemlər gətirir.
ABŞ iqtisadiyyatı aqressiv pul-kredit siyasəti və maliyyə sisteminin sabitləşdirilməsi tədbirləri hesabına 2009-cu ilin ikinci yarısında resessiyadan çıxmağa başlamışdı. Avrozona siyasətçiləri isə bunun əksinə olaraq, pul-kredit stimullaşdırmasından imtina etdilər və büdcə tədbirlərini sərt iqtsadiyyat hesabına həyata keçirdilər. Həm də ki, bu tədbirlər çərçivəsində taqətdən düşmüş bankların vəziyyətinin pisləşməsinə heç bir əhəmiyyət vermədilər. Beləliklə də Avrazona dünyanı ikinci qlobal resessiyanın ağuşuna itələdi.
Tənəzzül bütün əlverişli sayılan imkanları tükəndirdiyi an, inkişaf etməkdə olan iqtisadiyyatlar solğunlaşmağa başladılar. Uzun illər ərzində müşahidəçilər bu ölkələrin liderləri tərəfindən həyata keçirilmiş idarəetmə üsullarını və islahatları tərifləyirdilər. Güya ki, onların fəaliyyətləri böyüməyə rəvac verirmiş.
2012-ci ildə BVF “dayanıqlı” yeni iqtisadiyyatlara təriflər yağdırır və onları şöhrətə mindirirdi. Amma bütün bu fasad dağılıb töküləndən sonra “dayanıqlı” iqtisadiyyatların həqiqi iç üzü tam ortalığa çıxdı. Çünki xammal məhsullarının yüksək qiymətləri və ölkəyə kütləvi pul axını ciddi iqtisadi çatışmazlığın, ictimai bərabərsizliyin və tuğyan edən korrupsiya faktlarının üstünün örtüyü olmuşdu.
Hal-hazırda bu problemlər, dünya ticarətinin dayaq nöqtəsi sayılan Çinin iqtisadi böyüməsinin ləngiməsini dərinləşdirir. Bundan daha pisi hələ qabaqdadır. Çin sənayesinin dünya istehlakçılarına lazım olan tələbatdan daha artıq istehsal etdiyi böyük həcmdəki məhsullar məhdudlaşmalıdır. Çin özünün qlobal istehsalının təkəbbürlü idarəetməsini cilovlamalı və ölkəsindəki korrupsiya şəbəkəsinin kökünü kəsməlidir.
Qısaca desək, 2016-ci ildə dünya iqtisadiyyatını aşağı çəkən faktorlar öz yerində qalacaq və bəzi hallarda isə hətta güclənəcək. İnkişaf etməkdə olan ölkələrin iqtisadiyyatları zəifləyəcək. Sərt iqtisadi tədbirlərdən müvəqqəti olaraq yaxa qurtarıb “istirahətə çəkilən” Avrozona zəif dünya ticarəti ilə məhdudlaşmaq məcburiyyətindədir. Korporativ istiqraz vərəqələrinin faiz dərəcələrinin yüksəldilməsi ABŞ-ın iqtisadi böyüməsinin ləngiyəcəyindən xəbər verir. Çinin səhmlərinin dəyərdən düşməsi, maliyyə təlatümlərinə yol aça bilər. Siyasət isə, çox az təsir imkanları ilə baş verənləri nizama salmaq üçün var-gəl edəcək.
Beynəlxalq Valyuta Fondu iqtisadi böyümə haqqında proqnozlaşdırmanı dayandırmalı və xəbərdarlıqla bildirməlidir ki, əgər dünya liderləri innovasiya və böyüməni stimullaşdırmaq üçün kifayət qədər enerjili fəaliyyət göstərməsələr, onda dünya iqtisadiyyatı zəif və kövrək qalacaq. Bu cür səylərin nümayiş etdirilməsinin vaxtı isə artıq çoxdan yetişib.
V.Nəsibov


Şərhlər