Martın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimlinin və onunla birgə təqsirləndirilən Təvəkkül Qurbanovun cinayət işi üzrə hazırlıq iclası davam etdirildi.
Budəfəki prosesdə dəyişiklik oldu və T.Qurbanov dəmir barmaqlıq arxasında, P.Həşimli isə qolu qandallı vəkilinin yanında oturdu. İclasdan öncə P.Həşimli jurnalistlərə açıqlama verdi. Onun sözlərinə görə, dünən (srağagün-S.T.) vəkili Bəhruz Bayramov onunla görüşə gələn zaman MTN-in istintaq təcridxanasında onun qeydlərini alıblar: “Buna etiraz etdiyim üçün iki gündür məni gəzintiyə çıxarmırlar. Əslində gəzinti yeri də qapalıdır, 6 kvadrat metr qapalı ərazinin yalnız üstü açıqdır”.
Jurnalist həmçinin qeyd etdi ki, MTN-də ona əvvəl yazdığı yazıları xatırladıblar və bu yazılarla MTN əleyhinə fəaliyyət göstərməkdə ittiham ediblər. Jurnalistin sözlərinə görə, konkret olaraq iki il əvvəl “Bizim Yol”da dərc edilən, müəllifi olduğu “MTN-in Gəncədəki əməliyyatı qeyri-peşəkar aparılıb”, “Sahibkar MTN-dən kömək istəyir”, “Əli Nağıyev vəzifəli şəxslərə nəzarət edəcək” başlıqlı məqalələri ona göstərilərək “sən neçə ildir bizə qarşı olmusan” bildirilib. Jurnalist onu da bildirdi ki, istintaqda cəmi 3 dəfə ifadə versə də, cinayət işinin materiallarında onun adından ifadələr var: “Düzdür, həmin ifadələrdə əleyhimə bir şey yazılmayıb. Qeyd olunub ki, mən ittihamları rədd edirəm. Özüm verdiyim ifadələrdə isə bu fikirlərlə yanaşı, siyasi motivlə həbs olunduğumu da deyirdim”.
Proses başlayan kimi jurnalist hakimə müraciət edərək dedi ki, Bakı İstintaq Təcridxanasına köçürülməsi barədə vəsatət veriblər: "Vəsatəti kifayət qədər əsaslandırmağımıza baxmayaraq, təmin etmədiniz. Həmin məhkəmədən sonra məni gəzinti hüququmdan da məhrum ediblər. Həmçinin orada mənim qanunvericilikdə nəzərdə tutulmuş qaydada ailə üzvlərim və yaxınlarımla görüşmək hüququm, vəkillərimlə konfedensil ünsiyyət hüququm pozulur. Ötən dəfə də bildirdim ki, sizə və digər instansiyalara göndərdiyim müraciət və şikayətlərim ünvanına çatdırılmır. Ona görə də müraciəti sizə məhkəmədə təqdim edirəm".
Hakim Pərviz Həşimlinin müraciətini elan etdi. Müraciətdə qanunvericilikdə nəzərdə tutulmuş - ailəsi ilə görüş, telefon əlaqəsi və s. hüquqlarının təmin olunması ilə bağlı istintaq təcridxanasının rəhbərliyinə məktub hanzırlanması məhkəməsən xahiş edilib. Hakim bildirdi ki, təqsirləndirilən şəxsin bu hüquqları qanunvericilkdə nəzərdə tutulub və bu hüquqları təmin etmək təcridxana rəhbərliyinin vəzifəsidir. Bundan sonra hakimlə P.Həşimli arasında dialoq başlandı:
P.Həşimli: “Hörmətli hakim, təcridxana rəisi deyir ki, mənim gücüm çatmır, siz özünüz MTN-də işləmisiniz və bilirsiniz təcridxana rəisinin orada qapı açıb-bağlayan qədər səlahiyyəti yoxdur...”
N.Kərimov: “Hər dəfə mənim MTN-də işləməyimi xüsusilə vurğulamağa ehtiyac yoxdur. Mən əvvəllər sizi tanımamışam. Siz məni tanıyırdınız?”
P.Həşimli: “Tanımrdım, adınızı eşitmişdim”.
N.Kərimov: “Mən heç adınızı da eşitməmişdim. Cinayət işi icraatıma verilən günün səhəri vəkil bildirdi ki, sizin icraatda belə bir iş var. Yalnız ondan sonra işlə tanış olub, sizin barənizdə məlumat almışam”.
P.Həşimli: “Ancaq hörmətli hakim, mənim hələ istintaqım gedən zaman demişdilər ki, sənin işinə məhkəmədə də özümüz baxacağıq. Şəxsən də sizin adınızı çəkdilər ki, MTN-in sabiq müstəntiqi Novruz Kərimov işə baxaraq sənə 6 il iş verəcək”.
N.Kərimov: “Sizə kim nə deyib bilmirəm, bir daha deyirəm ki, mən işi icraata götürəndən 1 gün sonra sizin adınızı oxumuşam. Ona qədər sizi şəxsən tanımamışam. Bu, mənim üçün icraatımda olan adi işlərdən biridir. O ki qaldı MTN-in istintaq təcridxanasında hüquqlarınızın pozulması ilə bağlı dediklərinizə, sizin bu hüquqlarınız qanunvericilikdə nəzərdə tutulub və təmin olunmalıdır”.
P.Həşimli: “Faktiki olaraq təmin olunmur, ona görə də, xahiş edirəm, mənim Bakı İstintaq Təcridxanasına köçürülməyimi təmin edəsiniz”.
N.Kərimov: “Sizin yaxın qohumlarınızdan müraciət daxil olub, bu məsələni araşdırarıq, sizə də cavabını deyərik. Amma bu, məhkəmə iclasında araşdırılan məsələ deyil. Sizin kimdənsə narazılığınız, şikayətiniz ola bilər, biz burada həmin məsələlərə baxmırıq”.
P.Həşimli: “Söhbət həm də mənim müdafiə hünququmun pozulmasından getdiyi üçün, məhkəməyə aidiyyəti var”.
N.Kərimov: “Mən məhkəmənin səlahiyyətinə aid olan məsələlərə baxacağam. Amma kiminsə səlahiyyətinə və vəzifəsinə aid olan məsələni öz üzərimə götürsəm, qanunu pozmuş olaram. Təcridxana rəhbərliyinin sizin hüquqlarınızı pozduğunu hesab edirsinizsə, bununla bağlı prokurorluğa müraciət edə bilərsiniz”.
Daha sonra məhkəmə hazırlıq iclasının yekunlaşması və işin mahiyyəti üzrə baxışa təyin olunması ilə bağlı tərəflərin fikrini soruşdu. Vəkil Fariz Namazlı məhkəmədən vaxt istədi. Pərviz Həşimli isə vəkilə təxirə salmağa ehtiyac olmadığını bildirdi. Digər təqsirləndirilən və vəkili də cinayət işinin baxışa təyin edilməsinə etiraz etmədilər. Daha sonra dövlət ittihamçısı çıxış edərək, təqsirləndirilən şəxslər barəsində həbs-qətimkan tədbiri dəyişdirilmədən, işin məhkəmə baxışına təyin edilməsini xahiş etdi. Müşavirədən qayıtdıqdan sonra hakimlər təqsirləndirilən şəxslər barəsində həbs-qətimkan tədbirinin dəyişdirilmədən işin baxışa təyin olunması və ilk prosesin martın 11-nə təyin edilməsi barədə qərarı elan etdilər.
Sevinc Telmanqızı
(musavat.com)


Şərhlər