Azərbaycan xarici valyuta bazarlarından əlavə valyuta resursları cəlb edə bilər.
“Marja” xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iqtisadi və sosial məsələlərin həlli ilə bağlı müşavirədə deyib.
“Azərbaycan iqtisadiyyatının vəziyyəti çox möhkəmdir və müsbətdir. Bütün iqtisadi göstəricilər bunu göstərir. Hətta böhranlı ildə Azərbaycan iqtisadiyyatı inkişaf edib. Ümumi daxili məhsul, qeyri-neft sektoru, sənaye istehsalı artıb, kənd təsərrüfatı təxminən yeddi faiz artıb. Bizim valyuta ehtiyatlarımız yaxşı səviyyədədir. Valyuta ehtiyatlarımızı qoruyuruq. Xarici dövlət borcumuz çox aşağı səviyyədədir, təxminən 12 faiz səviyyəsindədir. Devalvasiyadan əvvəl isə 10 faizdən az idi. Yəni, bu, dünya miqyasında ən yaxşı göstəricilərdən biridir. Bütün bu amilləri, iqtisadi dayanıqlılığı və xarici borcumuzun aşağı səviyyədə olmasını nəzərə alaraq, hesab edirəm ki, biz xarici maliyyə bazarlarından lazım olan həcmdə valyuta resurslarını Azərbaycana cəlb edə bilərik. Bu məsələlərlə bağlı müvafiq tapşırıqlar verilmişdir. Hesab edirəm ki, tezliklə bu məsələyə də baxılmalıdır. Mən şəxsən heç vaxt tərəfdarı deyildim ki, Azərbaycanın xarici dövlət borcu artsın. Çünki həmişə istəyirdim ki, 10 faizi keçməsin. Ancaq indiki vəziyyətdə nəzərə alsaq ki, bizdə bu səviyyə cəmi 12 faizdir, - bəzi inkişaf etmiş ölkələrdə 100 faizdir, 120 faizdir, 150 faizdir, - yəni, çox az ölkə tapılar ki, orada xarici borc bizdəki səviyyədə olsun. Bunu nəzərə alaraq deyə bilərəm ki, xarici valyuta bazarlarından əlavə valyuta resurslarının cəlb edilməsi bizim üçün heç bir problem yaratmaz. Ona görə hesab edirəm ki, bu məsələ ilə bağlı addımlar atılmalıdır”.
İlham Əliyev deyib ki, dövlət istiqrazlarının buraxılması məsələsinə də baxıla bilər:
“Bu da beynəlxalq praktikada çox tez-tez baş verən hadisədir. Hətta bizimlə müqayisə edilməz dərəcədə daha da böyük həcmdə neft hasil və ixrac edən ölkələr buna gedirlər. Ən böyük neft ixrac edən ölkələr buna gedirlər, xarici maliyyə bazarlarından valyutanı cəlb edirlər. Ona görə biz də buna getməliyik. Burada heç bir problem yoxdur. Əslində, bu, imkan yaradacaq ki, biz iqtisadiyyata daha da böyük təkan verək”.


Şərhlər