Neftin qiyməti, bu gün açıqlanacaq neftbaza göstəricisi öncəsi yenidən 30 dollar səviyyəsindən aşağı düşüb.
ABŞ-da Enerji İnformasiya İdarəsinin Çərşənbə günü açıqlayacağı həftəlik neft ehtiyatlarının, analitiklərin proqnozlarına görə, 4 milyon barel artması gözlənilir. Neft Bazar Ertəsi günü, dünyanın ən böyük neft ixracatçısı Səudiyyə Ərəbistanının aşağı neft qiymətlərinə baxmayaraq enerji layihələrinə investisiyalarını dayandırmayacağını açıqlamasının ardından 5.8 faiz düşüb.
Neft bu il, Çin iqtisadiyyatının ləngiməsi, ABŞ-da neft ehtiyatların artması, Səudiyyə Ərəbistanı və Rusiyanın istehsal səviyyələrini qoruması və sanksiyaların götürülməsindən sonra İranın ixraca başlayacağı narahatlıqlarına görə 20 faiz ucuzlaşıb. Qərbi Texas neftinin (WTI) 25 dollardan aşağı düşməsinə dair mərclər, ehtiyatların artmağa davam etməsi ilə birlikdə rekord səviyyəyə yüksəlib.
Kaliforniada Sri-Kumar Global Strategies Inc.-ın təsisçisi və sədri Komal Sri-Kumar, Bloomberg Televiziyasına verdiyi müsahibədə, "Neft okeanında boğuluruq" - deyib və "Səudiyyə Ərəbistanı və Rusiyanın istehsalı aşağı salacağına dair bir işarə yoxdur" şəklində fikir bildirib.
Brent nefti, dünən və bu gün Londonda İCE Europe birjasında təxminən 8,% ucuzlaşaraq 29,75 dollara, ABŞ xam nefti (WTI) isə Nyu-York birjasında 8,8% ucuzlaşaraq 29,55 dollara düşüb.
Qeyd edək ki, ötən həftənin son günləri neft kəskin bahalaşaraq 32,56 dollara qədər qalxmışdı. /"Marja"

Şərhlər