Ülvi Quliyev: “Gənclərə kifayət qədər böyük yol açılıb”
1996-ci ildən ölkəmizdə 2 fevral Gənclər Günü kimi qeyd olunur. Modern.az gənclərimizdən hansı sahələrdə dəyişiklik istəmələri ilə bağlı sorğu keçirib. Sorğunun nəticələrinə əsasən gənclərimiz əsasən, iqtisadi, təhsil, elm və milli mənəvi dəyərlərin qorunması ilə bağlı dəyişiklərin edilməsini istəyiblər. Gənclərin bu istəyi ilə bağlı Milli Məclisin Gənclər və idman komitəsinin sədr müavini Ülvi Quliyevdən mövqe öyrənib. Deputat gənclərin dəyişiklər görmək istədikləri sahələri normal qiymətləndirib. Lakin o, burada bir məqamın vacibliyini vurğulayıb.
“İqtisadi sahədə dəyişiklik çox vacib məsələdir. Çünki bugünki dünyada gedən proselsər iqtisadi sahənin önə çəkilməsinin vacib olduğunu göstərir. Gənclərin bu istəklərini dəstəkləyirəm. Lakin bir şeyi xüsusilə qeyd etmək istəyirəm ki, əxlaq, şərəf, ləyaqət məsələsi də iqtisadi sahədən geri qalan məqam deyil. Əslində tərbiyəli, əxlaqlı, şərəfli gəncliyi olan cəmiyyətdə iqtisadi, siyasi sahədə islahatların aparılması daha yaxşı nəticələr verir. Ən yaxşısı odur ki, hərə öz olduğu yerdə cəmiyyətə, dövlətə, topluma xeyir verə bilsin. Bunun üçün kifayət qədər şərait var. Mənəviyyat, əxlaq olmadan o biri məsələləri, islahatları da önə çəkmək olmur. Çünki hər şeyin kökündə nizam-intizam durur”. Ülvi Quliyev eyni zamanda gənclərin problemlərindən də danışıb.
“Dünyada gedən proseslərlə əlaqədar problemlər var. Bu, Azərbaycanın üzləşdiyi məsələ deyil. Dövlətimizin başçısı heç vaxt deməyib ki, problem yoxdur. İndi müəyyən işlər görülür, iqtisadi çətinliklərlə bağlı islahatlar aparılır. Problemlər olduğu kimi onların həllinə istiqamətlənmiş işlər də görülür. Düşünürəm ki, bizim dövrümüzlə müqayisədə gənclər üçün kifayət qədər böyük yol açılıb. Xaricdə təhsil üçün Dövlət Proqramları qəbul olunur. Gənclərə Dövlət səviyyəsində, Prezident səviyyəsdində xüsusi diqqət var. Mən bəzən bizim gənclərin şikayət etmələri və narazılıqlarını bildirmələrini qəbul edə bilmirəm.
Birinci Avropa Oyunlarına qoşulan konüllüləri götürək. Onlar könüllü olaraq ilk mərhələdə könüllü kimi işə başladılar və bundan sonra başqa mərhələləri də keçəcəklər. Əgər zəhmət varsa, mütləq onun nəticəsi olur. Hər bir şey insanın özündən asılıdır. Bu gün məşğulluq problemləri var. Amma yaxşı kadra, əmək bazarının tələblərinə cavab verən yaxşı gənclərə hər zaman ehtiyac duyulur. Ona görə də belə gənclər gərək daim nümunə olsun və başqaları da onlara baxıb dərs götürsün”.


Şərhlər