Xarici KİV-in Suriyadan yaydığı son məlumata görə, danışıqlar üzrə Suriya müxalif Ali komitəsi (DAK) Birləşmiş Millətlər Təşkilatına (BMT) məktub ünvanlayıb. Məktubda, Suriya ordusu və Rusiya Hərbi Kosmik Qüvvələri (HKQ) atəşkəsi pozmaqda günahlandırılır (İnterfaks.ru).
BMT Baş katibi Pan Gi Muna ünvanlanmış məktubda deyilir: «Təəssüf hissi ilə Sizə xəbər veririk ki, fevralın 27-də atəşkəsin qüvvəyə minməsinə baxmayaraq Rusiyanın, İranın, Suriya rejiminin (Əsəd rejimi - red.), xarici silahlı qruplaşmaların və onların müttəfiqi olan muzdluların Suriya xalqına qarşı düşmən fəaliyyəti, dayanmayıb». Məktubu DAK rəhbəri Riyad Hicab imzalayıb.
Məktubda təsdiq olunur ki, bazar günü (fevralın 28-i) Rusiya HKQ atəşkəsə razılıq vermiş müxalifətin nəzarəti altında olan rayonlara 26 hava zərbəsi endirib. Bildirilir ki, bu zərbələr daha çox dinc əhalinin qətlinə və yaralanmasına səbəb olub.
Əlavə olunur ki, bundan başqa artilleriya zərbəsi və yerüstü əməliyyatlarla, atəşkəs rejimi daha 24 dəfə pozulub.
AzPolitika.info


Şərhlər