Şəhidlə "birilərini" səhv salar!

Mirzə AĞ

Lap qədimlərdən üzübəri müdrik adamlar insanları iki qrupa bölüb -«ağ camaat», «qara camaat». Qədim Romada isə ağ adamları «patrisi», qara adamları «plebey» adlandırıblar. Azərbaycanda da «qara camaat» anlayışı və buna uyğun olaraq, «qara» ünvanlar olub, indi də var...

Ölkəmizdə hər zaman «qara» adamlara məclisin aşağısında yer veriblər. «Qara»lar da bununla barışıb, yaxın dövrə qədər öz yerlərini bilərdilər - səhv salıb, məclisin yuxarı başına tək-tük keçənlərə də cəmiyyət özü məclisin aşağı başını barmaqla göstərərdi...

Nə yazıq ki, indi dövran dəyişib - cəmiyyətimizin dayaqları sarsılıb, ictimai standartlarımız qapazaltı olunub. Nəticədə, «qara» adamlar nəinki məclislərin başına, hətta layiq olmadıqları dövləti vəzifələrin başına keçiblər. Odur ki, çağdaş Azərbaycanda necə deyərlər «it yiyəsini tanımır...»

«İt yiyəsini tanımadığı» cəmiyyətlərdə qara adamlar meydan sulayar, «iki ulağın arpasını bölə bilməyənlər» dövlətin büdcəsini «idarə edərlər». Ürək ağrısı ilə qeyd edirəm ki, bu mənada Azərbaycan hamıdan öndə gedir. İndi ölkəmizdə «qara camaat»ın törəmələri dövlət naziri olub, insanları ələ salırlar, cəmiyyətimizə yeni «qara standart»lar («qara mentalitet» nümunələri) sırımaq uğrunda yarışa çıxırlar...

Bu proses son illər lap əndazəni aşıb. Belə ki, «qara nazir»lər cəmiyyətimizdə ən yüksək mərtəbə sayılan «şəhid»lik ünvanına də «əl qaldırıb», onu «biriləri» ilə bir sıraya yazmaqdan nə utanırlar, nə çəkinirlər...

Belə davranış «oturduğun budağı kəsmək» kimi bir sərsəmlik, ya da ağıldankəmlikdir! Fəqət, «qara» adamlar bunun fərqində olmazlar. Nədən ki, bir atalar məsəlində deyildiyi kimi, «ot - kökü üstündə bitər...»

Mən, bu yazımla Azərbaycan cəmiyyətinin hələ «manqurt edilməmiş» kəsimini «şəhidlik» ünvanına uzunan «qara əlləri» kəsməyə çağırıram - haydı, ərənlərim, iş başına!!!

Göz yaşları ilə...