Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq müdafiə naziri Səfər Əbiyevin müavini olmuş Mehman Səlimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.Prosesə hakim Zeynal Ağayev sədrlik edib.
Prosesdə şahid qismində 2009-2013 – cü illərdə Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin rəisi vəzifəsində işləımış Hafiz Əliyev ifadə verib. Hazırda Naxçıvan Qarnizonunun xidmət rəisi olduğunu deyən H.Əliyev ifadəsində sifariş verdikləri tikintilərin gecikdiyini göstərib: “Mehman Səlimovla tikinti işləri dövründə tanış olmuşuq. Bilirdim ki, keçmişdə nazir müavinimiz olub. O zaman sifarişçi kimi iki bina, yeməkxana, qazanxana tikdirirdik. İşlər gecikdiyinə görə yazılı və şifahi şəkildə Mehman müəllimə iradımızı bildirmişdik. Hətta bir neçə müqaviləni təzələmişdik. Məsələ ilə sabiq nazir Səfər Əbiyevə də məruzə eləmişəm. Səfər Əbiyevin Mehman Səlimovla şəxsi münasibəti olduğu üçün ona güzəştə gedirdi. Mehman Səlimovun işləri gecikdirməsində həm üzrlü, həm də üzrsüz səbəblər var idi. Dəfələrlə demişdim ki, işçiləri dəyişsin. Ona daha peşəkar mütəxəsislərlə çalışmağı məsləhət görürdüm. İşlərlə əlaqədar Mehman Səlimova artıq pul ödənilməyib. Onun həmin məbləği mənimsədiyini deyə bilmərəm”.
Müdafiəçilər şahidin məhkəmədə verdiyi ifadə ilə istintaqa verdiyi ifadə arasında ziddiyyət olduğunu bildiriblər.
Daha sonra 2009-2013 cü illərdə Müdafiə Nazirliyinin Maliyyə şöbəsinin rəisi vəzifəsində çalışmış Elçin Mehdiyev ifadə verib. O, ifadəsində Mehman Səlimovu həmin vaxtlardan tanıdığını deyib: “Vəzifədən gedəndən sonra xeyli müddət Mehman müəllimi görmədim. Maliyyə şöbəsinə rəis təyin ediləndən sonra bildim ki, Mehman müəllimin tikinti şirkəti var. Onunla Müdafiə Nazirliyi arasında tikinti işləri ilə bağlı müqavilə imzalanmışdı. Ora vəsaitlər Müdafiə Nazirliyinin büdcəsi tərəfindən deyil, Nazirlər Kabineti və Maliyyə Nazirliyi tərəfindən ayrılırdı. Biz özbaşına pul ödəyə bilməzdik. Göstəriş verilirdi, sənədləri hazırlıyırdıq, vəsaitlər xəzinardarlıqdan ödənilirdi”.
Məhkəmə prosesi yanvarın 22-də davam edəcək.
1995-1999-cu illərdə müdafiə nazirinin siyasi və ictimai işlər üzrə müavini vəzifəsində işləmiş Mehman Səlimov 2014-cü ilin noyabr ayında həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 192.2.2 (qanunsuz sahibkarlıq, külli miqdarda gəlir eldə etməklə törədildikdə), 213.2.2 (külli miqdarda vergi ödəməkdən yayınma), 308.2. (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, Mehman Səlimovun işdən çıxarılmasının səbəbi kimi onun Baş Qərargah rəisi Nəcməddin Sadıqova qarşı mətbuatda səsləndirdiyi ittihamlar göstərilir. M.Səlimov 1999-cu ildə mətbuata verdiyi açıqlamalarda Nəcməddin Sadıqovun ünvanına kəskin ittihamlar səsləndirmişdi. O, Baş Qərargah rəisinin müdafiə naziri olmaq üçün səylər göstərdiyini, faktiki olaraq həmin vaxt müdafiə naziri olan Səfər Əbiyevə qarşı iş apardığını bildirmişdi. Bu açıqlamalardan sonra Mehman Səlimov tutduğu vəzifədən azad edilmişdi. (Virtualaz.org)

Şərhlər