SSRİ-nin dağılmasından sonrakı illərdə Rusiya öz gəmiqayırma sahəsini dirçəltməyə cəhd göstərib. İndi onun üçün yeni və çox mühüm bir imkan yaranıb. Artıq 2019-cu ildə Moskva öz müəssisələrində aviadaşıyanlar və desant vertolyotdaşıyanları istehsal edə bilər.
Hal-hazırda Moskvanın yalnız bir ədəd – “Admiral Kuznetsov” adlı aviadaşıyanı var. Bu aviadaşıyan adi güc qurğusu ilə təchiz edilib. ”Admiral Kuznetsov” Ukraynanın Nikolayev şəhərindəki gəmiqayırma zavodunda tikilib. Sovet İttifaqı dağılandan sonra Rusiya artıq bu müəssisədən istifadə etmək imkanını itirib. Ona görə də, Rusiya aviadaşıyanların tikintisi üçün öz ərazisində baza yaratmaq məcburiyyətində qaldı.
“Rossiya 24” televiziya kanalına verdiyi müsahibədə Rusiyanın “Gəmiqayırma şirkətləri birliyi”nin prezidenti Aleksey Raxmanov bildirib: ”Biz aviadaşıyan və vertolyotdaşıyanların tikintisinə hazırlaşırıq. Əgər aviadaşıyanların texniki imkanlarından danışsaq, biz modernləşdirmə işlərini qurtararıqsa, onda 2019-cu ilin əvvəlinə kimi nəzərdə tutulan texnikanı təhvil verə bilərik”. Ancaq Raxmanov yeni gəmilərin, ən başlıcası isə yeni nəsil aviadaşıyanların harada tikiləcəyini söyləməyib. Çox güman ki, aviadaşıyanlar Severedvinskdəki “Sevmaş” tərsanələrində hazırlanacaq.
“Sevmaş” Rusiyada aviadaşıyanların tikilməsi təcrübəsinə malik olan yeganə gəmiqayırma müəssisəsidir. Belə ki, ”Admiral Qorşkov” aviadaşıyanın yenidən qurulması və modifikasiya olunması məhz həmin tərsanədə həyata keçirilib. Hazırda “Admiral Qorşkov”, ”Vikramaditiya” adı altında Hindistanın Hərbi Dəniz Qüvvələrinin tərkibində fəaliyyət göstərir.
Bundan öncə KİV-lərdə Rusiyanın postsovet dövründən sonra özünün ilk aviadaşıyanını tikməsinə hazırlıq işləri aparması və həmin aviadaşıyanın tikintisinə 2025-ci ildən əvvəl başlanmayacağı barəsində məlumat getmişdi. Bu cür böyük döyüş gəmisinin tikintisi təxminən 10 il vaxt aparır.
Baxmayaraq ki, yeni Rusiya aviadaşıyanının təməlatma mərhələsinə hələ təxminən on il var, keçən il Krılov adına dövlət elmi-tədqiqat mərkəzi və Nevsk layihə-konstruktor bürosu 100 min ton su basımına malik olacaq aviadaşıyanın modelini nümayiş etdirmişdilər. Nüvə güc qurğusu ilə təchiz ediləcək və layihədə 23000E ”Ştorm” adı almış bu böyük gəmi, öz gövdəsində 90 təyyarə və vertolyot yerləşdirə bilər. Nikbin proqnozlara görə, bu aviadaşıyanın tikintisi 5,6 milyard dollara başa gələcək. Ancaq qiymətin iki dəfə və ya daha çox yüksələcəyi ehtimalı xeyli böyükdür.
Bu arada Rusiya artıq yeni aviadaşıyanın tikintisi ilə əlaqədar hazırlıq işlərinə başlayıb. Moskva Amerikanın “Cerald Ford” (CVN-78) sinfindən olan aviadaşıyanında istifadə edilən elektromaqnit katapultuna bənzər katapultun hazırlanması işinə start verib. Çox güman ki, elektromaqnit katapultun Rusiya prototipi Moskva yaxınlığındakı Mərkəzi Aerohidrodinamika İnstitutunda sınaqdan çıxarılır.
Nüvə güc qurğusunun elementlərinın sınağı isə 18 min ton su basımı olan perspektivli “Lider” esminesində həyata keçiriləcək. Esminesin ölçülərinin böyük olmasına baxmayaraq, onun güc qurğusunun imkanları aviadaşıyanda istifadə üçün çətin ki, kifayət etsin.
Rusiya həmçinin əvvəl sifariş verilən, lakin sanksiyalara görə sonradan çatdırılmasından imtina edilən Fransa istehsalı olan iki “Mistral” vertolyotdaşıyanının yerini tutacaq yeni desant vertolyotdaşıyanın tikilməsinə ümid edir. Hazırda Moskva bu işi özü görmək istəyir.
Bu layihənin Rusiya tərəfindən nə zaman həyata keçiriləcəyi, hələki bəlli deyil. Ümumiyyətlə isə bu baş tutacaqmı? Ancaq əldə olunan məlumatlara əsasən, Moskva, öz bortunda xeyli sayda vertolyot və 450 nəfər dəniz piyadasını yerləşdirə biləcək gəminin alınmasında maraqlı görünür. Əgər Rusiya Müdafiə nazirinin öncəki bəyənatlarına inansaq, bu gəmilərin su basımı təxminən 16 min tondur.
(The National İnterest)


Şərhlər