Menu

RAYONLARDA BAHALAŞMA ƏLEYHİNƏ ETİRAZLAR - VİDEOLAR- FOTOLAR

13.01.2016, 17:50
RAYONLARDA BAHALAŞMA ƏLEYHİNƏ ETİRAZLAR  -  VİDEOLAR- FOTOLAR

Xəbər verildiyi kimi, yanvarın 12-də Lənkəran, Füzuli və Siyəzəndə sosial vəziyyətlə əlaqədar etiraz aksiyaları keçirilib.Lənkəranın Liman qəsəbə sakinləri Bakı-Astara yolunu bağlayıblar. Sakinlər qiymətlərin bahalaşmasına və işsizliyə etirazlarını bildiriblər

Siyəzəndə də bahalaşmaya etiraz edən sakinlər Rayon İcra Hakimiyyətinin qarşısına toplaşıblar. Sakinlər mövcud şərtlərlə yaşamağın mümkünsüz olduğunu bildiriblər. Bir qrup rayon sakini isə Bakı-Quba yoluna avtomobil təkərləri düzərək hərəkəti məhdudlaşdırmağa çalışıblar.

"AzPolitika"ya daxil olan məlumatlara görə, bu gün səhər saatlarından etibarən Siyəzəndə vəziyyət yenidən gərginləşib. Belə ki, əhali yenidən aksiyalara cəhd göstərir. Rayona Daxili Qoşunların cəlb olunduğu haqda da, hələ ki, təsdiqlənməyən xəbərlər var.

Dünənki aksiyadan sonra saxlanılanların olduğu da bildirilir.

Siyəzən rayonunda bir qrup sakinlə polis arasında insident baş verib.APA-nın məlumatına görə, Rayon İcra Hakimiyyətinin binası qarşısına toplaşanlar polisin ictimai asayişin bərpa olunması və ərazidən uzaqlaşmaq tələbinə əməl etməyiblər. Buna görə də polis aksiya keçirənləri ərazidən uzaqlaşdırmağa başlayıb. Əraziyə təhlükəsizlik qüvvələri cəlb edilib.

Saxlanılanların olduğu bildirilir.

Hadisə ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumat yayacağı gözlənilir.

Günortodan sonra Siyəzəndə sosial problemlərinə, qiymət artımına görə etiraz edənlər rayon icra hakimiyyətinin qarşısına yığışıblar. İcra başcısı onlarla görüşərək, problemlərin həll olunacağına söz verib.  Sakinlər "Bu günə kimi niyə kömək etmirdin deyə icra başçısı Asif Hüseynova sual edirlər.

---------

Füzulidə qiymət artımına etirazlar olub

Aksiyaçıların mərkəzi yolu bağladığı bildirilir

Yanvarın 13-də səhər saatlarında Füzuli rayonunun Bala Bəhmənli kəndində qiymətlərin qalxmasına etiraz olaraq aksiya keçirilib. Kənd sakinlərinin Meydan TV-yə verdiyi məlumata görə, aksiyaya Əhmədbəyli və Mahmudlu kəndlərindən qoşulublar. Aksiyada 1000-ə yaxın adamın iştirak etdiyi bildirilir.

Etirazçıların mərkəzi yolu bağladığı bildirilir.

***********

Ağcabədi - Hindarxlılar da qiymət artımından narazıdır

Hazırda Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı kənddədir

Ağcabədi rayonunun Hindarx kəndinin sakinləri də qiymətlərin qalxmasına etiraz olaraq toplaşıblar. Kənd sakinlərinin Meydan TV-yə verdiyi məlumata görə, hazırda kəndin mərkəzinə 1000 nəfərdən artıq şəxs toplaşıb və onlar işsizliyə, qiymət artımına etiraz edirlər.

Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovun Hindarxa gəldiyi bildirilir.

 

 

************

Ağsuda etiraz yürüşü

Aksiyaçılar hazırda İcra Hakimiyyətinin nümayəndələri ilə görüşdədir

Yanvarın 13-də günorta saatlarında Ağsu rayonunda yürüş olub. Şəhər sakinləri məvacibin azlığına, qiymət artımına və işsizliyə etiraz əlaməti olaraq şəhərin mərkəzində yerləşən Heydər Əliyev Parkından İcra Hakimiyyətinin binasınadək yürüş ediblər.

Aksiya iştirakçıları Ağsu İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyevlə görüşmək istəsələr də, başçı buna razı olmayıb. Belə ki, aksiyaçıların təyin etdiyi beş nəfərlik nümayəndə heyəti icra hakimiyyətində olsa da, başçı görüşdən imtina edib. O, sosial problemlərin onun günahı ucbatından yaranmadığını bildirib və deyib ki, baş verənlər dövlət səviyyəsində yaranıb. Bundan sonra isə yüzlərlə sakin İcra Hakimiyyətinə yürüş ediblər. Bu zaman icra başçısı onlarla görüşməyə razı olub.

Bildirilir ki, icra başçısı otuz nəfər rayon sakini ilə İcra Hakimiyyətinin iclas zalında görüş keçirib (musavat.com).

***********************

Ağsu, Füzuli və Siyəzən İcra hakimiyyətləri baş verən hadisələrə münasibət bildirib

İcra hakimiyyətlərinin nümayəndələri açıqlama veriblər.Ağsu rayonunda yerli sakinlər tərəfindən etiraz aksiyası keçirilməyib. Bu barədə APA-ya rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rasim Novruzov bildirib.Onun sözlərinə görə, rayonun bir qrup sakini qiymət artımı, əsasən də unun qiymətinin artırılması ilə bağlı İcra Hakimiyyətinə gəlib.

Sakinlər Ağsu rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev tərəfindən qəbul olunub. İH başçısı sakinləri dinləyib, onlara bildirib ki, süni qiymət artımının qarşısı alınacaq. Sahibkarlarla bununla bağlı görüş keçirilib.

Məlumata görə, son günlər rayonda unun qiymətində artım olsa da, hazırda 50 kiloqramlıq un kisələri 27 manat 50 qəpiyə satılır.

“Füzulidə baş verən etiraz aksiyasına səbəb qiymət artımıdır”. Bunu APA-ya açıqlamasında Füzuli rayon İcra Hakimiyyəti başçısının birinci müavini Bağır Aslanov deyib.

B.Aslanov qeyd edib ki, rayon icra hakimiyyəti rəhbərliyinin sakinlərlə apardığı danışıq nəticəsində etirazçılar dağılışıb: "Saxlanılan və xəsarət alan olmayıb”.

Siyəzəndə də sabitlik təmin olunub. Bunu APA-ya açıqlamasında Siyəzən rayon İcra Hakimiyyəti başçısının müavini Zəfər Əliyev bildirib.

O qeyd edib ki, rayonda keçirilən aksiyada ölən və yaralananların olması barədə yayılan informasiyalar həqiqətə uyğun deyil: “Bu barədə yayılan məlumatlar yalandır. Hazırda rayonda sakitlik bərpa olunub, hər şey nəzarət altındadır”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol