“Ümumi Daxili Məhsulunun böyüməsi ilə bağlı Çinin verdiyi yeni məlumatlara heç kim inanmır”
Bu yaxınlarda Çin hakimiyyəti ölkənin Ümumi Daxili Məhsulunun (ÜDM) böyüməsi barəsində yeni məlumat dərc edib. Amma bir çox ekspertlər bu məlumatın həqiqiliyinə inanmayaraq, bildirirlər ki, Pekin statistikanı saxtalaşdırır.
Çin Xalq Respublikasının dövlət statistika idarəsi 19 yanvar tarixində məlumat verib ki, dördüncü rübdə ölkənin ÜDM-i 6,8 %, illik isə 6,9% böyüyüb. Çinin indiki böyümə tempi son 25 ilin ən aşağı göstəricisidir. Lakin əksər beynəlxalq ekspertlər, hətta Çin üçün heç də böyük sayılmayan bu göstəricilərə şübhə ilə yanaşırlar.
Belə ki, biznes jurnalı “Quartz”–ın nəşr etdiyi məqalədə deyilir ki, iqtisadiyyatdakı böyümə tempinin əhəmiyyətli dərəcədə ləngiməsinə baxmayaraq, Çin hakimiyyəti 6,9 % rəqəmini yazıb, lakin buna heç kim inanmır. ”Quartz” məlumat verir ki, əksər analitiklər Çin iqtisadiyyatının böyüməsi haqqında real vəziyyəti bilmək istəyirlər.
Biznes qəzeti olan “Barrons” isə, beynəlxalq araşdırma təşkilatı “Capital Economics”-in iqtisadçısı Evans-Pridçardanın fikirlərini dərc edib. Onun sözlərinə görə, ÜDM haqqında Pekinin yeni məlumatları xeyli şişirdilib və Çin barəsində real vəziyyəti qiymətləndirmək məsələsində bu göstəricilərə söykənmək olmaz. “FXStreet” iqtisadi portalı “ForexLive” maliyyə analitiki Adam Batonun fikirlərini dərc edib. A.Baton Cinin verdiyi məlumatlar barəsində deyib ki, bu statistika qətiyyən etibarlı sayıla bilməz.
Artıq uzun müddətdir ki, Çinin verdiyi məlumatlar və ÜDM haqqındakı rəqəmlər dünyada ən müəmmalı və qeyri–şəffaf göstərici sayılır. Onun hesablanması formulu məxfidir, ancaq orada olan hər bir şey yuxarıya doğru istiqamətlənir.
Əgər Çinin bütün əyalətlərinin ÜDM-ni üst-üstə gəlsək, onda görərik ki, ümumi məbləğ ölkə üzrə keçən il hakimiyyət tərəfindən dərc edilmiş ÜDM-dən xeyli aşağıdır. Hətta bu məsələ ilə əlaqdar xüsusi formul da düşünüb tapıblar: “1+1>2” (yəni birin üstünə bir gələndə, bu ikidən çox edir). Səbəb isə çox sadədir - mərkəzi hakimiyyət, yerli məmurların öz iqtisadi göstəricilərini qaldırmağa meyilli olduğunu nəzərə alaraq, rəqəmlərdə dəyişiklik aparıb. Üstəlik də bu dəyişikliyi gözəyarı aparıblar.
2010-cu ildə “Wikiliks” saytında ABŞ-ın Çindəki səfiri Klark Randtın “07BEIJING1760” nömrəli məktubu dərc edilmişdi. Səfirin ”məxfi” qrif altındakı həmin məktubunda məlumat verilirdi ki, o, 2007-ci ilin martında Lyanon əyalətinin partiya komitəsinin sədri Li Keçyanla (indiki baş nazir) görüşüb və bu görüşdə Li Keçyan Çinin ÜDM-i barəsində deyib ki, bunlar süni rəqəmlərdir və ona görə də, bu göstəricilər etibarsızdır. O zaman Li Keçyan Klark Randta məsləhət görüb ki, Çin iqtisadiyyatının real vəziyyətini müəyyənləşdirmək üçün ölkədə il ərzində nə qədər elektrik enerjisindən istifadə olunmasına, dəmiryol daşımalarının həcminə və bank kreditlərinə nəzər yetirmək lazımdır.
Sonradan bu hesablama qaydası “Li Keçyan indeksi” adlandırıldı. Həmin indeksə müvafiq olaraq, keçən il Çin iqtisadiyyatının üçüncü rübdə böyüməsi 3% təşkil edib, amma rəsmi rəqəmlər 6,9% göstərir.
“The Economist”, ”Forbes”, ”The Guardian” və bu kimi böyük və tanınmış dünya nəşrləri ilin əvvəlində Çin iqtisadiyyatındakı vəziyyət barəsində bir sıra məqalələr dərc edərək, bildiriblər ki, Çin iqtisadiyyatı şəffaf deyil və Pekinin verdiyi rəsmi statistika həqiqəti əks etdirmir.
Bundan əvvəl Pekinin “Çin gəncləri” qəzeti yazmışdı ki, ÜDM-in hesablanmasında hakimiyyət daha çox “iki tərəfli sistem” adlanan metoddan istifadə edir. Bu sistemə əsasən, əyalətlər mərkəzi hökumətə uğurları göstərməkdən ötrü rəqəmləri yüksəldir, dotasiya almaq istəyəndə isə göstəriciləri azaldırlar. Bununla əlaqədar olaraq, elə hallar olur ki, ən inkişaf etmiş rayonlar, hansısa dotasiya tələb etdiyinə görə, eyni zamanda ən kasıb rayon statusu da daşıyır.
(“The Epoch Times” - ABŞ)


Şərhlər