Mirzə AĞ
Azərbaycanlı müxbirin Atamoğlan əmi ilə «sentimental söhbət»i...
- Atamoğlan əmi, eşitməmiş olmazsan (sən eşitməmiş olsan, daha kim eşidəcəkmiş ki?), xəbər dolaşır ki, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Akif Əlibəyovu işdən qovublar. Amma bunu nə təsdiqləyən, nə də inkarlayan tapılmır. Səhiyyə nazirliyi də adəti üzrə, «balıq kimi susur» - təxminən belə: «Dəvə gördünmü? Nə dəvə gördüm, nə də qığını...». Sən biləni, bu xəbər doğrudur, yoxsa yalan?
- Bismilləhir-Rahmənir-Rəhim! Necə ki, yalan olmaz? Əlbət ki, yalan olar, bala...
- Nə üçün gerçək olmaz, Atamoğlan əmi?
- Ay oğul, gerçək olsaydı, indi Səhiyyə nazirliyi dil qəfəsə qoymazdı! Əmma özün də görürsən ki, lal-dinməz büzüşüb oturublar qaranlıq bir küncdə...
- Bəs, nə üçün qaranlıq küncdə oturublar?
- Oturublar qaranlıq küncdə ki, onları görən olmasın...
- Nə üçün görən olmasın?
- Bala, çünki onların suçları başlarından yekədir!
- Adamın da suçu başından yekə olarmı, Atamoğlan əmi?
- Olar bala, necə ki, olmaz? - Olar, olar...
- Bu nə suçdu belə, Atamoğlan əmi?
- Bala, danışırlar ki, bəs həmin Əlibəyov yanar poliuretan deyilən materiala «təhlükəsizlik sertifikatı» yazıb verib. Sən demə, bu andır yaman tez yanırmış, yanarkən də zəhərli qazlar əmələ gətirirmiş. Ötən il Bakıda yekə bir yaşayış binasında baş vermiş yanğın bax, bu gerçəyi ortaya qoydu. Araşdırıcı komissiya da gedib GEM-i yoxlamağa başladı. İndi bəziləri ağzıgöyçəklik edirlər ki, guya Əlibəyovu həmin sertifikatın üzündən işdən qovublar.
- Belədirsə, bəs Səhiyyə nazirliyi nədən qorxur?
- Ay bala, sən belə şeyləri bilməzsən. Bir fikirləş, Əlibəyov nə karədir ki, Vəlibəyovun (Azərbaycanın baş sanitariya həkimi, nazirin müavini) «dobro»su olmadan nəyəsə, kiməsə sertifikat versin?! Vəlibəyovla da cənab nazirin isti münasibətləri var (Ümumiyyətlə, nazir müavini işlədiyi müddətdə bu şəxsin bütün nazirlərlə ilıq münasibətləri olub) - yəni ki, belə situasiyalarda məsuliyyət ortaqlığı ortaya çıxır...
- Elədirsə, onda sən biləni, Əlibəyovu işdən çıxarmaqla, onu cəzalandırıblar, yoxsa cəzadan yayındırıblar?
- Əlbəttə ki, cəzadan yayındırıblar! Yoxsa ki, tək bircə poliuretana sertifikat verdiyinə görə, gərək onu mühakimə edəydilər. Gördüyün kimi, etmədilər...
- Atamoğlan əmi, bəs, nə üçün etmədilər?
- Bala, axı ortada böyük-kiçik məsələsi var. Mühakimə etsəydilər, məhkəmə zalının soyuq havası nazir müavininin, nazirin sir-sifətini qarsardı...
- İndi dediyindən belə çıxır ki, Əlibəyov tək deyil?
- Əlbəttə ki, tək deyil. Üstəlik də o, «formal sertifikat» yazmağın təhər-tühərini elə nazirin müavini Abbas Vəlibəyovdan əxz eləyib!
- Necə eləyib, Atamoğlan əmi?
- Bax, əvvəllər Əlibəyov Respublika GEM-də mal-məhsulların təhlükəsizliyinə «sınaq protokolları» yazırdı - əlbəttə ki, Abbas müəllimin tövsiyyələri əsasında, həm də formal. Hətta bir dəfə Abbas müəllim Azərbaycan ərazisinə hələ gətirilməmiş «Dove» markalı şampuna sertifikat yazıb imzalamışdı. Beləcə də yazmışdı: «Filan tarixli, filan nömrəli müqavilə əsasında Azərbaycana gətiriləcək yuyucu vasitəyə verilir».
- Atamoğlan əmi, bəs ortada olmayan şampunu Əlibəyov necə sınaqdan keçirib, protokol yazmışdı?
- Bala, bax bunu (Akif) Əlibəyovla (Abbas) Vəlibəyovun özündən soruşsan yaxşıdır...
- Belə-belə işlər, Atamoğlan əmi - nə qədər yazırıqsa, Azərbaycanımız düzəlmir ki, düzəlmir!
- Düz deyirsən, bala - belə getsə, heç düzəlməyəcək də...

Şərhlər