Menu

29 ölkə ordusunun qərargah rəisləri bir arada

23.02.2016, 00:24
29 ölkə ordusunun qərargah rəisləri bir arada

Koalisiya qüvvələrinin İraq və Suriyada terrora qarşı fəaliyyəti müzakirə olunub

Xarici KİV-in məlumatına görə, 29 ölkə ordusunun qərargah rəisiləri İraq və Suriyada beynəlxalq koalisiya qüvvələrinin terrora qarşı mübarizəsini müzakirə etmək üçün Küveytdə iclasa toplaşıb. Görüşdə ABŞ, Böyük Britaniya, Fransa, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir və İraqın nümayəndələri iştirak edib. Bu barədə məlumatı Küveytin «KUNA» informasiya agentliyi yayıb (TASS).

Agentlik xəbər verir ki, əmirliyin paytaxtı Əl-Küveytdə keçirilən görüşdə koalisiya üzvü olan 29 ölkə ordusunun qərargah rəisləri, o cümlədən, ABŞ, Böyük Britaniya, Fransa, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir və İraqın nümayəndələri iştirak edib. Küveyt ordusunun baş qərargah rəisi Mühəmməd Halid əl-Hadar iclasın açılışında bəyan edib ki, beynəlxalq koalisiya «təhlükəsizlik və sabitliyi təhdid edən terrorçu qruplaşmaların qarşısının alınması istiqamətində səyləri intensivləşdirməlidir».

Qeyd olunur ki, iclas təhlükəsizlik tədbirlərinin yüksəldilməsi və xüsusi məxfilik şəraitində keçib. Hətta o qədər ki, tədbirə yalnız bir neçə fotomüxbir çağırılıb və bir neçə dəqiqədən sonra onlardan da iclas zalını tərk etmələri xahiş olunub.

İraq və Suriyada terrorçu qruplaşmalara qarşı fəaliyyət göstərən beynəlxalq koalisiya 2014-cü ilin yayında ABŞ-ın rəhbərliyi altında formalaşdırılıb. Bu birlikdə iştirakını formal olaraq, 60 ölkə bəyan edib. 2014-cü il yayın sonlarında koalisiyanın hərbi hava qüvvələri (HHQ) İraq ərazisində ekstremist qrupların mövqelərini bombardman etməyə başlayıb. Bundan bir ay sonra isə əməliyyatlara Suriya ərazisində də başlanıb.

Xatırladaq ki, Suriya ərazisində koalisiya HHQ-nin əməliyyatları Suriyanın fəaliyyətdə olan hökumətinin razılığı olmadan həyata keçirilir.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol